Naxçıvan Dövlət Universiteti (NDU) 30 iyul 2025-ci il tarixində "azadmedia.az" xəbər portalında yayımlanmış “NDU-da qızlara əxlaqsız təkliflər edən dekan işdən qovuldu” başlıqlı yazı ilə bağlı rəsmi təkzib bəyanatı yayıb.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, sözügedən materialda yayımlanan iddialar tamamilə əsassız, reallıqdan uzaq və nüfuzdan salıcı xarakter daşıyır:
Həqiqətə uyğun olmayan məlumat: Adı hallanan dekan hazırda əmək məzuniyyətindədir. Onun işdən azad olunması ilə bağlı hər hansı hüquqi sənəd mövcud deyil. Bu barədə yayılmış məlumatlar uydurmadır.
Qanunun tələbləri pozulub: Xəbər hazırlanarkən qarşı tərəfin mövqeyi öyrənilməyib, aidiyyəti orqanlara istinad edilməyib və “İnformasiya əldə etmək haqqında” Qanunun 10-cu maddəsinin tələbləri pozulub.
Böhtan xarakterli ittihamlar: İddialar konkret sübutlara söykənmədiyi üçün böhtan hesab olunur. Bu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən hüquqi məsuliyyət yarada bilər.
Universitetin imicinə zərbə vurur: Yayımlanan yalan informasiyalar ali təhsil müəssisəsi olaraq universitetin işgüzar nüfuzuna ciddi ziyan vurur.
Universitet portal rəhbərliyindən aşağıdakı addımları atmağı tələb edir:
1. Yayımlanmış əsassız məlumatların dərhal təkzib edilməsi;
2. Qarşı tərəfin mövqeyinin eyni yerdə, eyni həcim və formatla dərc olunması;
3. Hüquq pozuntusuna görə ictimai şəkildə üzr istənilməsi.
Əks halda, Naxçıvan Dövlət Universiteti qanunvericiliyə uyğun şəkildə məhkəmə müstəvisində hüquqlarını müdafiə edəcəyini bəyan edir.
Qeyd edək ki, azadmedia.az sözügedən yazını "Gündəlik Naxçıvan" səhifəsindən götürüb.
Sözügedən səhifənin linki:
https://www.facebook.com/share/p/18ypDu7o2b/
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.