Bakıda 200-ə yaxın iştirakçının qatılacağı beynəlxalq konfrans keçiriləcək

Oktyabrın 15-16-da Bakıda Beynəlxalq İnklüziv Məşğulluq Konfransı baş tutacaq.
Bu barədə “Birgə və Sağlam” İctimai Birliyi məlumat yayıb.
Konfransın əsas diqqət mərkəzində autizmli və digər əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası, onların məşğulluq imkanlarının genişləndirilməsi və inklüziv iş şəraitinin yaradılması dayanacaq.
Tədbir müxtəlif ölkələrdən olan mütəxəssisləri, dövlət qurumlarını, beynəlxalq təşkilatları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək. ABŞ, İrlandiya, Fransa, Türkiyə və digər ölkələrdən tanınmış ekspertlərin iştirakı gözlənilir.
Konfrans çərçivəsində inklüziv məşğulluq sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, dövlət-özəl sektor əməkdaşlığının inkişafı və işəgötürənlərin əlçatan iş mühitinin əhəmiyyəti barədə məlumatlandırılması məsələləri müzakirə olunacaq. Azərbaycan tərəfi də bu istiqamətdə həyata keçirilən təşəbbüsləri və uğurlu təcrübələri təqdim edəcək.
Tədbirə 200-ə yaxın yerli və beynəlxalq iştirakçının qatılması planlaşdırılır.
Konfransın təşkilatçıları Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi və “Birgə və Sağlam” İctimai Birliyidir.
“AzerGold” QSC konfransın baş sponsoru, BP Azərbaycan, AZAL və “Air Arabia” sponsorlarıdır. Tədbir, həmçinin Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, “SOCAR Midstream Gas Operations” və digər tərəfdaşların dəstəyi ilə keçiriləcək.
Konfransın inklüziv məşğulluq sahəsində beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və əlilliyi olan şəxslər üçün bərabər əmək imkanlarının yaradılmasına töhfə verməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.