Kəmalə Aşumova,
"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan edilməsi qanunun aliliyi, insan hüquqlarının müdafiəsi və azadlıqlara hörmət kimi dövlətin fundamental prinsiplərinin əsas əhəmiyyətini vurğulayır. Məlumdur ki, uşaq hüquqları insan hüquqlarının ayrılmaz hissəsidir. Uşaqların həssas əhali qrupu olduqları və hüquqlarının müdafiəsində əsasən böyüklərdən asılı olduqlarına görə, onların rifahını, inkişafını və gələcəyini təmin etmək üçün əlavə müdafiə və dəstək tədbirlərinə ehtiyac vardır.
Bu il uşaq hüquqlarının qorunmasına, onların inkişafına göstərilən diqqət dövlətin sağlam, savadlı və tamhüquqlu nəslin formalaşmasına xidmət edən şəraitin yaradılmasına verdiyi diqqət və qayğının bariz təzahürüdür. Bu, uşaq məsələlərinin dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha sübut edir.
Azərbaycan Respublikası Konstitusiyasının 17-cimaddəsinə əsasən “Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.”Elan edilmiş “Konstitusiya və Suverenlik ili” uşaqların təhsil və mədəni imkanlara bərabər çıxışının təmin edilməsinə, davamlı gələcəyə sərmayəyə yönəlmiş proqram və təşəbbüslərin əhəmiyyətini vurğulayır. Sağlam mühitdə yaşamaq hüququ, təhsil hüququ, ailələrin qorunması və möhkəmləndirilməsi sahələrini də əhatə edir. Yalnız ailə institutunu gücləndirməklə, sosial dəstək tədbirlərinin əhatəliyini genişləndirməklə və uşaqların inkişafı üçün müvafiq şəraiti yaxşılaşdırmaqla uşaqların hüquqlarının qorunması mümkündür. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” da bütün aidiyyatı dövlət və qeyri-hökumət qurumlarının uşaq problemlərinin həllində səfərbər olmasının vacibliyini göstərir.
Strategiya çərçivəsində bütün uşaqların, xüsusilə də həssas əhali qruplarından olan uşaqlar üçün inklüziv, keyfiyyətli təhsilə çıxış imkanlarının genişləndirilməsi, çətin həyat şəraitində olan uşaqlı ailələrə dəstək tədbirlərinin gücləndirilməsi, yetkinlik yaşına çatmayanlara dair ədalət mühakiməsinin uyğunlaşdırılması və zorakılıq və istismar hallarının qarşısının alınması yolu ilə uşaq hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi, uşaqlar üçün təhlükəsiz mühitin yaradılması, psixoloji və sosial rifahı dəstəkləmək üçün uşaq mərkəzlərinin və infrastrukturun inkişafı, vətənpərvərliyin, dövlətin tarixinə və dəyərlərinə hörmətin inkişafına yönəlmiş mədəni tədbirlərin və təşəbbüslərin təşkili məsələləri məxsusi əhatə edilir. Elan olunmuş “Konstitusiya və Suverenlik ili” çərçivəsində uşaqların konstitusion hüquqlarının təmin edilməsində növbəti geniş miqyaslı addımların atılmasına, uşaqların hüquqlarının müdafiəsində olan boşluqların aşkar edilməsi vəa radan qaldırılmasına, qurumlararası əməkdaşlığın gücləndirilməsinə və yeni innovativ təşəbbüslərin hazırlanmasına mühüm zəmin yaradır.
“Ümidli Gələcək Sosial Təşəbbüslər” ictimai birliyi və onun nəzdində fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”, “Qanunla ziddiyyətdə olan Uşaq və Gənclər üçün Psixo-Sosial Reabilitasiya Mərkəzi” və “Zorakılıq və təcavüz qurbanı olan Uşaq və Gənclər üçün Reabilitasiya Mərkəzi” olaraq, fəaliyyətimizin əsas istiqamətlərinin uşaqların hüquqlarının qorunması, həssas və çətin həyat şəraitində yaşayan uşaqlar və onların ailələrinə sosial, hüquqi və psixoloji dəstək xidmətlərinin göstərilməsi olduğu üçün elan edilmiş “Konstitusiya və Suverenlik ili” çərçivəsində aşağıdakı prioritetləri müəyyənləşdirmişik:1. “Konstitusiya və Suverenlik ili” çərçivəsində uşaqlar arasında uşaq hüquqları ilə bağlı məlumatlılığı artırmaqla, uşaqların hüquqlarına, o cümlədən onların müdafiə, təhsil və sağlamlığa olan hüquqlarına diqqətin daha da artırılmasını hədəfləyəcəyik. Bu, uşaqlara öz hüquqlarını və hüquqlarının pozulması halları ilə qarşılaşdıqda hansı addımları atmaqlarını daha yaxşı başa düşmələrinə xidmət edəcəkdir.
2. Uşaqların zorakılıq və təcavüzdən müdafiəsinin gücləndirilməsi istiqamətində, onlara qarşı zorakılığın, istismarın və uşaq hüquqlarının digər pozulması hallarının qarşısının alınmasına yönəlik fəaliyyətlər üçün Uşaq Qaynar Xətti əsas vasitəçi alətlərdən birinə çevrilə bilər. Anonim, konfidensial, etibarlı və güvənli xidmət olduğu üçün daha çox uşaq zorakılıq, təcavüz, sui-istifadə və ya digər hüquq pozuntusu halları ilə bağlı problemlərini və çətinliklərini qaynar xətt xidmətinə bildirmək imkanı qazanmış olur.
3. Həssas əhali qruplarından olan uşaqlara göstərilən sosial, hüquqi, təlim-tədris və psixo-emosional dəstək tədbirlərinin davam etdirilməsi, coqrafi əhatəliyinin genişləndirilməsi ilə xüsusi qayğıya ehtiyacı olan daha çox uşaq və çətin həyat şəraitində olan ailələrə yardım təmin ediləcəkdir. Həm Azərbaycan Uşaq Qaynar Xətt Xidməti, həm də Reabilitasiya mərkəzlərimiz bu qəbildən olan uşaqların və ailələrin müvafiq xidmətlərə və resurslara əlçatanlığını və çıxışını təmin etmək üçün bu il çərçivəsində dövlət və qeyri-hökumət sosial xidmət mərkəzləri, vəkillər və digər qurumlarla daha sıx əməkdaşlıq quracaqdır.
4. Dayanıqlı inkişafa və uşaqların ünsiyyət qurması üçün təhlükəsiz mühitin yaradılmasına diqqəti artırmaqla, qaynar xəttdən və təşkilatımızın reabilitasiya mərkəzlərinin xidmətlərindən istifadə zamanı uşaqların təhlükəsizliyini və məxfiliyini təmin etmək üçün bu il daha çox səy göstəriləcəkdir. Bu, uşaqların və onların ailələrinin bu cür xidmətlərə inamı və etimadının artmasına və daha çox insanın həmin xidmətlərdən bəhrələnməsinə vəsilə olacaqdır.
5. 2025-ci ildə Uşaq Qaynar Xəttinin, eləcədə təşkilatın digər sosial reabilitasiya mərkəzlərinin əməkdaşları üçün daha çox təlim və seminarlar təşkil ediləcəkdir ki, bu da göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, müxtəlif böhran vəziyyətlərində, o cümlədən zorakılıq, intihara cəhd, valideynlərin itirilməsi, uşaq evliliyinə təhrik və məcbur edilmə, uşaq alveri, təşviş və ya depressiya, bullinq və bu kimi ciddi neqativ hallarda ən sürətli cavab tədbirləri görməyə imkan yaradacaqdır.
Bütövlükdə 2025-ci ildə də “Ümidli Gələcək” ictimai birliyi və onun sosial xidmət mərkəzləri xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan uşaqlar və ailələrlə apardığı fəaliyyətlərini əhəmiyyətli dərəcədə genişləndirəcək, onların hüquqlarının müdafiəsi və onlara yönəlik sosial dəstək tədbirlərinə verdiyi töhfəni daha da gücləndirəcəkdir.