AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Günel Mövlud: “Ümid edirəm, atam bizə etdiklərinə görə cəhənnəmdə cayır-cayır yanır” – Müsahibə

  • + A
  • - A
  • 10-04-2021, 20:51


    Kulis.az Norveçdə yaşayan şair-yazıçı Günel Mövludla müsahibəni təqdim edir.

    - Günel xanım, necəsiniz?

    - Sağ olun, yaxşı olmağa çalışıram.

    - Söhbətə Norveç Mərkəzi Kitabxanasının sizin minə yaxın kitabınızı almasından başlayaq. Bu, bir azərbaycanlı yazıçı üçün nə deməkdir?

    - Təkcə azərbaycanlı deyil, elə norveçli yazar üçün də böyük uğurdur, çünki bu satınalmanı həyata keçirən Kültürod deyilən dövlət qurumu heç də hər kitabı Mərkəzi Kitabxana üçün almır.

    - Proses necə gedir?

    - Hər bir nəşriyyat il ərzində buraxdığı bir neçə kitabı Kültüroda təqdim edir və cavab gözləyir. Kültürod isə kitabın məzmununu, müəllifin özkeçmişini, oxucu marağını nəzərə alaraq, kitabı satın alıb-almayacağına qərar verir. Norveçdə təxminən minə yaxın kitabxana olduğundan, kitablardan buna yaxın sayda nüsxə satın alınır və ölkədəki bütün kitabxanalara paylanır.

    - Sosial şəbəkələrdəki paylaşımlarınızdan bilindi ki, sizin üçün bir az gözlənilməz olub.

    - Açığı, naşir mənə Kültüroddan cavab gözlədiyini deyəndə, ümidim-filan yox idi, çünki növbədə yüzlərlər norveçli yazar vardı. Həyat yoldaşım da skeptik baxırdı məsələyə. Deyirdi, Norveçə dəxli olmayan bir süjet, hadisələrlə dolu olan kitab niyə maraqlı olsun ki, onlara? Amma maraqlı imiş. Sevincimi gizlədə bilmədim, çünki xaricdə çap olunan azərbaycanlı müəlliflərdən fərqli olaraq, arxamda dövlətin dəstəyi, təbliği-filanı yox idi. Təkbaşına başlamışdım və bacarmışdım.

    - Gəlin ümumilikdə bir az “Dünyaya çıxmaq”dan danışaq. Səncə, bunun üçün nə etməliyik? Azərbaycanda mütərəqqi ədəbi mühitin yaradılması, kitabların fərdi qaydada tərcümə olunub təqdim edilməsi, yoxsa müəllifin özünün dünyaya açılması və hansısa ölkəyə getməsi?

    - Burda bir deyil, bir neçə vacib məqam var. Baxır, sən yazar kimi hansı ölkə, hansı topluma çıxmaq istəyirsən. Təbii, ümumi şərtlər də var, amma özəlliklər daha çoxdur. Qəribə səslənsə də, azərbaycanlı yazar üçün Avropaya, Qərbə çıxmaq, rusdilli areala çıxmaqdan asandır. Rusdilli arealda azərbaycanlı yazara bəri başdan önyarğı var. Bir çox nəşriyyatlar, festivallar “azərbaycanlı yazıçı” sözünü eşidəndə, az qalır desin ki, hahaha, Azərbaycanda yazıçı da olur?! Bunun səbəbi indiyə qədər bizim yazarların rusdilli ədəbi çevrələrə girə bilməməsi, öz əsərlərini ruscaya çevirməməsi, ümumiyyətlə, bu dilə son otuz ildə aşılanan nifrətdir. İkincisi, rusdilli arealda rəqabət böyükdür, Rusiyada biz bir Bıkov, bir Tolstaya, bir Pelevin, bir Sorokin tanıyırıqsa, onlar ancaq bəxti gətirənlər, trendə düşə bilənlərdir. Bu yaxınlarda çox sevdiyim rus aktyoru Nikolay Karaçentsovun həyat yoldaşı ilə birlikdə yazdığı memuarı oxudum. Ələdüşməz əsərdir. İçində fanatı olduğumuz rejissorlar, aktyorlar, musiqiçilər barədə heyrətamiz faktlar, xatirələr var. Karaçentsov sənətkar şöhrəti haqda yazır ki, əlbəttə, istedad da vacibdir, səhnəyə yaraşmaq da, daxili sənət alovu da. Amma sənətdə ən birincisi, ən vacibi bəxtin gətirməyidir, “xoşbəxt ulduz altında doğulmaq”dır.

    - Səncə də elədir?

    - Bəli. İstedad da, sənət alovu da, zəhmət də - hamısı bəxtdən sonra gəlir. Dediyim odur ki, Rusiyada minlərlə, on minlərlə bəxti gətirməyən bıkovlar, pelevinlər, tolstayalar, sorokinlər var. Və onların hamısı vəhşi bir rəqabətdədir. Bu rəqabət içində adamı didərlər.

    May be an image of Gunel Movlud Imanova

    - Həm də Qafqaz Qərb üçün daha maraqlıdır.

    - Qafqaz, bu regionun mentaliteti, ab-havası azdan-çoxdan rusdilli arealda bilinir. Bir azərbaycanlı yazarın yazdıqlarının onlara maraqlı olması çətindir. Avropada, Qərbdə bu regionun özəllikləri elə də bilinmir, buraları ömründə görməyənlər, xəritədə yerini bilməyənlər var. Bir az yaxşı mətn yaza bilsən, hardan, kimdən, necə yazmağı bilsən, diqqət çəkmək mümkündür. Daha vacib məqam isə bizim yazarların tamamilə “yetim” olmasıdır. İki il əvvəl Frankfurt Kitab Fuarına getmişdim, Norveç yazarlarından ibarət heyətin tərkibində. Azərbaycanın kitab stendini, orda Azərbaycan ədəbiyyatını təmsil edən qalstuklu, qarınlı, bığlı məmur tipli kişiləri görəndə utandım.

    - Gürcülər necə idi?

    - İki addım o tərəfdə gənc gürcü yazarlarla görüş keçirilir, şərablar açır, imza verirdilər. Kitab sektorunda işləyən gənc qadınlar əyinlərində əlvan, zövqlü paltarlarla, gözəl ingiliscələri ilə gələnlərlə söhbətləşir, öz yazarlarını təqdim edirdilər. Bizim “qalstuklu kişi heyəti” isə əllərini qarınlarının üstündə cütləyib, bir-biri ilə nəsə danışırdılar. O gün hiss elədim ki, yazar həmrəyliyim ideoloji kimliyimdən daha üstündür. Çox pis oldum. Bəllidir ki, yuxarı dairələrin sevmədiyi yazarları aparmağa çəkinərlər. Bəs heç kimlə konflikti olmayan onlarla istedadlı, peşəkar yazarımız? Mirmehdi Ağaoğlu, Şərif Ağayar, Səlim Babullaoğlu, İlqar Fəhmi, Aysel Əlizadə, Afaq Məsud... Bu adamların bəziləri ilə mən heç kəlmə kəsmirəm, özləri ilə də çox pis münasibətlərim var. Amma bu adamlar ləyaqətlə Azərbaycan ədəbiyyatını təmsil edə bilərlər axı. Demirəm, o dəqiqə dünyanı hayıl-mayıl edəcəklər. Bu, elə də asan deyil. Amma cavan, istedadlı, gözəl adamlardır, danışıq qabiliyyətləri, yazar bioqrafiyaları var, heç olmasa göstərək ki, yazıçılarımız var. Niyə bu insanlar dünya ədəbi prosesinin mərkəzi, ən vacib həftəsi hesab edilən Frankfurt kitab fuarına aparılmır? Nədir Anarın, Mədəniyyət Nazirliyinin, ədəbiyyatdakı məmurların öz yazıçılarımızla düşmənçiliyi? Dövlət o fuara pul ayırıb axı, niyə öz qohumlarınızla basıb-yeyirsiniz yazarların haqqını?

    - Yaşadığınız ölkənin ədəbi mühitinə inteqrasiya necə, çoxmu çətindir?

    - Bir dəfə tərcüməçim Hege Susanne Berganla Vestfold Ədəbiyyat Festivalında idik. Axşam çıxdıq şəhərə, girdik bir kafeyə, dedik, şərab içək. Oturduq, bizdən bir masa o yanda on iki-on üç nəfər cavan oğlan uzun bir masa ətrafında şərab içib, söhbət edirdilər. Hege Susanne dedi ki, çoxunu üzdən tanıyıram, bizim cavan şairlərdir, onlar da bizim kimi festivala gəliblər. Hege Susanne özü də məşhur şairədir, odur ki, ondan bu şairlərlə şəxsən tanış olub-olmadığını soruşdum. Dedi, yəqin üzdən tanıyırlar, ya da tanımırlar, bilmirəm. Dedim, nə maraqlı, bizdə adətən bütün yazarlar nəinki bir-birini tanıyır, tanımasa da, adətən bir-birini görəndə, tanışlıq verir, bir masa arxasına keçir, birlikdə içirlər. Bir az söhbət etdik, məlum oldu ki, Norveçdə bizim bildiyimiz mənada yazar “tusovk”aları yoxdur. Bizdə iki yazıçı axşam saat 6-da bir masa bir kafeyə girir, gecə saat 1-də o kafedən 20 yazar çıxır. Norveçdə belə söhbət yoxdur, hamının işi-gücü var, hamı arada məsafə saxlayır, yazardır, həmkardır deyə, yaxın olaq, məclislər təşkil edək söhbəti yoxdur. Hə, bəlkə ümumi eventlər, festivallar olar, adama bir-iki qədəh şərab içib, dağılışalar. Amma “ədəbi kruq” yoxdur. Mən Marta Brin, Erika Fatland kimi yazarlarla şəxsən tanışam, ünsiyyətim var, Norveçin gəlmə yazarları ilə də əlaqəm, ünsiyyətim var, bir neçə dəfə mükafat almışam, onlarla festivalda iştirak edib şeirlər oxumuşam, bir çox jurnalistlər məni şəxsən tanıyır, nəsə olanda zəng edib, müsahibə alır, münasibət öyrənirlər. Bu qədər! “Tusovka”m yoxdu. Bax, çətin olan budur. Çünki “tusovka” özü yoxdu.

    - Amma Şərq mövzularının, şərqlilərin müasir Qərb üçün maraqlı olduğunu da bilirik. Müharibə görmüş, qaçqınlıq yaşamış bir qadın yazar Qərb oxucusu və yazıçısı üçlün kimdir?

    - Bioqrafiyam norveçli oxuculara, auditoriyaya maraqlı gəlir. Qarabağ müharibəsi, qaçqınlıq, Qafqaz onlara maraqlıdır. Amma indiyə qədər ən böyük marağı Şərqdə qadınlara olan münasibətə görmüşəm. Bir dəfə Fredrikstadda beş yüz nəfərlik zalda ən qabaq sırada oturmuş yaşlı bir qadın sual verdi ki, doğrudurmu, o regionda qadın 30-40 yaşına qədər ərə getməsə belə, bakirə qalmalıdır? Dedim, hətta 50-60 yaşına qədər ərə getməsə də bakirə qalmalıdır. Qadın elə bir ah çəkdi, elə pis oldu ki, dedi, üzr istəyirəm, bu, vəhşilikdir! Qadınlar belə bir şeyə necə razı olur, niyə dözür”. Norveç daha çox qadınların idarə etdiyi bir ölkədir. Qadınlar, uşaqlar qayğıkeş, bərabərlikçi norveç qadın məmurlarının himayəsindədir. Qadın mövzusu, problemi, arzuları – hər şey diqqət çəkir, müzakirə olunur. Müharibə görmüş, patriarxal bir ölkədən gəlmiş, ölkəsində bu qədər nifrət nitqinə tuş gələn bir qadın yazar olaraq, daima anlayış, şəfqət və dəstək görürəm.

    No photo description available.

    - Sən olan yerdən Azərbaycan ədəbi mühiti necə görünür? Kimləri oxuyursan? Ümumi qənaətin necədir?

    - Yuxarıda adlarını çəkdiyim və çəkmədiyim yazarların çoxunu oxuyuram. Həm tənqidi baxışla, həm nəbzi tutmaq üçün, həm də dəstəkləmək üçün. Açığı, çox istəyərdim ki, Azərbaycandan bir neçə yazıçı dünyaya çıxa bilsin, oxunsun, mükafatlar alsın. 2020-ci ildə çox sevindim, Seymur Baycanın Polşada, Şərif Ağayarın Fransada, Aysel Əlizadənin Türkiyədə, mənim Norveçdə romanlarımız nəşr edildi, Ülviyyə Heydərovanın pyesi Gürcüstanda festivalda qalib gəldi və səhnələşdirildi, Nicat Məmmədovu Humbolt Universiteti ədəbi mühazirə üçün dəvət elədi. Axır ki, Azərbaycan ədəbiyyatı Biləcəridən o yana çıxmağa başladı və bu başlanğıc mənə çox həyəcan verir. Dünyaya çıxa bilən həmyerlilərimin arasında olmaq mənə daha xoşdur, nəinki tək olmaq. Bu da aydındır, ciddi bir mədəniyyətin, ədəbiyyatın bir parçası olmaq daha qürurludur, nəinki istisna olmaq. Şəhərimizin kitabxanası və başqa bir neçə ərkim keçən kitabxanalar var, onlar ildə bir neçə dəfə kitab satın alırlar. Hər birindən dəfələrlə xahiş etmişəm, siyahı, linklər vermişəm ki, bu azərbaycanlı yazarların kitablarını da sifariş verin.

    - “Düşərgə” çap olunan kimi reaksiya doğurdu. Rus dilinə də çevrildi. Rusca adını niyə dəyişdin?

    - Tale elə gətirdi ki, “Düşərgə” çıxar-çıxmaz İkinci Qarabağ savaşı başladı və sanki elə bu kitabı gözləyirmiş kimi, ölkə qalib gəldi. Bu müddət ərzində kitab ruscaya tərcümə edildi, elə bir vaxta düşdü ki, Qarabağ mövzusu rusdilli areal üçün çox aktual oldu. Mən bir az da menecer kimi düşündüm, arealın marağını nəzərə alaraq adını “Qarabağlı qızcığaz”a dəyişdim. Deyə bilərəm ki, effekt oldu, artıq bir neçə ukraynalı, gürcüstanlı jurnalistin kitabı sifariş edib aldığını, oxuduğunu və status paylaşdığını görmüşəm. Radio Franse İnternationalın rusdilli xidməti kitab barədə uzun bir müsahibə elədi, kitabdan parçalar paylaşdı. Məncə, yaxşı nəticədir, hələ nəzərə almaq lazımdır ki, rusca versiya cəmi ay yarımdır işıq üzü görüb.

    - Yazar-tənqidçi Əli Novruzov Qarabağ konfliktindən bəhs edən “Düşərgə”nin əslində feminist kitab olduğunu yazdı. Haqlıdırmı?

    - Kitabın redaktoru çoxdanın kişi faşisti, qadın düşməni Seymur Baycandır, Seymurun redaktəsi altında feminist roman yazmaq nə mümkün? Zarafat bir yana, məqsəd feminist manifest yazmaq olmayıb, amma gerçəklər yazılanda, qadınların gördükləri məşəqqətlər təsirli bir şəkildə təsvir olunanda ortaya feminist xətti daha güclü olan əsər çıxıb. Novruzov yoldaş deyib ki, Günel feminist manifest yazıb. Elədirsə, lap yaxşı, bununla fəxr edirəm.

    - Kişisi bəlkə daha çox haqsızlığa uğramış və bəlkə daha çox alçalmış düşərgədə qadın haqları nə qədər aktualdır?

    - Sualdan kişi eqosu yağır. Sualdan qadınların heç bir əzabını, yorğunluğunu, işləməkdən əl-ayağının qabar bağlamasını, nəm menstruasiya bezləri işlətməyə məcbur qalmasını, utandığından tualetə gedə bilməməsini təsvirə layiq hesab etməyən patriarx ədası yağır. Hə, əlbəttə, yerin-göyün, bütün bəşəriyyətin dərdi ancaq və ancaq savaşda torpağını uduzmuş kişinin eqosu, mənliyi, qüruru olmalıdır, ədəbiyyat ancaq əlahəzrət kişinin qüruru ətrafında var-gəl etməlidir, Günəş, Ay, bütün planetlər də kişinin dərdi ətrafında fırlanmalıdır. Keçdi o zamanlar. Azərbaycan ədəbiyyatına feminizm öz dinozavr addımları ilə gəlir və hamı bununla barışacaq.

    - Elə isə daha bir patriarxal sual: kitabı oxuyanların bir çoxu Azərbaycan kişilərinin heç də sən yazan qədər əzazil olmadığını qeyd edirlər. Kitabınız bu mənada nə qədər realdır?

    - Kitabda bütün kişilər əzazil deyil. “Düşərgə”də öz arıq, çəlimsiz arvadını pambıq yığmağa qoymayan, özü utana-utana pambıq yığan, mərhəmət hissinə görə balaca çadırın qabağında eşşək saxlayan, özü yemək tapmadığı halda eşşəyini yedizdirən Həsən obrazı var, Hüsran müəllimin ləyaqətini heç bir situasiyada itirməyən, nəzakətli, intellektual oğlu var, nənənin yuxusunu, istirahətini, əsəblərini qorumaqdan ötrü dəridən-qabıqdan çıxan sakit, mömün baba var. Var ki var! Amma mən nə edim ki, düşərgədə kimsəsiz qadınları zorlayan, oğlan uşaqlarının qanını bir torba ərzağa satın alan, arvadlarını pambığa, başağa göndərib, özü kölgədə dincələn, ailənin əzabla pambıq yığıb aldığı pulu fahişələrə xərcləyən kişilər də olub. Olub, yazmışam. Görmüşəm, yazmışam. Azərbaycan kişisi əzazil deyilsə, bəs hər gün mətbuatdakı qadın baltalayan, baş kəsən, döyüb xəstəxanalıq edən kişilər kimdir, yadplanetlidir?

    - Sizin atanızı tanıyanlar onun kifayət qədər mədəni, savadlı, dünyagörüşlü olduğunu deyirlər. Lakin kitabdakı ata qəddardır.

    - Atam barədə nə deyə bilərdimsə, “Düşərgə”də demişəm. Bircə bunu deyim ki, o dünya, cənnət, cəhənnəm varsa, ümid edirəm, cəhənnəmdə cayır-cayır yanır bizə etdiklərinə görə. O ki qaldı, “mədəni, savadlı, dünyagörüşlü” söhbətinə, bizim bəxbəxtliyimiz bundadır ki, atalarımız, ərlərimiz, qardaşlarımız evin içində tirandır, eşşək…dir, oğraşın dal ayağıdır, amma başqalarının, yadların yanında özlərini elə mədəni, elə nəzakətli, qayğıkeş aparılar ki... Ən zırramasından, ən müasirinə qədər, baxırsan, ictimaiyyət arasında normal, mədəni adamdır, di gəl, eşidirsən, evində arvadına, uşağına işgəncə verir. Mən öz həyat yoldaşımı ən mədəni, yumşaq insanlardan hesab edirəm, amma o belə biz aeroportda “iksrey”dən keçəndə, məni tələsdirir ki, tez ol, camaat bizi gözləyir. Mən qucağımda uşaq, bir əlimdə yük, tez olmalıyam ki, yad adamlar gözləməsin. Halbuki, birinci mənə necə əziyyətli olduğunu düşünüb, kömək etməlidir. Amma yox, yad adamların komfortunu düşünür. Cəmiyyətimizin kişi tərbiyəsi sistemində, kişilərin qadına baxışında dərin, dəhşətli problem var, bu, sadəcə dəhşətdir.

    May be an image of 1 person

    - Stendal, Markes kimi ciddi yazıçıları tərcümə edən Günel Mövludu bəzən sosial şəbəkələrdə çox “maqazin” ampluada görürük... Bu nədir? Gündəmdə qalmaq istəyi?

    - Əlbəttə, qadın qəzəblidirsə “bunu bir soyudan yoxdur daa”, qadın əsəbidirsə “yəqin aybaşı vaxtıdır, fikir vermə” deyib, qadının qəzəbini, əsəbini ciddiyə almamaq lazımdır. Əlbəttə, qadın problemləri, qadınların seksual həyatı ilə bağlı məsələlər də ancaq və ancaq “maqazin” effekti naminə yazılmış ola bilər, eləmi? Yoxsa, belə şey doğrudan da, kimi, niyə narahat etsin axı? Nəyə lazımdır? Ancaq gündəmdə qalmaq üçün.

    - Oxucuları əsəbiləşdirmək əyləncəlidir?

    - Vallah, billah, mən ümumiyyətlə heç kimi əsəbiləşdirməyi xoşlamıram. İctimai söhbətləri çıxsaq, ipək kələfi kimi yumşaq, mehriban, üzüyola insanam.

    - Bakıdan ötrü darıxırsınız?

    - Darıxdığım bütün yerlər məhv edilib, yandırılıb, sökülüb. Doğma kəndimdəki evimiz, düşərgədəki çadırımız... Bakı üçün darıxmıram, Bakıda qalan tək-tük dostlarımdan ötrü darıxıram. Biləsuvarda, anamın evi, həyəti, gülləri, reyhan kolları üçün darıxıram.

    - Doğulduğunuz rayon və kənd işğaldan azad edildi. Hansı hissləri keçirdiniz?

    - Dəhşətli hiss idi. Babamın, əmimin və bizim evimizin qalıqlarını gördüm. Hər daşı, hər küncü, hər şeyi tanıdım.

    - Dostlarınız deyir, siz kifayət qədər milli qadınsınız. Qərb həyatı bu xasiyyətinizi dəyişməyib?

    - Yox. Qətiyyən. Mən Qərbin dəyərlərinə, insanlar arasında nizamlanmış sivil münasibətlərə açığam, həyat, məişət, mətbəx vərdişlərinə yox. Çoxlu qonaq qəbul edirəm, başımın dəstəsini düzəltmişəm, tez-tez evimdə türk dünyasını toplayıb, mini-Turan qururam.

    - Axırıncı dəfə hansı Azərbaycan xörəyini və nə zaman bişirmisən?

    - O gün ürəyimə düşdü, səhər yeməyinə fəsəli elədim. Oğlumla yoldaşım daha çox Avropasayağı qidalanırlar, qızımla mən mətbəx məsələsində çox milliyik. Ana-bala dolma, dovğa, küftəyə daraşırıq arada. Burda Türkiyədən, Özbəkistandan, İrandan xeyli ailəvi dostlarımız var, amma nə qədər adam gəlir-gəlsin, ya biz hara qonaq gedirik-gedək, kababı özüm çəkməliyəm. Yanının manqal salatını, məzələrini özüm edirəm. Anam tərəkəmə qızıdır, əlinin möhtəşəm, qədim bir dadı var. Yavaş-yavaş unudulmağa başlayan elat yeməklərinin hamısını ondan öyrənmişəm. Norveç fermerlər ölkəsidir. Ona görə, ətlə, südlə bağlı problem olmur. Evdə süd bişirib, üz yığıb, qatıq çalıb, pendir də kəsirəm. Bu işlər məni yazmaqdan, oxumaqdan, tədbirlərdə danışmaqdan, uşaqların səsindən dincəldir, ruhən rahatlıq tapıram.

    - Analıq, sosial aktivlik, yazıçılıq... Zaman lazım... Tapa bilirsiniz?

    - Tapmayıb neyləyəcəm? Hamısı lazımdır, hamısı ilə bağlı məsuliyyətim var.

    - Təzə nə yazırsınız? Nə planlarınız var?

    - Hazırda “Yüz ilin ayrılığı” adlı irihəcmli roman yazıram. Roman yarısı Araz çayının İran, yarısı Azərbaycan tərəfində qalmış bir ailənin beş nəslindən bəhs edir. Yüz il ərzində bu ailə birləşməyə çalışır və bir-birindən vaz keçmir, unutmur, yadırğamır. Roman Sovetlərin ilk illərində Qarabağdan İranın Qum şəhərinə qaçmış Şeyx Qasım Qafqazinin ailəsinin gerçək hekayəti üzərində qurulsa da, yazar təxəyyülü də çoxdur. Romanın qəhrəmanları olan bu beş nəsil Oktyabr İnqilabı, ADR-in qurulması və süqutu, İran-İraq müharibəsi, Sovetlərin dağılması, Birinci və İkinci Qarabağ müharibəsi – hamısının öz dərisində yaşayır və regiondakı bu böyük siyasi çaxnaşmalar bu ailənin birləşməsinə mane olur.

    - Müsahibə üçün sağ olun.

    - Siz də sağ olun.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR