Politoloq: “Rəsmi Tiflis nəzarətində olan kənddə özü bilər, post da qurar, patrul da, amma…”
Gürcüstan Cənubi Osetiya ilə inzibati sərhədə yaxın Çorçana kəndində polis postu yerləşdirib. Bu da Sxinvali ilə Tiflis arasında yeni gərginliyə səbəb olub. Bu barədə virtualaz.org xəbər verib. “Cənubi Osetiya Respublikası” gürcü tərəfin bu hərəkətini təxribat adlandırıb və postun götürülməsini tələb edib. Əks təqdirdə adekvat addımlar atacağını bildirib. Gürcü tərəfi bəyan edib ki, postu götürməyəcək, çünki həmin post Gürcüstanın nəzarəti altında olan ərazidə qoyulub.
“Çorçana kəndi həmişə mərkəzi Gürcüstan hakimiyyətinin nəzarətində olub və bu fakt Avropa İttifaqının müşahidə missiyası tərəfindən də qeydə alınıb”,- xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib. Məsələyə Cənubi Osetiyanı faktiki ilhaq etmiş Rusiya da qarışıb və gürcü tərəfini vəziyyəti gərginləşdirməkdə, köhnə sərhəd problemini yenidən qabartmaqda günahlandırıb. Rusiya XİN-in bəyanatında deyilir ki, son aylar ərzində Tiflis Qərb dövlətlərinin dəstəyini alaraq məqsədyönlü şəkildə, təxribatçı aksiyalarla və siyasi-təbliğat kampaniyaları ilə sərhəddə vəziyyəti gərginləşdirib.
Gürcüstanın Cənubi Osetiya ilə inzibati sərhədə post qoyması yeni müharibənin alovlana biləcəyi haqda şayiələrə də səbəb olub. Hətta sosial şəbəkələrdə belə xəbərlər yayılıb ki, Cənubi Osetiya “prezidenti” Anatoli Bibilov yaxınlaşan müharibə təhlükəsinə görə ailəsini Moskvaya göndərib.
Rus telekanalları isə daha ciddi iddialarla çıxış edirlər. Onlar hesab edirlər ki, Gürcüstan bilərəkdən belə bir gərginlik yaradır ki, Cənubi Osetiya özünü müdafiə etməyə məcbur qalsın, onlar da ABŞ qüvvələrini, hətta üzv olmaq istədikləri NATO qüvvələrini ölkəyə dəvət etsinlər.
Politoloq Əhəd Məmmədli tarixə ekskursiya edərək bildirdi ki, SSRİ qurulandan sonra Stalin Abxaziya ilə Cənubi Osetiyanı Gürcüstana birləşdirib: “Təbii ki, bunlar abxaz və osetin xalqlarından soruşulmadan edildi. Tarixdə gürcü çarlığı ilə bərabər Abxaz çarlığı və Osetin knyazlığı da olub. Bir müddət Abxaz çarlığı gürcü çarlığının vassalı olub. Tarix boyu Qafqaz xalqları bir-biri ilə müharibələrdə, münaqişələrdə olublar. Ruslar Qafqazı istila edəndən sonra istər çar, istərsə də kommunistlərin dövründə Gürcüstan və Ermənistan administrativ resurslar hesabına qurulub, genişləndilər. Rusiyanın həmin təsir rıçaqlarından biri də tarixə söykənən gürcü-osetin münaqişəsidir. O ki qaldı Çorçana kəndində polis postunun yerləşdirilməsinə, bu daha çox daxili auditoriyaya hesablanan gedişdir. Düzdür, beynəlxalq hüquq, siyasət Cənubi Osetiyanı Gürcüstan ərazisi tanıyır. Amma bildiyiniz kimi, 2008-ci il müharibəsindən sonra Rusiya və bir neçə ölkə Cənubi Osetiyanın ”müstəqilliyini” tanıyıb. Aydın məsələdir ki, Rusiya olmasa Cənubi Osetiya Gürcüstana qarşı heç nə edə bilməz. Məlumdur ki, Tsxinvalin Tiflisə yönəlik post götürmə tələbinin, əks halda adekvat addımlar atacağının, hədə-qorxularının arxasında Moskva durur”.
Politoloq dedi ki, Cənubi Osetiyada rus ordusu var, gürcülər ora hərbi müdaxilə edə bilməz: “2008-ci il faciəsi gürcülərin hələ yaddaşından silinməyib. Ümumiyyətlə, Cənubi Osetiyanın yaxın zaman keşiyində Krımvari Rusiyaya ”könüllü” birləşməsini gözləyirəm. Bu haqda dəfələrlə söylənilib. Ən azı Putin rejimi Rusiyada olana qədər, gürcülər heç vaxt Cənubi Osetiyaya hərbi müdaxilə cəsarətini özlərini tapmazlar. Cocuq Mərcanlı Azərbaycanın nəzarətində olduğu kimi, Çorçana kəndi də Gürcüstanın nəzarətindədir. Rəsmi Tiflis nəzarətində olan kənddə özü bilər, post da qurar, patrul da. Görünən odur ki, Rusiya işğal etdiyi Cənubi Osetiyanın yaxınlığında belə gürcü hərbi birləşmələrini görmək istəmir. Bunu da satelliti Cənubi Osetiyanın əli ilə Tiflisə bildirir. Lazım olsa Moskva özü də bu prosesə müdaxilə edə bilər. Belə olan təqdirdə isə Tiflis Moskva ilə üz-üzə gələ bilməyərək geri çəkiləcək. Bütün bunlara rəğmən öz ərazisində postun qurulması Tiflisin suveren işidir. Bir posta görə Rusiya Qərblə düzəlməkdə olan münasibətlərini gərginləşdirən deyil. Gürcüstan Rusiyadan qorxduğu üçün Cənubi Osetiyada daha müharibə edən deyil. Gürcüstan bir dəfə ABŞ-a güvənib Cənubi Osetiyaya girdilər və 6 gündən sonra rus tankları Tiflisin 20 km-də dayandılar. Gürcülər bir daha bu səhvi etməzlər. Rəsmi Tiflis ABŞ-ı yeni hərbi münaqişəsiz də ölkəyə dəvət edə bilər. Bunun üçün Rusiya ilə üz-üzə gəlməyə dəyməz. Əksinə, Çorçanada qurulan post ətrafında provokasiyanı Moskva edir. Bununla da Tiflisə mesaj verir ki, amerikalıları buralara dəvət etmək fikrindən vaz keç. Tiflisin Moskvaya qarşı provokasiya etmək cəsarəti çatmaz”.