AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bunker müəllimi: illüziya və reallıq

  • + A
  • - A
  • 30-06-2023, 23:45

    Bunker müəllimi: illüziya və reallıq

    Cəmiyyətdə bunker müəllimlər mifi və onların yaratdığı xəyal qırıqlığından yazmazdan öncə dünyanın təhsil üzrə inkişaf etmiş ölkələrindən nümunələr gətirmək istəyirəm.
    İnkişaf etmiş dünya ölkələrinin təhsil sahəsində bir-birinə yaxınlaşması, təhsil müəssisələrinin, təlim-tərbiyə prosesinin qarşılıqlı inteqrasiya olunması təhsilin müasir inkişaf tendensiyalarının əsasını təşkil edir. Elə buna görə də Azərbaycanda həyata keçirilən təhsil islahatının başlıca məqsədi onu dünya standartları çərçivəsində irəli aparmaqla qabaqcıl ölkələrin sırasına çıxarmaqdan ibarət olmalıdır. Bunun üçün, ilk növbədə, dünyanın sivil ölkələrinin təhsil təcrübələrini öyrənib ümumiləşdirmək, ən faydalı olanlardan istifadə etmək zəruridir.
    ABŞ iqtisadi, siyasi, mədəni inkişafı ilə yanaşı, təhsil səviyyəsinə görə də fərqlənir. O, bu gün dünyada təhsil sisteminin genişlənməsi, inkişaf etməsi və yayılması istiqamətində iş aparır. Dünyanın bir cox ölkələri onunla, müxtəlif sahələrdə olduğu kimi, təhsil sahəsində də əlaqələrini davam etdirir.
    Son on ildəki təhsilin vəziyyətinə istinad olunaraq onun sisteminin dəyişilməsinin, tədris proqramlarının, dərsliklərin, dərs vəsaitlərinin, metodikanın yeniləşdirilməsinin vacibliyi vurğulanır. ABŞ-da təhsil sistemində üç əsas elementin olmasının zəruriliyi qeyd edilir. Onlardan birincisi, məktəbin muxtariyyətidir. Bu cəhət məktəbin maliyyə, müəllim və şagird kontingenti ilə, eləcə də valideynlərlə, geniş ictimaiyyətlə qarşılıqlı əlaqə şəraitindəki fəaliyyətlə səciyyələnir. İkincisi, məktəbin inkişaf mexanizminin tənzimlənməsi, canlı orqanizm kimi ona diqqət yetirilməsidir. Üçüncüsü, standartlaşma işinin başa çatdırılması, qiymətləndirmə sisteminin hazırlanmasıdır.
    Təlim prosesi nəyi? kimə? necə? nə vaxt? suallarından doğan dinamik fəaliyyətdə yaranır. Onun nəticələri bacarıq və vərdişlərin davamlılığı ilə ölçülür. Müəllimin işinin texnologiyasının səmərəliliyi burada əsas rol oynayır. Belə bir mühüm məntiqə söykənən ABŞ təhsil sistemində müəllimlərin işinin keyfiyyət göstəricisinə xüsusi diqqət yetirilir. Onların bilik və bacarıqlarının, pedaqoji ustalıqlarının artırılması həmişə ön planda saxlanılır.
    Ştat üzrə hazırlanmış standartlar 7 ildən bir dəyişdirilir. Şagirdlərin səviyyəsini müəyyənləşdirmək vacib bilinir. Ona görə də yoxlamalar aparılır. Bu zaman şagirdlərin topladığı ballar deyil, onların bilik, bacarıq və vərdişlərinin inkişaf dərəcəsinə diqqət yetirilir. Nəticə ictimaiyyətə açıqlanır. İlk növbədə, valideynlərə çatdırılır.
    Hər şagirdin təhsil alması üçün ildə 6800 dollar pul vəsaiti xərclənir.
    Finlandiyanın təhsil sistemində ilk pilləni məktəbəqədər təhsil təşkil edir. Bu mərhələ uşaqlar üçün həm pulsuz, həm də könüllüdür. Maraqlıdır ki, ölkədə uşaqların 94%-ə qədəri məktəbəqədər təhsilə cəlb olunur. Burada təhsil prosesi 2000-ci ildə qəbul edilmiş milli kurikuluma əsasən aparılır və illik tədris-tərbiyə 700 saatdır. Həmin müəssisələrdə uşaqlara daha çox sərbəst olmaq, müstəqil fəaliyyət göstərmək imkanı yaradılır. Bu müəssisələr xarakter etibarı ilə iki yerə ayrılır.
    Onlardan birincisi adi bağçalar, ikincisi isə gündəlik qayğı məktəbləri adlandırılır. Onların hər ikisində məzmun eynidir.
    Növbəti mərhələ əsas təhsil pilləsi adlanır. Hazırda IX sinifləri əhatə edən bu mərhələ hər iki ölkədə yaşayan uşaqlar üçün icbari təhsil pillə…
    Üçüncü pillə yuxarı orta təhsil adlandırılır. Onun müddəti 3 ildir. İkinci mərhələni başa vuranlardan 54%-i bu pillədə öz təhsilini davam etdirir. Gimnaziyalar formasında fəaliyyət göstərən bu məktəblər Finlandiya təhsil sistemində ali məktəblərə hazırlıq üçün əsas pillə hesab edilir.
    Bu gün dünyanın tərəqqi etmiş ölkələrindən biri kimi İsveçdə də təhsilin ümumi inkişafı daim diqqət mərkəzindədir. Əsas məqsəd hamıya keyfiyyətli təhsil verməkdən ibarətdir. Hazırda ölkədə 5000-ə qədər orta, 1000-ə qədər gimnaziya, 50 ali məktəb vardır. Bütün dövlət və özəl məktəblər ödənişsiz fəaliyyət göstərir.
    Ölkə miqyasında təhsil üç əsas prinsip əsasında həyata keçirilir:
    1.Keyfiyyət. 2. Bərabərlik . 3. Münasiblik.
    İsveçdə təhsilin təşkili üçün hökumət məsuliyyət daşıyır. Təhsilin, məktəb işinin ümumi məqsəd və istiqamətləri dövlət səviyyəsində müəyyən olunur. Bələdiyyə hakimiyyətləri bu işin praktikada həyata keçirilməsinə cavabdehlik daşıyır.
    Sivil ölkə kimi Finlandiyada təhsilin prioritet problemlərinin həllinə xüsusi diqqət yetirilir. İlk növbədə, tədris-təlim prosesində müxtəlif texnologiyalaradan istifadə olunması vacib hesab edilir. Əməkdaşlıq, təhsil texnologiyalarından istifadə pedaqoji prosesin mərkəzində duran mühüm amil kimi dəyərləndirilir. İnkişafın kəsilməz olması, fasiləsizliyi təhsildən kənarda qalanların nəzərə alınması, habelə dünyada gedən qloballaşma prosesində iştirak etmək zəruri faktor kimi qiymətləndirilir.
    Orda kurikulum islahatının aparılması aşağıdakı məqsədlərin həyata keçirilməsi məntiqindən irəli gəlmişdir:
    - öyrətmək üçün öyrənmək;
    - hər bir şagirdin fərd kimi qəbul edilməsi.
    Yeri gəlmişkən qeyd etmək lazımdır ki, müasir kurikulum mühüm pedaqoji sənəd kimi hazırda dünyanın, demək olar ki, qabaqcıl, inkişaf etmiş ölkələrində tətbiq olunur. Araşdırmalar göstərir ki, bu ölkələrdə ona qlobal bir problem kimi müraciət olunsa da, yanaşmalar müxtəlifdir. Onun komponentlərinin, məzmununun formalaşdırılmasında vahid yanaşma yoxdur.
    Bu gün dünyada təhsil sisteminin prioritet problemlərindən biri təhsildə qiymətləndirmə məsələləridir. Ona görə də inkişaf etmiş ölkələrdə bu problemin həlli istiqamətində çox işlər görülür. Finlandiya və İsveçdə də təhsilin qiymətləndirilməsi sistemi yaradılmışdır. Bu ölkələrdə qiymətləndirməyə keyfiyyətin yüksəlməsinə və idarə olunmasına təsir göstərən amil kimi yanaşılır. Hər iki ölkədə məktəblərin fəaliyyəti yoxlanılarkən bir əsas sualın cavablandırılmasına daha həlledici tələb kimi yanaşılır: məktəb şagirdlərin ehtiyaclarını ödəyirmi?
    Azərbaycanda ümumorta təhsilin strukturunu bu ölkələrin təcrübəsinə istinad etməklə təkmilləşdirmək olar.
    Avstraliyada universitetlər müstəqildir. Onlar birbaşa hökumətdən maliyyələşdirilir, hökumətə də tabe olur. Universitetlər ilkin pedaqoji kadr hazırlığı ilə məşğul olduğundan təhsil və təlim departamenti, eləcə də digər zəruri qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
    Ümumiyyətlə, Avstraliyada təhsilin idarə olunması və istiqamətləndirilməsi ştatların səlahiyyətində olduğundan onun maliyyələşdirilməsi də ştatlar tərəfindən aparılır.
    Hər bir ştat özü kurikulumunu müəyyənləşdirir.
    Avstraliyada məktəblər dövlət, katolik və özəl olmaqla üç qrupa ayrılır. Dövlət məktəbləri ölkənin təhsil müəssisələrinin 70%-ni təşkil edir. Əhalinin təhsil almasında bu müəssisələrin rolu daha genişdir.
    Kanada təhsil siyasətinin müəyyən olunması və onun həyata keçirilməsində demokratik prinsiplərə əsaslanan inkişaf etmiş ölkələrdən biridir. Burada təhsil üzrə federal idarə sistemi yoxdur. Təhsil federal səlahiyyət bölgüsünə uyğun olaraq idarə edilir.
    İbtidai siniflər üçün konkret dərsliklər yoxdur. Onları əvəz edən çoxlu sayda resurslar vardır. Qalan siniflər üçün isə variativ dərsliklər mövcuddur.
    Ölkələrin sayını artıra, təcrübələrindən uzun-uzadı yaza bilərəm, amma müsabiqə üçün nəzərdə tutulan limit bura qədərini imkan verir.
    Məqalənin içində maraqlı, həm də aktual bir sual vardı; Məktəb şagirdin ehtiyacını ödəyirmi?

    Azərbaycanın bütün bölgələrində istənilən vətəndaşa bu sualla müraciət etsək, birmənalı olaraq “ödəmir” cavabını alacağıq, çünki uşaqlar 1-ci sinifdən repititor qapılarında qalıb. İbtidai təhsil zamanı maddiyyat üzündən bunu edə bilməyən valideyndər övladları 9-cu sinifdə oxuyarkən mütləq bu xidmətdən istifadə edir. Orta məktəbin 9-ci sinifində 150-dən çox bal yığan istənilən şagirdə yaxınlaşıb maraqlansaq, repitiror yanına getdiyi məlum olacaq. Sözsüz ki burda söhbət dövlətdən maliyyələşən məktəblərdən gedir.
    Səbəb nədir? Mən media nümayəndəsi olaraq DİM-lə əməkdaşlıq edir, müxtəlif mətbuat konfransı və digər təədbirlərdə iştirak edirəm. Məleykə xanım Abbaszadə dəfələrlə vurğulayır ki, imtahana düşən suallar şagirdlərə 11 il ərzində orta məktəbdə tədris edilən fənlərdən kənara çıxmır. Belə olan halda nə üçün təhsil repititordan asılı vəziyyətə düşüb? Elm və Təhsil Nazirliyi vasitəsilə bu suala cavab axtarma istəyimiz fiaskoya uğrayıb, çünki nazir Emin Əmrullayev repititor biznesinə haqq qazandırıb, bütün dünyada bu təcrübənin mövcudluğunu misal gətirməklə imkan yaratmayıb ki, sual müzakirə mövzusu olsun.
    DİM saulları orta məktəb proqramı əsasında hazırlayırsa, uşaqlar repititor yanına getmədən pis nəticə göstərirsə, bir cümlə ilə yaranan vəziyyəti ifadə etmək olar. Məktəblərdə dərs keçilmir, məktəb özü şagirdlərin repetitor hazırlığından bəhrələnməsində maraqlıdır.
    Burda müəllimlərin bəlli miqdarda əlavə qazanc əldə etməsilə yanaşı, sinif otaqlarının kirayə verilməsi, hazırlığı məktəbdə keçən müəllimlərin direktorların “könlünü şad etməsi”, uşaqların adı jurnalda getsə də, direktor-valideyn anlaşması nəticəsində dərsə gəlməməsi və s amillər var. Göründüyü kimi, şagirdlərin ali təhsil alma istəyi əməlli-başlı biznesə çevrilib, ona görədə nə tənəzzülə uğrayan təhsil sistemini fikirləşən var, nə də qloballaşan dünyada qiymətlərin bahalaşdığı bir zamanda sağlamlığından, zəruri ehtiyaclarından keçib övladı yolunda qazancını repititorla bölən valideynləri fikirləşən...
    Yaxşı ki DİM ayrıca bir qurumdu, şəffaflığını illərdi qoruyub saxlamasına ümidimiz var, çəkilən bu qədər əziyyət müqabilində şagirdlər ödənişsiz təhsil alma şansına malikdir. Əgər bərbad təhsil verildiyini bilən, məktəbin şagirdlərin ehtiyacını ödəmədiyini bilə-bilə xarici təcrübələrdən yararalanaraq təhsilin səviyyəsini düzəltmək əvəzinə repititorluğa haqq qazandıran Nazirliyə uşaqların ali təhsil alma imtahanı da həvalə edilsə, vay bizim halımıza.
    Ola bilər ki, birz sərt oldu. Nəzərə alaq ki, mən özüm də bir valideynəm, övladım abituriyentdir, minimal maaşla mən nələrdən keçmişəm, inanıran ki, əlaqəli orqanlar məni başa düşməyə çalışacaq, nəinki qınayıb kin saxlayacaq.
    Son zamanlar qəribə tendensiya yaranıb. Filankəs bunker müəllimdir, sualları bilir, ona görə də onun qiyməti ikiqat bahadı. Yaxşı ki, ətrafda bunker müəllimlərlə şəxsi tanışlıq var, bunkerdəki ciddi rejim barədə məlumatlıyam, ətrafımı məlumatlandırmağa çalışıram. İmtahanöncəsi DİM-in də qapılarını KİV-lərin üzünə açıb prosesi izləmə şəraiti yaratması bu mifi dağıtdı, hər kəs gördü ki, imtahanların sualları hansı mərhələlərdən keçir. İşbaz "Bunker müəllim"lərin verdikləri şişirtmə qarantiyalar illüziyadan başqa bir şey deyil. Reallıq isə tamam başqadı.
    Gələcəkdə müsabiqə mövzularında inkişafa doğru irəliyəyən təhsil sisteminin uğurlarından yazmaq diləyi ilə...

    Elnurə Abuşova
    Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda təşkil etdiyi müsabiqəyə təqdim olunur


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR