"Qüsurlu doğulan körpələri ailələri öldürür" — Şimali Koreyadan qaçanların ŞOK ETİRAFI
Şimali Koreyadan qaçaraq Cənubi Koreyaya sığınan 30 nəfər dünyanın ən qapalı ölkəsi haqqında şok etiraflar ediblər.
"Ölkə.Az" xəbər verir ki, 30 nəfər Şimali Koreyanın ən böyük nüvə müəssisəsi olan "Punggye-ri" yaxınlığındakı Kilju bölgəsindən qaçıblar.
Cənubi Koreyaya sığınan və xroniki ağrılardan əziyyət çəkən Li Jong Hvan radiasiya zəhərlənməsinə görə müayinə edilib və nəticələr mənfi çıxıb. Amma bu nəticələr Hvanın etiraflar etməsinə mane olmayıb.
"NBC" kanalına müsahibə verən və ölkəsində bir çox insanın ölümə tərk edildiyini, səbəbinin isə bilinmədiyini bildirən Hvan Şimali koreyalıların bunu "kabus xəstəliyi" adlandırdıqlarını qeyd edib. Hvan "indi bunun radiasiya səbəbindən olduğunu anlayıram"-deyib.
Re Yonq adlı mühacir isə qonşularında qüsurlu körpə dünyaya gəldiyini bildirib: "körpənin cinsiyyətini müəyyən edə bilmirdik. Çünki cinsiyyət orqanı yox idi. Şimali Koreyada qüsurlu doğulan körpələr ailələri tərəfindən öldürülür".