AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Cənubi Azərbaycandakı soydaşlarımızın dil, təhsil kimi problemləri dövlətimizin maraq dairəsində ciddi yer tutur"

  • + A
  • - A
  • 4-07-2023, 13:55

    "Cənubi Azərbaycandakı soydaşlarımızın dil, təhsil kimi problemləri dövlətimizin maraq dairəsində ciddi yer tutur"

    “Türk Dünyası İnfo” İctimai Birliyi “Ədəbiyyatda Cənubi Azərbaycan görüşləri - adlı tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb.
    Layihənin ideyasının əsasını Prezident İlham Əliyevin Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə ölkəmizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarına dair söylədiyi tezislər təşkil edir. İctimai Birlikdən bildirilib ki, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət verir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizin qoruyub-saxlanılması, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.

    “Türk Dünyası İnfo” İctimai Birliyin sədri Dəyanət Osmanlı QHT.az-a açıqlamasında layihənin məqsədi və aktulallığı məsələlərinə toxunub: “Bu gün Cənubi Azərbaycandakı soydaşlarımızın dil, təhsil kimi problemləri dövlətimizin maraq dairəsində daha ciddi yer tutur. Bu da müstəqil Azərbaycanın öz millətinə sahiblik hissindən irəli gəlir. Dövlətimizin milli-mənəvi irsimizə, mədəniyyətimizə, ədəbiyyatımıza göstərdiyi ciddi dəstəyi əsas götürərək, Bütöv Azərbaycan kontekstində ədəbiyyatımızın çağdaş nəbzini, inkişaf tempini öyrənmək və təbliğ etmək layihəmizin əsas məqsəd və vəzifəsidir. XX əsrin 20-ci illərindən başlayaraq Cənubi Azərbaycanda yaranan anadilli ədəbiyyat siyasi basqılar altında olub. İranda Pəhləvi rejimi milli ayrı-seçkilik və şovinizm siyasəti ilə başlayaraq Cənubi Azərbaycan türkləri bütün milli-mənəvi və insan hüquq və azadlıqlardan məhrum olunublar. Onlara Azərbaycan dilində məktəb açmaq, mətbuat orqanları və mədəniyyət mərkəzləri yaratmaq, hətta ictimai yerlərdə doğma dillərində danışmaq, doğulan körpələrə türk adlarını qoymaq haqqı belə qadağan edilmişdir. Son vaxtlar isə İran İslam Respublikasında baş verən anti-Azərbaycan, anti-türk prosesləri cənubda yaşayan soydaşlarımızın qadağalarla əhatələnmiş təhsil, dil, ədəbiyyat, mədəniyyət və s. hüquqlarının qorunması və təhlükəsizliyi ilə bağlı məsələləri yenidən aktual edib”.

    O taylı bu taylı Azərbaycanda dövrlər üzrə gedən ədəbi-mədəni proseslər onu göstərir ki, yaradıcılıq sferasında insan azadlığının tərənnümündə vətənçilik ideyası, vətən müstəqilliyinin tərənnümündə isə insan azadlığı ideyası özünəməxsus yer tutur. Ədəbiyyat vasitəsi ilə bu ideyaların təbliğinin qarşılıqlı faydalılığa əsaslanması xalqımızın ədəbi-mədəni düşüncələrinin birliyini, bütövlük arzusunu ifadə edir. Layihə çərçivəsində vətənimizin cənubunda və şimalında yaranan yeni ruhlu milli-aktual mövzulu şeirlərdən ibarət “Çağdaş Bütöv Azərbaycan poeziyası” adlı 1 antologiya (kitab) hazırlanması nəzərdə tutulur. Layihənin yekununda isə “Ədəbiyyatda Cənubi Azərbaycan görüşləri” adlı tədbir və “Çağdaş Bütöv Azərbaycan poeziyası” kitabının təqdimatı keçiriləcək.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə 3 ay müddətinə icra olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR