AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Karantin yumşaldılsa da, bölgələrə gediş-gəliş niyə bərpa olunmur? - MÜNASİBƏT

  • + A
  • - A
  • 1-06-2020, 14:38

    Karantin yumşaldılsa da, bölgələrə gediş-gəliş niyə bərpa olunmur? - MÜNASİBƏT


    Çindən başlayaraq bütün dünyaya yayılan, həyatın bütün sferalarını iflic edən koronavirus (COVID-19) pandemiyası Azərbaycandan da yan keçməyib.

    Ölkəmizdə pandemiyaya ilk yoluxma fevralın sonunda qeydə alınıb və bu, idxal yoluxma olub.

    Prezident İlham Əliyev pandemiyanın yayılmasının qarşısının alınması, eləcə də, pandemiya dövründə ön cəbhədə insanların sağlamlığı və təhlükəsizliyi üçün mübarizə aparanların əməkhaqlarının bir neçə dəfə artırılması barədə sənədlər imzalayıb.

    Bundan başqa, belə çətin günlərdə xalqımızın birlik və bərabərliyinin ifadəsinə xidmət edəcək daha bir sərəncam imzalanıb.

    Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasından sonra dövlət başçısı özünün bir illik əməkhaqqını fonda bağışlayıb. Bundan başqa, Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ianə edilib.

    Ölkə rəhbərinin bu təşəbbüsünə Birinci vitse-prezident Mehriban Əliyeva da qoşulub. M.Əliyeva da fonda bir illik əməkhaqqını ianə edib.

    Tezliklə ölkə ictimaiyyəti Prezidentin çağırışına qoşulub, minlərlə ölkə vətəndaşı – iş adamları, dövlət xadimləri, hüquqi və fiziki şəxslər fonda müxtəlif məbləğlərdə vəsaitlər köçürüblər.

    Pandemiyanın qarşısının alınması üçün görülən tədbirlərdən ən mühümü Nazirlər Kabineti yanında operativ qərargahın yaradılması oldu.

    Qərargahın müvafiq qərarı ilə sərhədlər bağlandı, xaricdəki vətəndaşlarımızın ölkəyə gətirilməsi üçün çarter reyslər təşkil edildi.

    Pandemiya dönəmində aztəminatlı əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ilkin olaraq 200 min nəfərə birdəfəlik – 190 manat ödəmə verilməsi qərara alındı. Bundan sonra Prezident İlham Əliyevin müvafiq göstərişi ilə bu say 600 minə qədər artırıldı. Artıq iki aylıq 190 manatlıq ödəmələr vətəndaşların bank hesablarına köçürülüb.

    Operativ qərargahın qərarları ilə karantin rejimi elan edilib, daha sonra bunun sərtləşdirilməsi üçün yeni qərar qəbul olunub.

    Ölkədə normal həyata qayıtmaq üçün isə müvafiq qərarlar verilib.

    Bir neçə gün əvvəl ölkədə karantin rejiminin növbəti dəfə yumşaldılması qərarı ilə əmək fəaliyyətinin mümkün qədər bərpa olunması və insanların qapalı yerlərdə qalmasının minimuma endirilməsi nəzərdə tutulub.

    Burada iqtisadi aktivliyi artırmaq, eyni zamanda, insanların özlərini qoruması əsasdır. Bu iki şərti tətbiq etdikdə, həm özümüzü qoruyacağıq, həm də karantin rejiminin iqtisadi böhran vəziyyətinə səbəb olmaması təmin ediləcək.

    İnsanları narahat edən məsələlərdən biri də ölkədə xüsusi karantin rejiminin mərhələli şəkildə yumşaldılmasından sonra rayonlara gediş-gəlişin olmamasıdır.

    Nazirlər Kabineti yayında operativ qərargahın brifinqində də bildirilib ki, rayonlara gediş-gəlişin bərpası yoluxmanın səviyyəsindən asılıdır.

    Son günlər yoluxma səviyyəsinin artması bu məsələlərə konservativ yanaşma tələb edir. Sərbəstlik artdıqca, yoluxma hallarının sayı artır. Təbii ki, insanlar qaydalara riayət etməli, sosial məsafəni saxlamalıdırlar.

    Mütəxəssislər düşünür ki, gediş-gəlişin intensivliyi yüksələrsə, yoluxma arta bilər.

    COVID-19 zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək, mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

    Koronavirusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olub. Bu baxımdan, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, operativ qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırılır.

    COVID-19-la mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir.

    Bütün bunlara baxmayaraq, insanları narahat edən digər məsələlərdən biri də Naxçıvan Muxtar Respublikasına daxili aviauçuşların həyata keçirilməsi ilə bağlıdır. Çünki uçuşların dayandırılmasından əvvəl Muxtar Respublikaya gedib, orada qalanlar var. Halbuki onlar Bakıda çalışırlar.

    Məsələ barədə yaxın günlərdə qərarın verilməsi gözlənilir. İlkin məlumatlara görə, iyunun 8-dən sonraya Naxçıvan Muxtar Respublikasına daxili aviauçuşların həyata keçirilməsi planlaşdırılır.

    Bildirilir ki, istər daxili, istərsə də gələcəkdə beynəlxalq uçuşlarda Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydaları əsas götürülüb.

    Bütün uçuşlar müəyyən edilən xüsusi qaydalar tətbiq edilməklə həyata keçiriləcək. İstər daxili, istərsə də beynəlxalq uçuşlarda reyslərin sayı azaldıla bilər. Təyyarələrdə sərnişinlərin sayı da məhdudlaşdırılacaq. Təyyarə daxilində məsafənin qorunması hava gəmisinin ekipajının təhlükəsizliyi baxımından tətbiq olunan beynəlxalq qaydadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR