AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Necəsən? – Qəlbin Susqun Cavabı” - Ülkər Piriyeva

  • + A
  • - A
  • Bu gün, 21:11

    “Necəsən? – Qəlbin Susqun Cavabı” - Ülkər Piriyeva

    Bakı, 18 avqust — Azadmedia.az

    “Necəsən?” sualının sehri…

    Bəzən həyatın ən böyük sualları çox sadə görünür. “Necəsən?” — cümlə olaraq qısa, amma içində bir ömürlük duyğunu gizlədə biləcək qədər dərin. İnsan bu sualı eşidəndə bəzən bir gülümsəmə, bəzən də gizli bir ah ilə cavab verir. Çünki “Necəsən?” təkcə hal-əhval tutmaq deyil, bir insanın ürəyinə toxunan, onun varlığını xatırladan, tək olmadığını hiss etdirən ən sadə körpüdür.
    Əslində, “Necəsən?” sualı çox zaman cavabdan daha güclüdür. Hər kəs “yaxşıyam” deyir, amma heç kim həqiqi yaxşılığını sözə sığışdıra bilmir. Çünki yaxşı olmaq bəzən sadəcə bir maskadır — içində fırtına qopsa da, üzündə sakitlik görünür. Amma bu sualı səmimiyyətlə verən bir göz, bir səs, bir nəfəs varsa, onda “Necəsən?” cavaba ehtiyacı olmayan bir sual olur. Sadəcə ürəklərin danışması üçün bir başlanğıc.
    Bəzən isə “Necəsən?” deyə soruşan olmadıqda insan öz-özünə bu sualı verir. Güzgünün qarşısında, gecənin səssizliyində, ya da yağışın damcıları altında. O zaman cavab daha səmimi olur, daha çılpaq, daha ağrılı. Çünki özünə yalan danışmaq olmur.
    Necəsən?” — bir həsrətin də adı ola bilər. Günlərlə, aylarla uzaqda qalan birinin səsini eşidəndə ilk deyilən bu söz olur. O sualın içində “səni düşündüm”, “sənin üçün darıxdım”, “varlığın mənim üçün önəmlidir” demək yatır. Bəzən heç bir etiraf etmədən ən böyük etirafı gizləyir.
    Hər “Necəsən?” sualı bir qəlbin digərinə uzatdığı əldir. Kimisi bu əli sıxır, kimisi isə havada buraxır. Amma sual həmişə eyni gücü daşıyır — insanı insana yaxınlaşdırmaq.
    Ona görə də bəzən bizə verilən “Necəsən?” sualına sadəcə “yaxşıyam” demək kifayət etmir. Hərdən ürəyimizdən keçəni də pıçıldamaq lazımdır:
    — Yaxşı deyiləm, amma sənin bu sualı verməyin məni yaxşı edir.
    Əslində, “Necəsən?” sualı ilə insanı xilas etmək də mümkündür. Çünki bəzən bir ürək sadəcə eşidilmək istəyir. Sadəcə “varsan” deyilsin deyə. Amma heç kimin yadına düşmədikcə, insan özlüyündə cavab axtarır: Necəyəm? Doğrudan da varammı, yoxsa sadəcə nəfəs alıram?..
    Bir sual kimi gəlir dodaqlara,
    Amma yükü dağlardan ağır olur.
    Gülüşlə cavab verər insan bəzən,
    Halbuki içində qasırğa dolur.

    Həyatın ən ağır anlarında “Necəsən?” sualına verilən cavab susqunluq olur. Çünki kədərin böyüklüyünü sözlər daşıya bilmir. Sözlər qırılır, amma gözlər cavabı pıçıldayır — “yaxşı deyiləm, amma heç kim bilməsin.”

    Bəzən, bir insanın necə olduğu cavabda deyil, onun susqunluğunda gizlənir..
    (Ancaq hər nə olursa, olsun sadəcə sınıq körpü olsun deyə, “altıboş” verilən “necəsən” sualı da, diqqətsizlikdən başqa bir şey deyil..)

    Sevgi və dua ilə..

    Ülkər Piriyeva
    (Azərbaycan Yazıçılar Birliyinin üzvü)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR