“Sağlamlığa Xidmət” İctimai Birliyi "Vərəm sağalan xəstəlikdir” adlı layihəsinin sonuncu tədbirini sentyabrın 13-14-də “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ağciyər Xəstəlikləri Xəstəxanasında keçirib.
Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. İcra olunan layihənin əsas məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vərəm xəstələrini, onların ailə üzvlərini, kontaktlarını məlumatlandırmaq və həmin şəxslərin ağciyərlərinin rentgen müayinəsindən keçirərək, vərəmin erkən aşkarlanmasına dəstək göstərməkdir.
Layihə çərçivəsində tədbirin birinci günü Birliyin nümayəndə heyəti Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Vərəm Şöbəsinin müdiri, həkim-ftiziatr Kamal Ağayevlə görüşüb, təşkilat barəsində və eyni zamanda tədbirin məqsədi ilə bağlı ətraflı söhbət ediblər. Şöbə müdiri Kamal Ağayev tədbirin gedişatına uğurlar arzulayıb və bu cür yüksək səviyyəli tədbirlərin daha çox təşkil olunmasını arzulayıb.
Layihə çərçivəsində tədbirin ikinci günü Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Vərəm Şöbəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə Birliyin sədri, Vərəm əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı, Birliyin sədr müavini, layihə rəhbəri Samirə Muxtarova, Birliyin könüllü üzvü Sahib Məmmədov iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşı Tariyel Didarov sağlam həyat sürmək üçün xəstəliklərlə, xüsusilə infeksion xəstəliklərlə bağlı məlumat səviyyəsinin artırılmasının önəmindən danışıb.
“Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı tədbirin təşkil olunmasında göstərdiyi dəsətəyinə və eyni zamanda tədbirdə iştirak etdiyinə görə Tariyel Didarova xüsusi təşəkkürünü bildirib. Daha sonra vərəmlə bağlı Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarını və tövsiyyələrini tədbir iştirakşıların diqqətinə çatdırıb.
Layihə rəhbəri Samirə Muxtarova tədbirin təşkil olunmasında böyük dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan TƏBİB- in rəhbərliyinə, Xaçmaz Rayon İcra hakimiyyətinin rəhbərliyinə və eyni zamanda İH-nin əməkdaşı Tariyel Didarova, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin (PHŞ) rəhbərliyinə, Mərkəzi Xəstəxananın Vərəm Şöbəsinin müdiri Kamal Ağayevə, şöbənin tibb personalına, vərəm kabinetinin baş tibb bacısı Sədaqət Mikayılovaya minnətdarlığını bildirib.
Layihə rəhbəri Samirə Muxtarova təqdimat vasitəsilə iştirakçılara vərəm, hepatit, İİV/QİÇS xəstəliyi barəsində geniş məlumat verərək, “xəstəliyin profilaktikası, onun yoluxma yolları, erkən aşkarlanmanın əhəmiyyəti, vərəmin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda ətraflı çıxış edib və sonda 2030-cu ilədək hər birimizin birgə səyi nəticəsində “Bəli, biz vərəmə birgə qalib gələcəyik” şüarını səsləndirib.
Tədbir zamanı digər donor tərəfdən ərsəyə gələn “Vərəm- hökm deyil, diaqnozdur! Vərəm və ondan qorunma yolları”, Birlik tərəfindən hazırlanan portativ, süni intelekt üstünlüyünə malik rentgen aparatı barəsində videoçarx və Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzvü “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-yi tərəfindən ərsəyə gələn viruslu hepatitlər barəsində sosial animasiya çarxı nümayiş olunub. İştirakçılara vərəm xəstəliyi barəsində maarifləndirici bukletlər paylanılıb. Layihənin icrası zamanı layihənin viziuallığını və əhəmiyyətliyini təmin etmək məqsədi ilə banerdən istifadə edilib. Tədbir interaktiv şəkildə keçib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Layihə çərçivəsində tədbirdə 78 nəfər şəxsin məlumatlandırılması və eyni zamanda vərəmin erkən aşkarlanmasına dəstək olaraq, vərəm xəstələrinin və onların yaxın təmaslarının, ailə üzvlərinin ağciyərlərinin rentgen müayinəsi təşkil olunub.
Qeyd edək ki, ilk tədbir 03-04 avqust tarixlərində Neftçala rayonunda, ikinci tədbir 21-22 avqust tarixlərində Şamaxı rayonunda, sonuncu tədbir 13-14 sentyabr tarixlərində Xaçmaz rayonunda keçirilib.