“Aygün Bəylər konsertdə çox stres keçirdi, ağrıları oldu”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişən Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətova bildirib.
O qeyd edib ki, mərhumun nəşi hələ Bakıya gətirilməyib:
“Aygün Heydər Əliyev Fondu sayəsində Türkiyəyə getmişdi. Sağ olsunlar, dəstək oldular. Gecə saat 3-də şəxsi təyyarə ilə yola düşəcəkdilər. Alınmadı. Təyyarə gözləyirdi, sənədləri tam hazır deyildi. İndi isə artıq sənədlər tam hazırdır. Gözləyirik ki, gəlin, aparın desinlər.
Xalq onu gözləyir. Hər kəs sənətkarı ilə vidalaşmaq istəyir. Sabah dəfn edərik, inşallah. Həqiqətən, biz də dəqiq nə vaxt gələcəyini bilmirik. Dünən vəfatı barədə ilk xəbər çıxanda Aygün sağ idi. Sadəcə, komada idi. Ümidimizi kəsmədik. Düşündük ki, ayıla bilər. Çox heyif”.
“Birdən-birə oldu. Konsertdə çox stres keçirdi, ağrıları oldu. Tədbir gecikmişdi. Təzyiqi qalxdı. Konsert arzusu idi. Qızının hələ də xəbəri yoxdur. Heç nə bilmir.
Biz çəkiliş istəmirik. O halda deyilik. Xalq sənətkarı itirdi, xəzinəmiz getdi. Çox çətindir. Biz şou yaradılmasını istəmirik. Biz belə şeyləri sevmirik”, - deyə Z.Hümmətova sonda fikrini tamamlayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində, xəstəxanada vəfat edib.
Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.