İyulun 9-da Azərbaycan Dövlət Kukla Teatrında Əməkdar artist, bəstəkar və ifaçı Elza Seyidcahanın 55 illiyinə həsr olunmuş “Elza və kuklalar” adlı tədbir keçirildi.
Bəstəkar və ifaçı kimi daim öz fərqliliyin nümayiş etdirən E. Seyidcahanın yubiley mərasimi teatrın foyesində bəstəkarın fortepianoda süitalarını ifası ilə başladı.
Bu qısa performansda ona sənət dostları –kamera kvarteti və bacısı Rasimə də dəstək verdilər.
Tədbir videoçarx nümayişi ilə başladı.
Kadrlarda biz uşaqlı böyüklü hər kəsin “Ələkbər əmi” kimi tanıdığı Azərbaycan Dövlət Kukla Teatrının aktyoru və baş rejissor olmuş Ələkbər Hüseynovu görürük. Təsvirlərdən də göründüyü kimi, o, hələ o zamandan E. Seyidcahanın yaradıcılığına, fərqli üslubuna önəm verib və mütəmadi onu öz verilişlərinə dəvət edib.
Yubiley gecəsində təbrik çıxışları da oldu. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Firuzə İbadova, Gülzar Qurbanova, Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva çıxış edərək bəstəkarı təbrik etdilər.
Onun özünəməxsus yaradıcılıq yolundan, musiqi əsərlərindən söz açdılar. İstər mahnı, istərsə də digər musiqi janrlarında ərsəyə gətirdiyi əsərlərin bəstəkarın zəngin yaradıcılıq zövqünün məhsulu olduğunu dedilər.
Tədbir bəstəkarın ən çox sevilən işlərindən biri - az qala bütün teatrsevərlərin və səhnə adalarının himninə çevrilən “Mən aktyoram” adlı kompozisiya ilə davam etdi. Dövlət Pantomima Teatrının aktyoru, Əməkdar artist, sevilən aktyor Bəhruz Vaqifoğlu səhnə insanlarının ruh halının bu əsrarəngiz musiqi əsərində özünə ifadə dili tapan plastik izharını verdi.
Gecədə E. Seyidcahanın bəstəkarı olduğu “Şəngülüm, Məngülüm” tamaşası da nümayiş olundu.
Xatırladaq ki, Mikayıl Müşfiqin “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı kiçik poeması əsasında hazırlanan tamaşa yeni səhnələşdirmədə “Şəngülüm, Məngülüm” kimi 2017-ci ildən teatrın repertuarındadır.
Teatrın baş rejissoru Anar Məmmədovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Ümumilikdə 12 mahnının yer aldığı tamaşanın ifaçısı Dövlət Kukla Teatrının istedadlı aktrisası Ülviyyə Əliyevadır.
Alqışlarla qarşılanan tamaşadan sonra səhnəyə E. Seyidcahan çıxdı. O, “Oyuq” Uşaq Studiyası yetirmələri, Siyəzən rayon 1 saylı orta məktəbin şagirdi Mirhidayət Kazımov, həmçinin nəvəsi Səmərruhla dillər əzbəri olan mahnılarını ifa etdi.
Sonda yubilyara teatrın rəssamları tərəfindən hazırlanmış öz kuklası hədiyyə olundu.
Yubiley gecəsinin təşkili və yaddaqalan hədiyyəyə görə təşəkkür edən E. Seyidcahan bu teatrla əlaqələrinin bundan sonra da davam edəcəyini və uşaqlar üçün musiqilər yazmağın onu çox sevindirdiyini dedi.