Azərbaycanın verdiyi fürsəti İrəvan bu dəfə də düzgün dəyərləndirəcək kimi görünmür. Söhbət rəsmi Bakının İrəvana göndərdiyi 5 maddəlik sülh təklifindən gedir. Ermənistan hakimiyyətinin məsul şəxsləri Bakının təklifi ilə bağlı açıqlamalarında hər şeyin onlara da uyğun olduğunu, məqbul sayıldığını desələr də əməldə İrəvandan başqa oyunun şahidiyik.
Ermənistan istər baş nazir, istərsə də XİN rəhbəri səviyyəsində üzdə həmin təklifləri qəbul etdiyini və sülh müqaviləsinə hazır olduğunu göstərsə də arxada öz ikili oyununu davam etdirir, hansısa təklif və şərtlərlə çıxış etməyə çalışır. Əslində Ermənistanın sonradan ortaya atdığı təklif də məlumdur.
Azərbaycanın təklifinə təxminən bir həftə sonra reaksiya verən Ermənistanın bu kontekstdə ATƏT in Minsk qrupunun prosesə qayıtması və məsələlərin onun vasitəçiliyi ilə həllinin üzərində dayanmağa çalışması bəzi şübhəli məqamları üzə çıxarmağa başladı.
Baxmayaraq ki, 44 günlük müharibə ilə Minsk Qrupu faktiki olaraq fəaliyyətsiz bir quruma çevrilib, onun həll etməli olduğu məsələni Azərbaycan öz gücü ilə həll edib, amma Ermənistan tərəfindən yenidən ikitərəfli danışıqların məhz onların vasitəçiliyi ilə həyata keçirilməsi ilə bağlı təklifi Bakı ilə danışılqarı pozmaq, sülh danışıqlarını ləngitmək, bölgədə vəziyyəti gərgin saxlamağa xidmət etməkdən başqa bir şey deyil.
Bu, kimə lazımdır?
Qurumun 30 illik fəaliyyəti təsdiq edir ki, ATƏT Minsk Qrupu prosesi yalnız ləngitməklə məşğul olub, obyektiv mövqe tutmayıb, xüsusən də prosesin beynəlxalq hüquqa uyğun tənzimlənməsi ilə bağlı hər hansı təsir mexanizmi tətbiq etməyib. Bu çətinlikləri Ordusunun gücü hesabına, şəhid qanı bahasına atladan Azərbaycanın yenidən həm konfiqurasiyaların əlində alət olmaq kimi lüksu olmadığını ən yaxşı anlayanlardan biri Moskvadır. Üstəlik Azərbaycan Prezidenti ilə ən çox təmasda olan siyasətçilərdən biri kimi Kreml rəhbəri çox yaxşı bilir ki, rəsmi Bakı Misnk Qrupu ilə bağlı fikrində zərrə qədər də olsun qərar dəyişikliyinə getməyəcək. Hətta bunu dövlət başçımızın istər müharibə zamanı, istərsə də ondan sonrakı dövürdə etdiyi açıqlamalardan çox aydın şəkildə sezmək mümkündür.
Bu səbəbdən də Rusiya Qarabağda və regionda maraqlarını təmin etmək məqsədilə Bakını onun bildiyi tərzdə sıxmaq, nəticə etibarı ilə Azərbaycanı MOskvanın istəyinə "buna da şükür" prinsipi ilə razılıq verməyə məcbur qoymaq niyyətindədir. Bunu reallaşdırmağın ən uyğun yolu isə Moskva üçün heç şübhəsiz ki, erməni kartı, erməni amilidir.
Amma Azərbaycan hpküməti yaxşı anlayır ki, bu zamandan sonra ATƏT-in prosesə yenidən cəlb edilməsi, "turist diplomatiyası"nın yenidən bərpasına şərait yaratmaq ola bilər. Bu isə nə Azərbaycan, nə də Ermənistan xalqlarının maraqlarına cavab vermir, regionda davamlı sülhün bərqərar edilməsinə xidmət göstərmir. Təəssüf ki, bu gün Ermənistan hakimiyyəti məhz öz xalqıpnın gələcəyini düşünmək əvəzinə, havadarların, kənar qüvvələrin diqtə etdiyi planların icrası ilə məşğuldur, onların sifarişlərini yerinə yetirmək haqda düşünürlər.
Ermənistanla Azərbaycan arasında Brüsseldəki son təmaslar göstərdi ki, münaqişə tərəfləri kimi özləri masa arxasında məsələləri müzakirə edib ortaq məxrəcə nail olmaq istiqamətində önəmli irəliləyişə nail ola bilərlər. Bu yolla Bakı və İrəvan davamll sülhə nail olmaq potensialına malikdir.
Lakin vəziyyətə Ruisyanın əl qoyması hər dəfəsində hadisələrin tərsinə cərəyan etməsinə səbəb olur. Elə aprelin 6-da Brüsseldə nəzərdə tutulan görüş öncəsi də bu konteksdə Putinin hər iki ölkə lideri ilə telefon əlaqəsi diqqətdən yayınmadı. Ən diqqət çəkən hadisə isə Kreml rəhbərinin bir gündə Paşinyana 3 dəfə telefon açması oldu. Görünür Putin Paşinyana mənim iradəmdən kənar addım atarsansa, bu sənə baha başa gələr mesajı verməyi unutmayıb. Çünki Azərbaycana uzun illər ən "effektiv" təzyiq vasitəsi olmuş Qarabağ rıçaqından Ukrayna ilə sonu bilinməyən müharibənin getdiyi bir məqamda tam məhrum olmaq Rusiyanın Cənubi Qafqazdakı hegemonluq istəyini sonlandıra bilər.
Amma Ermənistan nəzərə almalıdlr ki, Azərbaycan bu məsələdə onu əbədi gözləmək fikrində deyil. Ermənistan başa düşməlidir ki, sülh prosesinin əngəllənməsi kommunikasiyaların açılmasına, Ermənistanın regionun iqtisadi həyatına inteqrasiyasına, Türkiyə ilə münasibətlərini normallaşdırmasına ciddi problem yaradır. Rəsmi İrəvan bu məsələdə kənar qüvvələrin əmrlərini yerinə yetirmək əvəzinə artıq müstəqil qərar verməyə qadir olduğunu nümayiş etdirərək, xalqının, ölkəsinin gələcək taleyi barədə effektiv addım atmalıdır. /Milli.az/