AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Küsülü ədəbiyyat: Bizim Xalq yazıçıları niyə barışmır?

  • + A
  • - A
  • Bu gün, 15:19

    Küsülü ədəbiyyat: Bizim Xalq yazıçıları niyə barışmır?

    Ədəbiyyat insanın daxili aləmini cilalayan bir güzgüdür. Söz adamları – yazıçılar, şairlər, publisistlər – cəmiyyətin mənəvi dirəyidir. Onlar qələm gücü ilə insanlar arasında körpülər qurmalı, toplumun mənəvi təbəddülatını izah etməli, bəzən də sağalmaz yaraları sağaltmalı, barışın, anlaşmanın dilini yaratmalıdırlar. Amma bu vəzifənin daşıyıcıları – bizim Xalq yazıçılarımız – öz aralarında niyə barışa bilmirlər?

    Əkrəm Əylislinin son açıqlamalarından biri belədir: “Öləcəyimi bilsəm də, Anarla barışa bilmərəm.”
    Bu, sadəcə bir şəxsi münasibət məsələsi deyil, bu, bir ədəbi münasibətlərin portretidir. Əkrəmlə Anarın münasibəti təkcə "soyuq" deyil, düşmənçilik çalarları da var. Yumşaq desək, onlar düşməndirlər. Bu münasibətin kökləri illərlə dərinləşib, sükutla sərtləşib, bəlkə də indi artıq sağalmayacaq qədər dondurulub.

    Rəhmətlik Elçinlə Əkrəm Əylisli ömürlərinin sonlarına yaxın barışa bildilər. Bu, əslində bir istisna idi. Bəlkə də Elçinin elə yazıçı müdrikliyi bunu diqtə etdi. Amma əksər hallarda bizim yazıçı və alimlərimizin münasibətlərində qarşılıqlı hörmət və anlayış yox, daha çox səssiz gərginlik, daxili inciklik, gizli çəkişmələr var.

    Elm və sənət insanları birləşdirməli deyilmi? Bir-birini başa düşmək üçün illərlə oxuyan, düşünən, yazan insanlar niyə ən sadə empatiyanı göstərməkdən uzaqdırlar? Dünya ədəbiyyatında Dostoyevski ilə Turgenyev məktublaşmalarında nə qədər dərin intellektual debatlar var. Ceyms Coysun məktubları, Tomas Mannın yazışmaları, hətta Freud ilə Albert Eynşteynin sülh haqqında yazdığı məktub – bunlar məktubdan çox insanlığın zirvəsindəki dialoqlardır.

    Bizdə isə məktublaşma nədir ki, bir-biriləri ilə salam-kəlmələri belə yoxdur. Ədəbi polemika yoxa çıxıb, tənqid isə ya yağı düşmənçilik səviyyəsində, ya da susqunluğun səhrasında itib-batıb.

    Yəqin ki, bizim yazıçı və alimlər Dantenin “İlahi Komediya”sını oxuyublar. Amma oxusalar belə, görünür, başa düşməyiblər. Çünki o əsər təkcə cəhənnəmdən keçib cənnətə çatmaq deyil, eyni zamanda insanın qaranlıq hisslərini aşmaq, bağışlamağın və anlayışın gücünü dərk etmək haqqındadır.

    Barışmaq zəiflik deyil, böyük olmaqdır. Yazıçılarımız, alimlərimiz böyükdürlərsə, qoy bu böyüklüklərini barışaraq göstərsinlər. Qələm sahibləri kin saxlamaq üçün yox, kinləri əritmək üçün var.
    Köşəni Etibar Əliyevin statusuna xitabən yazdım.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR