“İslahatlar bizim şüurlu seçimimizdir. Struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. İqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır”.
Bunu Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bildirib.
Prezident vurğulayıb ki, bu, sosial sahəyə böyük diqqət yetirməyə imkan verir:
“Bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb. Nəyin hesabına? Bu, göydən düşən deyil, bunları islahatların hesabına əldə edirik, əldə də etməliyik.
Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz”.
İlham Əliyev islahatlarda yaş həddi ilə bağlı məsələyə də toxunub:
“Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var getməlidir, qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meylliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var”