AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İbrahim Cəfərov: “Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva”

  • + A
  • - A
  • 14-04-2024, 15:30

    İbrahim Cəfərov: “Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva”

    Prof. İbrahim Cəfərov
    Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
    AMEA-nın müxbir üzvü


    “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.”
    Ulu Öndər Heydər Əliyev

    Prezident İlham Əliyev isə, Zərifə xanım haqqında xatirələrinin birində belə demişdir:
    “Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”


    Bəli, Akademik Zərifə xanım Əliyevanın həyatı Azərbaycan xanımına gözəl bir nümunədir. Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini  qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə Zərifə xanım da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə  anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu..

    Hər il aprel ayının 15-də Azərbaycan xalqı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini sonsuz ehtiramla yad edir. Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub. Zərifə xanımın yetişdirdiyi həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edirlər. Bəli, milli kadr hazırlığı prosesində fəal iştirak edən Z.Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
    Eyni zamanda, Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlər qoyan Zərifə xanım Əliyeva elmi araşdırmalar nəticəsində bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur.
    Onun alim olaraq elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Həmçinin onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır. Zərifə xanım Əliyevanın müalicə metodu bütün respublikada tətbiq edilirdi. Onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələri obyektiv qiymətləndirmək üçün, ilk növbədə, onun traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirakına nəzər salmaq lazımdır. Bəli, bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Əlbətdə ki, uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Məhz, Traxomanın sosial xəstəlik kimi ləğv olunması Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.

    Sözün əsl mənasında, bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım da məhz belə ana idi. Həmçinin enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, Ulu Öndər Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi.

    Zərifə xanım heç vaxt gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Unudulmaz alim, qayğıkeş ana olan Zərifə xanım Əliyeva xalqımız tərəfindən ehtiramla yad olunmağa layiqdir.

    Zərifə xanım Əliyevanın əziz xatirəsi təkcə onun ailə üzvlərinin deyil, həm də bütün xalqımızın qəlbində əbədi yaşayacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR