AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zərifə xanımın xatirəsi hər zaman qəlblərdə yaşayacaq

  • + A
  • - A
  • 15-04-2025, 10:41

    Zərifə xanımın xatirəsi hər zaman qəlblərdə yaşayacaq

    İbrahim Cəfərov,
    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru


    Bu gün – 15 aprel, görkəmli oftalmoloq alim, tibb elmləri doktoru, professor, akademik Zərifə Əziz qızı Əliyevanın anım günüdür.

    Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan MR-nın Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Onun ömür yolu tibb elminə və insanlara xidmət nümunəsidir.
    1942-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olan Zərifə xanım, 1947-ci ildə institutu fərqlənmə ilə başa vurur. Elə həmin ildən etibarən oftalmologiya sahəsində elmi-pedaqoji fəaliyyətə başlayır.
    1940-cı illərin sonlarında ölkədə geniş yayılan traxoma infeksiyasına qarşı mübarizə onun elmi fəaliyyətinin əsas istiqamətinə çevrilir. Zərifə Əliyevanın təklif etdiyi sintomisinlə müalicə üsulu bütün ölkədə tətbiq olunmuş və bu xəstəliklə mübarizədə mühüm nəticələr əldə edilmişdir. Zərifə xanımın doktorluq dissertasiyası kimya sənayesi müəssisələrində çalışan işçilərin görmə orqanı ilə bağlı xəstəliklərin öyrənilməsinə həsr olunmuşdur. O, bu sahədəki elmi işini Moskva şəhərində, H.Helmholtz adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə etmişdir. 1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
    Zərifə xanım 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, ixtira və səmərələşdirici təkliflərin müəllifi olmuşdur. Onun elmi fəaliyyəti göz xəstəliklərinin diaqnostikası və müalicəsində mühüm rol oynamışdır. "Terapevtik oftalmologiya" kitabı bu gün də oftalmoloqlar üçün dəyərli mənbə hesab olunur.
    Zərifə xanım kimsəsiz uşaqların sağlamlığı ilə xüsusi maraqlanır, onların arasında yayılan traxoma xəstəliyinin qarşısının alınmasında böyük zəhmət göstərmişdir. O, həmçinin SSRİ və Azərbaycan Sülh Komitələrinin üzvü, “Bilik” Cəmiyyətinin idarə heyətinin üzvü kimi də fəal ictimai fəaliyyət göstərmişdir.
    1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk azərbaycanlı qadın olmuşdur. Onun “Yüksək etimad” adlı kitabı həkim peşəsinin mənəvi və sosial məsuliyyətlərinə dair dərin düşüncələri ilə seçilir.
    Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan EA-nın həqiqi üzvü – akademiki seçilmişdir. O, həm həkim, həm müəllim, həm də ana kimi daim fədakarlıqla çalışmış, tələbə və həmkarlarının dərin rəğbətini qazanmışdır.
    Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.
    2023-cü ildə, anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə yubiley geniş şəkildə qeyd olunmuş, onun zəngin elmi və mənəvi irsi bir daha cəmiyyətə təqdim edilmişdir.
    Zərifə xanımın xatirəsi hər zaman qəlblərdə yaşayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR