AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-ABŞ münasibətləri: yeni reallıqlar və keyfiyyətcə fərqli mərhələ - ŞƏRH

  • + A
  • - A
  • Bu gün, 14:58

    Azərbaycan-ABŞ münasibətləri: yeni reallıqlar və keyfiyyətcə fərqli mərhələ - ŞƏRH

    Son günlər Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ lideri Donald Trampın iştirakı ilə keçiriləcək görüşlə bağlı çoxsaylı şərhlər verilir, müxtəlif gözləntilər səsləndirilir.

    Belə bir görüşün keçirilməsi təbii ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin sürətlənməsinə ciddi təkan verə, Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına köklü təsir göstərə bilər. Gözlənilən Vaşinqton görüşü həm də mühüm geosiyasi və strateji əhəmiyyətə malikdir.

    Azərbaycan və ABŞ üçün isə Vaşinqton görüşləri həm də ikitərəfli münasibətlərin inkişafı baxımından vacib əhəmiyyət daşıyacaq. Səfərin ABŞ Prezidentinin dəvəti ilə həyata keçirildiyini nəzərə alsaq, Tramp administrasiyasının Azərbaycanla əlaqələrə nə qədər əhəmiyyət verdiyini görə bilərik. Görünən odur ki, söhbət iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə fərqli mərhələyə qədəm qoymasından gedir. Bu mənada enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, siyasi, iqtisadi və strateji tərəfdaşlığın inkişaf etdirilməsinin müzakirə ediləcəyini gözləmək olar. Bu səfər eyni zamanda Azərbaycanın dünya gücləri tərəfindən bölgədə söz sahibi və sülh təşəbbüsünün aparıcı qüvvəsi kimi qəbul edilməsindən xəbər verir.

    Vaşinqton danışıqları Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, regionda yeni geosiyasi reallıqların yaranmasına səbəb olacaq. Rəsmi Bakı ilə Vaşinqton arasında strateji dialoqun inkişafı Azərbaycanın regiondakı rolunu, dünyadakı çəkisini daha da artırır.

    Rəsmi Bakı ilə Vaşinqton arasında əlaqələrin tarixinə baxdıqda münasibətlərin heç də həmişə hamar olmadığını görə bilərik. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olsa da, Birinci Qarabağ müharibəsi zamanı ölkəmizə qarşı münasibət ürəkaçan olmayıb. Azərbaycana dəstəyi məhdudlaşdırmaq məqsədilə “Azadlığa dəstək aktı”na qəbul edilmiş və bu günə qədər qüvvədə olan bədnam 907-ci əlavənin qəbulu da məhz həmin dövrə təsadüf edir.

    Lakin Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dönəmində əlaqələrdə pozitiv dinamika müşahidə edilməyə başladı ki, bu da həm Azərbaycanın həyata keçirdiyi dərin düşünülmüş neft strategiyası, həm də sonrakı dövrlərdə beynəlxalq koalisiya çərçivəsində qlobal təhlükəsizliyə verdiyi töhfə ilə bağlıdır.

    2003-cü ildən Ulu Öndərin siyasi kursunu davam etdirən İlham Əliyevin Prezidentliyi sözügedən münasibətlərə yeni təkan oldu. Təsadüfi deyil ki, 2006-cı ildə Vaşinqtona səfər edən Azərbaycan Prezidenti ölkəmizdə və regionda irimiqyaslı enerji layihələrinin həyata keçməsində ABŞ-nin dəstəyini xüsusi vurğulamışdı.

    Enişli-yoxuşlu yollardan keçən Azərbaycan-ABŞ münasibətləri Donald Trampın birinci prezidentliyi dövründə özünün ən isti dövrünü yaşayıb. Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Trampın verdiyi dəstək rəsmi Bakının Vaşinqton üçün önəmli strateji əməkdaş olduğunu sübut edir.

    Bununla belə, 2021-ci ildə Bayden administrasiyasının iqtidara gəlməsi iki ölkə arasında münasibətlərdə soyuqluq yaranmasına səbəb olub. Ermənipərəst mövqeyi ilə tanınan bu administrasiya regiona yönəlik destruktiv siyasət yürütməyə başlayıb. Cozef Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi, Qarabağa aid söylədikləri balanslı və ya bitərəf siyasətdən çox uzaq sayılır. Eyni zamanda dondurulmuş 907-ci düzəlişin bərpası da məhz bu administrasiyanın fəaliyyəti nəticəsində olub. Paralel olaraq Bayden tərəfindən səsləndirilən “Dağlıq Qarabağ xalqı” ifadəsi də Ağ Evin yürütdüyü siyasətə zidd idi. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına almaq idi. Rəsmi Bakının da sərt mövqeyi həm bu məsələdə, həm də humanitar yardım adı altında Ermənistanın silahlanmasına dəstək göstərməsinə görə idi.

    Amma ikinci dəfə ABŞ prezidenti seçilən Donald Tramp Ağ Evin Azərbaycanla bağlı siyasətinə yenidən baxmasına, müsbət dəyişikliklərə rəvac verib. Azərbaycan Prezidenti İlham Əliyev də hələ Trampın inauqurasiya mərasimindən əvvəl açıqlamalarında bildirmişdi ki, Trampın yenidən prezident seçilməsi ABŞ-Azərbaycan münasibətləri baxımından müsbət tendensiyadır və əlaqələr strateji səviyyəyə yüksələ bilər. Çünki Tramp administrasiyasının Cənubi Qafqaza böyük əhəmiyyət verdiyi, Azərbaycanın regionun lider ölkəsi olduğunu, strateji əhəmiyyəti və rolunu dərk etdiyi açıq-aydın görünür. Bunu Senatda və Konqresdə səsləndirilən fikirlər də sübut edir. Məsələn, cari ilin may ayında Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bir daha vurğulandı ki, Azərbaycanın Mərkəzi Asiya və Avropa arasındakı nəqliyyat qovşağında rolu danılmazdır. Eyni zamanda, Azərbaycanın karbohidrogen resurslarının tranziti məsələsində də rolu qeyd olundu. Bu baxımdan Senatdakı dinləmələrdə ABŞ-nin Azərbaycana ciddi dəyər verməli olduğu bir daha ifadə edildi.

    Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında keçən telefon danışıqları, məktublaşma formatında intensiv kommunikasiya da göstərir ki, ABŞ hazırda Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir. Məsələn, Azərbaycan Prezidenti Trampı yenidən prezident seçilməsi münasibətilə təbrik etmək üçün 2024-cü ilin 25 noyabr tarixində ona zəng edib. Telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlər, dostluğun və əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib. 2025-ci ilin 21 yanvar tarixində İlham Əliyev Trampa prezident kimi fəaliyyətə başlaması münasibətilə təbrik məktubu ünvanlayıb. Azərbaycan Prezidenti məktubunda ABŞ liderinin gələcək fəaliyyətinin dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacağına əminliyini ifadə edib.

    İki lider arasında sonrakı ünsiyyət məktublar vasitəsilə davam edib. Məsələn, Vaşinqton yaxınlığında hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İlham Əliyev ABŞ liderinə başsağlığı məktubu ünvanlayıb.

    ABŞ prezidenti Donald Trampın İlham Əliyevə Novruz bayramı münasibətilə, 28 may Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubları da sübut edir ki, ABŞ artıq Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək əzmindədir. Tramp Administrasiyasında Azərbaycanla əməkdaşlığın ilk növbədə Amerikanın milli maraqlarına uyğun olduğunu anlayır və bu baxımdan ölkədə güclü təsiri olan erməni lobbisinin maraqlarına uyğun davranış nümayiş etdirməkdən çəkinirlər.

    Bununla yanaşı, Azərbaycan Lideri İlham Əliyev bir sıra xarici telekanallara müsahibəsində də ABŞ-Azərbaycan münasibətləri barədə açıqlamalar verib, Tramp administrasiyası ilə münasibətlərin və güclü tərəfdaşlığın yenidən qurulmasına çox nikbin baxdığını dilə gətirib.

    Cari ilin 19 iyul tarixində Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu və İlham Əliyevin çıxışı bütün dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilib. Ölkə başçısının suallara verdiyi cavablar, ABŞ ilə münasibətlərə dair səsləndirdiyi fikirlər böyük maraqla qarşılanıb. Azərbaycan Lideri bildirib ki, ABŞ-Azərbaycan münasibətlərini yaxın gələcəkdə daha yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq: “Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın administrasiyası ilə birləşdirir.

    Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq”.

    Bu, əslində yeni diplomatik dövrün başlanması demək idi. Bu fikirlər Vaşinqtona ünvanlanan siyasi ismarış idi. ABŞ Prezidenti Donald Trampın İlham Əliyevin bu fikirlərini öz sosial şəbəkəsində paylaşması bütün dünyaya verilən ciddi bir mesaj sayılmalıdır. Çünki bu sadəcə bir jest, diplomatik nəzakət deyil. Bu, ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyması, strateji tərəfdaşlığa verilən dəyər, iki ölkə arasında qarşılıqlı hörmətə və siyasi iradəyə əsaslanan dialoqun dərinləşməsi, Azərbaycanın Cənubi Qafqazın lider ölkə olmasını sübut edir.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR