AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliməmməd Nuriyev: "Vardanyanın AİHM-ə müraciətinin əsas məqsədi hüquqi müdafiədən çox siyasi gündəm yaratmaqdır"

  • + A
  • - A
  • Bu gün, 19:09

    Əliməmməd Nuriyev: "Vardanyanın AİHM-ə müraciətinin əsas məqsədi hüquqi müdafiədən çox siyasi gündəm yaratmaqdır"


    Ruben Vardanyanın vəkilinin Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etməsi Azərbaycanda geniş müzakirələrə səbəb olub. Müraciətin hüquqi perspektivləri, mümkün siyasi məqsədləri və AİHM-in verə biləcəyi qərarın təsirləri ilə bağlı suallar aktuallığını qoruyur. Mövzu ilə bağlı hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Azadmedia.az-la fikirlərini bölüşüb:

    – Ruben Vardanyanın vəkilinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməsini necə qiymətləndirirsiniz? Bu addımla nəyə nail olmaq istəyirlər?

    – Mən hesab edirəm ki, bu müraciətin əsas məqsədi hüquqi müdafiə deyil. Hüquqi müdafiə hər bir şəxsin fundamental hüququdur və buna heç kim etiraz etmir. Ancaq bu işdə söhbət yalnız hüquqdan getmir.
    Əsas məqsəd Ruben Vardanyan məsələsini yenidən beynəlxalq siyasi gündəmə çıxarmaq, onun ətrafında yeni siyasi və informasiya kampaniyası formalaşdırmaqdır. Son illərin təcrübəsi göstərir ki, bəzi hallarda beynəlxalq hüquqi mexanizmlər hüquqi müdafiə vasitəsindən daha çox siyasi mübarizənin alətinə çevrilir. Mən bu müraciəti də məhz həmin kontekstdə qiymətləndirirəm.
    Burada çox vacib bir məqam da var. Ruben Vardanyan barəsində Azərbaycan məhkəməsi tərəfindən ittiham hökmü çıxarılıb və o, təqsirli bilinərək məhkum edilib. Hüquqi dövlətin əsas prinsiplərindən biri qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasıdır.
    Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və bəşəriyyət əleyhinə cinayətlər, müharibə cinayətləri, şəxsiyyət əleyhinə xüsusilə ağır cinayətlər, terrorçuluq, ictimai təhlükəsizlik, dövlət hakimiyyəti və konstitusiya quruluşu əleyhinə cinayətlər, eləcə də iqtisadi fəaliyyət və dövlət sərhədinin mühafizəsi sahəsində cinayət məsuliyyəti nəzərdə tutan maddələri ilə təqsirli bilinərək məhkum edilib.
    Bu cinayətlərin xarakteri göstərir ki, məsələyə yalnız prosessual mübahisələr prizmasından yanaşmaq düzgün olmaz. Burada söhbət dövlətin suverenliyinə, ərazi bütövlüyünə, milli təhlükəsizliyinə, habelə beynəlxalq humanitar hüququn qoruduğu dəyərlərə qarşı yönəlmiş xüsusilə ağır əməllərdən gedir.

    – Azərbaycanın Avropa Şurası ilə münasibətlərinin gərgin olduğu indiki şəraitdə AİHM-in mümkün qərarı nəyisə dəyişə bilərmi?

    – Məncə, burada əsas məsələ təkcə Ruben Vardanyan işi deyil. Əsas məsələ beynəlxalq ədalət mühakiməsinə olan etimaddır.
    Son illər Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi qərarlarının hüquqi arqumentlərdən daha çox siyasi yanaşmaların təsiri altında qəbul edildiyi barədə ciddi narahatlıqlar yaranıb. Bu mövqe artıq təkcə ekspertlərin deyil, dövlət qurumlarının da açıqlamalarında əksini tapır. Azərbaycan Xarici İşlər Nazirliyi də bəzi qərarlarla bağlı bəyanatlarında onların qərəzli, selektiv və beynəlxalq hüququn prinsiplərinə uyğun olmadığını bildirib.
    Beynəlxalq məhkəmənin ən böyük kapitalı onun adı deyil, qərəzsizliyinə olan inamdır. Əgər bu inam zəifləyirsə, qərarlar da hüquqi sənəddən daha çox siyasi mübahisələrin predmetinə çevrilir. Hesab edirəm ki, Ruben Vardanyan işi üzrə gələcəkdə qəbul ediləcək istənilən qərar da Azərbaycanda ilk növbədə bu prizmadan qiymətləndiriləcək.

    – Bu prosesin Azərbaycan cəmiyyətində hansı hüquqi və siyasi müzakirələrə təsir göstərə biləcəyini düşünürsünüz?

    – Bunun başqa bir tərəfi də var. Belə qərarlar cəmiyyət daxilində cəza siyasəti ilə bağlı müzakirələri daha da gücləndirir. Terrorçuluq, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və separatçılıq kimi xüsusilə ağır əməllərə görə daha sərt cəzaların, o cümlədən ölüm cəzasının bərpası ilə bağlı fikirlər ictimai müzakirələrdə daha çox səslənməyə başlayıb.
    Bu müzakirələr zamanı tez-tez İsraildə Adolf Eyxmanın mühakiməsi nümunəsinə istinad edilir. Eyxman Holokostun əsas təşkilatçılarından biri kimi xüsusi qanun əsasında mühakimə olunmuş və barəsində çıxarılan ölüm hökmü icra edilmişdi. Bu nümunəyə istinad edənlər hesab edirlər ki, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və terrorçuluq kimi əməllər adi cinayət-hüquq münasibətlərindən fərqlənir və dövlətlər belə hallarda xüsusi hüquqi mexanizmlər tətbiq edə bilirlər.
    Bu, əlbəttə, ayrıca hüquqi və siyasi müzakirə mövzusudur.
    Hüququn ən böyük gücü onun hamıya eyni hüquqi meyarla tətbiq edilməsidir. Bu prinsip pozulduğu anda hüquq zəifləyir, siyasət isə onun yerini tutmağa başlayır.

    Hazırladı: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR