"Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasında Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyasına və sülh sazişinə dair danışıqlara hazır olduğunu bildirdi. O, "Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır” qeydi ilə bütün danışıqların Bakının şərtləri çərçivəsində ola biləcəyinin mesajını verdi”.
Bu sözləri Sfera.az açıqlamasında siyasi şərhçi Asif Nərimanlı oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclası haqda danışarkən deyib.
Ekspert qeyd edib ki, MDB iclasından öncə Moskvada Putinlə görüşdə Paşinyana bölgədə atılması vacib olan addımlar izah edilib:
"Prinsip etibarilə, sərhədin delimitasiyası və kommunikasiyanın açılması ön plandadır. Təsadüfi deyil ki, Paşinyanın çıxışında Azərbaycana qarşı ənənəvi ittihamları qalsa da, Əliyevin şərtləri ilə razı olduğu da görünür. Rəsmi İrəvan bütün kommunikasiyaların açılmasına hazırdır. Bura Ermənistanın Azərbaycan vasitəsilə Rusiya və İranla əlaqə qurması və Azərbaycanın Ermənistan ərazisi vasitəsilə Naxçıvanla dəmiryolu və avtomobil yolu (Zəngəzur dəhlizi) əlaqəsi qurması daxildir”.
Ekspert düşünür ki, Paşinyan Əliyevin sülh sazişi tələbini Minsk Qrupu çərçivəsində müzakirə etmək istəyir:
"Bakının cari hədəfi sərhədin delimitasiyasının başa çatdırılmasıdır. Bu, sülh sazişinin hansı platformada müzakirə edilməsindən asılı olmayaraq, Azərbaycanın masada əlini daha da gücləndirəcək”.
Politoloq qeyd edib ki, Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasına hazır olduqlarını və bunun da Rusiyanın vasitəçiliyi ilə ola biləcəyini qeyd edib:
"Soçi və Moskva görüşündə müzakirə edilən məsələlələrdən biri də Ankara-İrəvan münasibətlərində Moskvanın vasitəçilik etməsi idi. Regional münasibətlərin Ankara-Moskva ikilisi tərəfindən qurulması sülh sazişi masasında Minsk Qrupunun digər iki həmsədr ölkəsinin – ABŞ və Fransanın mümkün iştirakını formallaşdırır və bu, Ermənistanın əlini zəiflədir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.