AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Mehtiyev: “Mediasiya institutu Azərbaycanda özünü doğrultmaqdadır”

  • + A
  • - A
  • 4-12-2023, 21:18

    İlham Mehtiyev: “Mediasiya institutu Azərbaycanda özünü doğrultmaqdadır”

    “Azərbaycanda mediasiyanın inkişafı və bu sahədə islahatların intensiv vüsət alması ilk dəfə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanından irəli gəlir. 2019-cu ilin mart ayında isə “Mediasiya haqqında qanun” qəbul olunub. Həmin qanundan sonra Nazirlər Kabineti “Mediasiya prosesinin aparılması qaydaları” daxil olmaqla bir neçə önəmli qərar qəbul edib. Ölkəmizdə mediasiya prosesinin rəsmi olaraq tətbiqinə isə 1 iyul 2021-ci ildən başlanılıb”. Bu sözləri mediasiyanın üstünlükləri barədə müsahibimiz Bakı 13 saylı Mediasiya Təşkilatının rəhbəri, Mediasiya Şurasının Daxili Audit Komitəsinin sədri, Vəkil İlham Mehtiyev söhbətinin əvvəlində dilə gətirdi.
    Müsahibimiz İlham Mehtiyev Azərbaycanda mediasiyanın vəziyyətinin necə qiymətləndirildiyi barədə ilk sualımızı belə cavablandırdı:
    - Beynəlxalq ekspertlərin qeyd etdiklərinə görə, Azərbaycanda mövcud mediasiyanın qısa müddətdəki uğurları post-sovet ölkələri sırasında birinci və öncül yerdədir. Azərbaycan dövlətinin təşviq edilən mediasiya siyasəti nəticəsində ölkəmizdə mediasiyanın inkişafı, mediasiyaya etimad və mübahisələndirilən məsələlər üzrə əldə edilən barışıq sazişlərinin həcmi hər gün artır və əlbəttə ki, keyfiyyət dinamikasında da çox ciddi irəliləyiş var. Ancaq beynəlxalq ekspertlərin müsbət rəylərini əməyimizə verilən yüksək dəyər hesab edən Mediasiya Şurasının İdarə Heyətinin sədri cənab Nadir Adilovun dediyi kimi, biz bu uğurlara tək başına çatmadıq. Bu sahədə ölkəmizdə mediasiyanın inkişafını şərtləndirən və təşviq yönümlü mediasiya islahatlarının başlanğıcında məhz cənab Prezidentimiz İlham Əliyev tərəfindən imzalanan “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və digər bütün qanunlar, sərəncamlar, fərmanlar mühüm yer tutur. Eyni zamanda, bu sahədə bizə dəstək olan onlarla dövlət xadimlərimiz, dövlət qurumlarımız, media, KİV, hüquqşünaslar, vəkillər, hakimlər, hüquq - mühafizə orqanları, təhsil, tibb sektoru, kommersiya sektoru, bank sektoru, bir sözlə, bütün yanımızda olan dostların da böyük əməyi və zəhməti var.
    - Rəhbərlik etdiyiniz mediasiya təşkilatının 2023-cü ilin arxada qalan dövrü ərzində fəaliyyəti barədə nə deyə bilərsiniz?
    - Bakı 13 saylı Mediasiya Təşkilatında 2023 cü ilin iyul, avqust, sentyabr ayları üzrə rüblük nəticələrə əsasən hər iki tərəfin iştirakı ilə baxılan işlərin ümumi sayı 185 iş olmuşdur. Mediatorlarımız 185 işdən 119 işi barışıq sazişi ilə nəticələndirmişlər ki, bu da öz növbəsində 64% təşkil edir. Bakı 13 saylı Mediasiya Təşkilatı Bakı şəhərində fəaliyyət göstərən təşkilatlar arasında ən yüksək göstəriciiyə imza atmışdır. Təşkilatımızda peşəkar mediatorlar fəaliyyət göstərir, eyni gündə eyni mediator tərəfindən 5 mediasiya işi üzrə 5 barışıq bağlayan mediatorumuz da vardır.
    - Bildiyimiz kimi, noyabr ayı Azərbaycan mediatorları üçün beynəlxalq müstəvidə çox məhsuldar təqvim olub...
    - Doğrudur! 17 noyabr 2023-cü il tarixində Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 70 illiyinə həsr olunmuş “Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Avropa Şurası və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən həmin konfrans bir çox məhkəmə - hüquq sahəsi nümayəndələrini bir araya gətirib. Konfrans zamanı Avropa Şurasının Azərbaycan Respublikasındakı ofisinin rəhbəri Petr Zix ilə yanaşı Aynur Sabitova və Zaur Əliyev də açılış nitqi ilə çıxış ediblər.
    Konfransda Azərbaycan Respublikası Mediasiya Şurasını İdarə Heyətinin sədri Nadir Adilov təmsil edib. Cənab Nadir Adilov iştirakçılara “Keyfiyyətli hüquq xidmətlərinin təmin edilməsində mediasiyanın unikal yeri və rolu” mövzusunda çıxışla məruzə edib. Mediasiya sahəsindəki yeniliklərdən, aparılan islahatlardan və bu islahatların müsbət nəticəsi olaraq görülən işlərdən danışan sədr həmçinin hüquq sahəsi ilə inteqrasiya edərək qurulan əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.
    Yeri gəlmişkən, həmin gün Ədliyyə Akademiyasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən həyata keçirilən “Mediasiya metodologiyası” kitabının təqdimat mərasimi keçirilib. Kitabda Ədliyyə Səmərəliliyi üzrə Avropa Komitəsinin Mediasiyaya dair tövsiyələrin və rəhbər prinsiplərin effektiv şəkildə həyata keçirilməsini təmin etmək məqsədi daşıyan "Mediasiya bacarıqlarının inkişafı üzrə alətlər dəsti" adlı müxtəlif sənədlər toplusu nəşr edilib. Mediasiya Şurası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə də çox sıx və səmərəli əməkdaşlıq edir. Eyni zamanda mediatorlar üçün təlimlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən yüksək səviyyədə həyata keçirilir, həmçinin mediasiya təşkilatları Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınır.
    Bundan başqa, noyabrın 23-də Mediasiya Şurasının nümayəndə heyətinin Türkiyə Cumhuriyyətinə ilk rəsmi səfəri çərçivəsində Türkiyə Cumhuriyyətinin Ədliyyə Nazirliyinin Hüquq məsələlələri üzrə baş direktoru Hakan Öztatar tərəfindən qəbul edilib. Mediasiya Şurasının İdarə Heyətinin sədri cənab Nadir Adilov Ümummili Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə ABAD tərəfindən hazırlanmış xatirə hədiyyəsini Hakan Öztatara təqdim edib. Görüşdə eyni zamanda Türkiyə Arabuluculuk Dairə Başkanı Çağdaş Özər də iştirak edib.
    Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın apardıqları siyasətə uyğun olaraq hər iki ölkə arasında bütün istiqamətlər üzrə, o cümlədən, mediasiya sahəsində səmərəli əməkdaşlıqlar qurulur.
    Hakan Öztatar hər iki ölkənin prezidentləri tərəfindən aparılan işlər nəticəsində əlaqələrin daha da inkişaf etdiyini və bundan sonrası üçün də böyük perspektivlərin olduğunu, hər iki ölkənin mediasiya qurumlarının əməkdaşlıq etməsi sahəsində istənilən dəstək veriləcəyini deyib.
    Mediasiya Şurasının nümayəndə heyəti Türkiyə Cumhuriyyətinə ilk rəsmi səfəri çərçivəsində Ankara şəhərində fəaliyyət göstərən 3 mediasiya təşkilatının fəaliyyəti ilə yaxından və yerində tanış olub.
    Mediasiya proseslərinin aparılması, mediasiya məxfiliyinin qorunması sahəsində mövcud praktika təşkilat rəhbərləri tərəfindən diqqətə çatdırılıb. Azərbaycan nümayəndə heyəti tərəfindən də Azərbaycanda fəaliyyət göstərən mediasiya təşkilatları barədə geniş məlumat verilib. Qərara alınıb ki, bu sahədə də qarşılıqlı və davamlı təcrübə mübadilələri aparılsın.
    Səfərdən qayıtdıqdan sonra Mediasiya Şurasının İdarə Heyətinin sədri cənab Nadir Adilov mətbuata açıqlamasında bildirdi ki, Türkiyə Cumhuriyyətinə səfərlə bağlı 2024-cü ildə mediatorlarımızın 8 və ya 10 nəfərlik kiçik heyətlərlə və növbəli şəkildə Türkiyəyə 4 günlük olmaqla səfərləri 2024 - cü ilin ilk aylarından təşkil olunması planlaşdırılır. Eyni zamanda Türkiyə Universitetləri və mediasiya təlim mərkəzləri ilə birgə mediatorlarımız üçün onlayn formada sertifikat proqramlarının ödənişsiz əsaslarla həyata keçirilməsi də nəzərdə tutulub. Cənab Nadir Adilov qeyd edib ki, həyata keçiriləcək fəaliyyət proqramı çox genişdir və bu proqram tərəflər arasında razılaşdırılmaqla qəbul və icra ediləcək.
    Müsahibəmizin sonunda Bakı 13 saylı Mediasiya Təşkilatının rəhbəri İlham Mehtiyev əminliklə bildirdi ki, məhkəmələrin, hüquqi mübahisələrin nizamlanması ilə məşğul olan dövlət orqanlarının iş yükünün və eyni zamanda tərəflər arasında yarana biləcək gərginliyin azaldılması vasitəsi kimi, mediasiya institutu Azərbaycanda özünü doğrultmaqdadır.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR