AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Özbəkistan münasibətləri strateji müttəfiqlik mərhələsinə qədəm qoyur

  • + A
  • - A
  • Bu gün, 17:04

    Azərbaycan-Özbəkistan münasibətləri strateji müttəfiqlik mərhələsinə qədəm qoyur


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı



    Azərbaycan və Özbəkistanı birləşdirən əsas amil ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, qarşılıqlı siyasi etimaddır. Son illərdə bu amillər dövlətlərarası münasibətlərin sürətlə dərinləşməsinə ciddi zəmin yaradıb. Prezident İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış şəxsi dostluq və qarşılıqlı etimad da bu prosesdə mühüm rol oynayır. Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi münasibətlərin təsadüfi deyil, uzunmüddətli və düşünülmüş strategiya əsasında inkişaf etdiyini göstərir.

    Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin hansı mərhələyə çatdığını və bu münasibətlərin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini aydın şəkildə ortaya qoyur. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Bakı ilə Daşkənd arasında əlaqələr artıq yalnız ikitərəfli siyasi münasibətlər çərçivəsində deyil, daha geniş regional və geosiyasi kontekstdə strateji əhəmiyyət kəsb edir.

    Azərbaycan və Özbəkistan arasında imzalanan Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkənin münasibətlərinin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə bu əməkdaşlığın institusional mexanizminə çevrilib. Belə mexanizmlərin mövcudluğu siyasi iradənin konkret layihələrə, iqtisadi təşəbbüslərə və uzunmüddətli əməkdaşlıq proqramlarına çevrilməsinə imkan verir.

    Münasibətlərin dinamik inkişafını iqtisadi göstəricilər də təsdiqləyir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması iki ölkənin iqtisadi potensialının hələ tam istifadə olunmadığını göstərir. 2026-cı ilin ilk aylarında da artımın davam etməsi qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün ciddi imkanların olduğunu nümayiş etdirir. 500 milyon dollar kapital ilə yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti isə bu potensialın reallaşdırılması baxımından mühüm alətə çevrilib.

    Əməkdaşlığın maraqlı tərəflərindən biri ondan ibarətdir ki, artıq söhbət yalnız ticarətdən deyil, birgə istehsal və investisiya layihələrindən gedir. Füzulidə salınan “Dostluq bağı”, “Chevrolet” və “Isuzu” avtomobillərinin istehsalı, enerji və neft-kimya sahəsində yaradılan birgə müəssisələr iki ölkənin iqtisadi əlaqələrinin praktiki nəticələridir. Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyət göstərməsi də qarşılıqlı iqtisadi marağın real göstəricisidir.

    Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələr də bu əməkdaşlığın ikitərəfli xarakter daşıdığını göstərir. “PASHA Holding”in Daşkənddəki layihələri və “Sea Breeze Uzbekistan” kompleksi Azərbaycanın özəl sektorunun Mərkəzi Asiya bazarına artan marağının göstəricisidir. Bu proses gələcəkdə birgə sənaye müəssisələrinin, turizm layihələrinin, kənd təsərrüfatı və logistika mərkəzlərinin sayının artmasına şərait yarada bilər.

    Azərbaycan-Özbəkistan əməkdaşlığının ən perspektivli istiqamətlərindən biri isə nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi iki ölkəni Şərqlə Qərb arasında formalaşan yeni nəqliyyat arxitekturasının təbii tərəfdaşlarına çevirir. Orta Dəhlizin inkişafı, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin regional nəqliyyat sistemlərinə inteqrasiyası və Azərbaycanın tranzit imkanları Bakı ilə Daşkənd arasında əməkdaşlığın yalnız ikitərəfli deyil, regional əhəmiyyətini də artırır.

    Bu əməkdaşlıq perspektivini daha geniş kontekstdə qiymətləndirmək lazımdır. Mərkəzi Asiyanın dünya iqtisadiyyatında çəkisinin artması, Avropa ilə Asiya arasında alternativ ticarət yollarına ehtiyacın yüksəlməsi Azərbaycanı regionla Avropa arasında mühüm bağlantı nöqtəsinə çevirir. Özbəkistan isə Mərkəzi Asiyanın ən mühüm iqtisadi və demoqrafik mərkəzlərindən biri kimi bu prosesdə xüsusi yer tutur. Bu səbəbdən Bakı-Daşkənd əməkdaşlığı gələcəkdə yalnız iki ölkənin deyil, daha geniş coğrafiyanın iqtisadi xəritəsinə təsir edə bilər.

    Enerji sahəsində əməkdaşlıq da yeni mərhələyə daxil olur. Ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, yaşıl enerji istiqamətinin ön plana çıxması münasibətlərin gələcəyə hesablandığını göstərir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın yaratdığı “Yaşıl Dəhliz Birliyi” bərpaolunan enerji resurslarının regional və daha sonra Avropa bazarlarına çıxarılması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın enerji infrastrukturunun və Xəzər üzərindən bağlantı imkanlarının bu prosesdə mühüm rol oynaması ölkəmizin regional enerji xəritəsindəki mövqeyini daha da gücləndirə bilər.

    Azərbaycan-Özbəkistan münasibətlərinin fərqləndirici cəhətlərindən biri də iqtisadi və siyasi əməkdaşlığın humanitar əlaqələrlə paralel inkişaf etməsidir. Mədəniyyət günləri, media və QHT forumları, təhsil proqramları, tələbə mübadiləsi və şəhərlər arasında qardaşlaşma münasibətləri xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi isə Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyin simvolik və praktiki ifadəsidir.

    Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız dövlət başçıları səviyyəsində qurulan əlaqələr olmadığını xüsusilə qeyd etmək lazımdır. Münasibətlərin davamlılığını təmin edən əsas amillərdən biri də xalqlar arasında mövcud olan təbii yaxınlıqdır. Bakı ilə Daşkənd arasında qurulan qardaşlıq şəhərləri şəbəkəsi, mədəni tədbirlər və təhsil əlaqələri bu münasibətləri cəmiyyətlərin müxtəlif təbəqələrinə daşıyır.

    Azərbaycan və Özbəkistanın əməkdaşlığı Türk dünyasının inteqrasiyası baxımından da xüsusi əhəmiyyət daşıyır. Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkənin mövqelərinin yaxınlığı siyasi, iqtisadi, nəqliyyat, təhsil və mədəniyyət sahələrində ümumtürk əməkdaşlığının dərinləşməsinə imkan verir. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul edilməsi də ortaq tarixi və mədəni irsin qorunması istiqamətində mühüm addımdır.

    Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirak etməsi isə bu mənzərəni daha da tamamlayır. Əvvəllər “C5” formatında olan regional əməkdaşlığın Azərbaycanın iştirakı ilə “C6” formatına çevrilməsi ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin artıq yeni siyasi və strateji məzmun qazandığını göstərir. Bu, Azərbaycanın özünü yalnız Cənubi Qafqaz dövləti kimi deyil, Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin inkişafında fəal tərəfdaş kimi təqdim etdiyini göstərən mühüm geosiyasi göstəricidir.

    Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Özbəkistan münasibətləri gələcək illərdə daha da genişlənəcək. Qarşılıqlı investisiyalar, nəqliyyat dəhlizləri, enerji layihələri, sənaye kooperasiyası, turizm, təhsil və humanitar əlaqələr bu münasibətlərin əsas inkişaf istiqamətlərini təşkil edəcək. Eyni zamanda iki ölkənin Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya platformalarında fəal iştirakı onların ikitərəfli münasibətlərini regional əməkdaşlıq gündəliyi ilə daha sıx əlaqələndirəcək.

    Prezident İlham Əliyevin müsahibəsindən də görünür ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq sadəcə dostluq və qardaşlıq ifadələri ilə məhdudlaşmır. Bu münasibətlər konkret müqavilələr, investisiyalar, istehsal müəssisələri, nəqliyyat marşrutları, enerji layihələri, təhsil və mədəniyyət proqramları ilə möhkəmlənən real strateji müttəfiqlik modelinə çevrilib.

    Bu model həm Azərbaycan, həm Özbəkistan, həm də bütövlükdə region üçün yeni imkanlar yaradır. Bakı ilə Daşkənd arasında formalaşan etimad və siyasi həmrəylik qarşıdakı dövrdə Türk dünyasının iqtisadi və siyasi çəkisinin artırılmasına, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsinə və Avrasiya məkanında yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verə bilər. Məhz buna görə Azərbaycan-Özbəkistan münasibətlərini yalnız ikitərəfli əlaqələr kimi deyil, dəyişən regional geosiyasi reallıqlar fonunda daha geniş strateji prosesin mühüm hissəsi kimi qiymətləndirmək lazımdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR