Bu il Masallıda 7 məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi və ya əsaslı təmir olunması nəzərdə tutulub.
AzadMedia.az xəbər verir ki, bu sahədə artıq ilk addım atılıb. Belə ki, iyulun 1-də Masallı şəhər Səməd Vurğun küçəsində 100 yerlik uşaq-tərbiyə müəssisəsinin təməlqoyması olub.
İkimərtəbəli, yaraşıqlı bağçada uşaqların əylənməsi üşün hər cür şəraitin yaradılacağı qeyd olunub.
Pandemiya dövründə təməli qoyulan uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq.
Bağçanın təməlqoymasında iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov uşaqların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu qeyd edib. Rayon rəhbəri bu sahədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğı və mərhəmətinin ləyaqətlə təmsil edildiyini vurğuladı. Masallı şəhərində körpə fidanların üzünə açılacaq körpələr evi-uşaq bağçası da bu mərhəmətin, diqqət və qayğının parlaq nümunəsidir.
Bu gün uşaqların keyfiyyətli təlim-tərbiyə və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindən biridir.
Qeyd edək ki, təməlqoymada Milli Məclisin deputatı Məşhur Məmmədov və gənc sahibkar Mədinə Şahbazova da iştirak etmişlər.
Son illər respublikamızda, o cümlədən Masallı rayonunda aparılan möhtəşəm quruculuq, abadlıq işləri Ümummilli Lider Heydər Əliyevin siyasətinin uğurlu davamıdır. Pandemiya dövrü olmasına baxmayaraq ölkə rəhbəri İlham Əliyevin balanslı siyasətinin nəticəsidir ki, istər siyasi, istər iqtisadi, istərsə də mədəni-humanitar sahələrdə əldə olunan nəticələr dünya birliyi tərəfindən qəbul edilir, alqışlanır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi həyatında əldə edilən uğurlar hər bir bölgədə olduğu kimi Masallının həyatında da öz əksini tapmaqdadır. Möhtərəm Prezidentimizin tövsiyə və tapşırıqları əsasında şəhər ərazisində irimiqyaslı layihələrin icrası, quruculuq-abadlıq işləri davam etdirilir. Həmçinin məşğulluq səviyyəsinin artırılması, infrastruktur layihələrinin həyata keçirilməsi və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Ölkəmizdə uşaqlara qayğı həmişə ön plandadır. Bu məqsədlə hər il onlarca uşaq-tərbiyə müəssisəsi tikilir.