Azərbaycan Demokrat Firqəsi Tovuzla bağlı bəyanat yaydı
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi Ermənistanın Tovuz bölgəsinə hərbi təcavüzü haqqında bəyanat yayıb.
AzadMedia.az xəbər verir ki, bəyanatın mətnini təqdim edir:
"Hörmətli həmvətənlər!
Azərbaycan Demokrat Firqəsinin üzvləri və tərəfdarları!
Bir çox yerli və xarici xəbər agentliklərin yaydığı xəbərlərə görə, 12 iyul 2020-ci il tarixində Ermənistanın təcavüzkar hökumətinin silahlı qüvvələri növbəti dəfə Azərbaycanın Tovuz rayonu bölgəsində təcavüz göstəriblər. Düşmənin bu təcavüzü Azərbaycan ordusunun hərbi birləşmələrinin əks əməliyyatı ilə zərərləşdirilib. Lakin pərakəndə qarşıdurmalar hələ də davam edir.
Toqquşma zamanı hər iki tərəf itki verib. Bizim azərbaycanlı qardaşlarımızdan yaşlı mülki şəxs, bir neçə əsgər, yüksək rütbəli zabitlər, bir ordu generalı, ümumilikdə 11 nəfər Azərbaycan torpaqlarını müdafiə edərkən qəhrəmancasına şəhid olublar.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağ ilə əlaqədar Azərbaycan və Ermənistan arasında münaqişələr Sovet İttifaqının son illərində yaranmışdır. Sovet İttifaqının dağılmasından dərhal sonra bu münaqişə Ermənistan dövlətinin təcavüzkar siyasəti nəticəsində iki tərəfin qüvvələri arasında genişmiqyaslı müharibəyə çevrildi.
Qabaqcadan təcavüzlərə hazırlaşan Ermənistan hökuməti Sovet İttifaqının dağılmasından sonrakı hərcmərclik şəraitindən və Azərbaycan Respublikası müstəqilliyin formalaşmasının ilk illərindən sui-istifadə edərək, qəflətən hücumlara başlayıb, Azərbaycan Respublikası ərazisinin 20 faizini işğal etdi və bu ərazidə yaşayan vətəndaşları öz el-obasından qovdu.
Bu vəhşi əməliyyatlarda minlərlə əsgər və mülki şəxs, kişi və qadın, qoca və gənc, o cümlədən uşaqlar vəhişəcəsinə qətlə yetirildi, minlərlə insan yaralandı və şikəst edildi, Dağlıq Qarabağdan başqa, qonşu 7 rayon Ermənistan hökuməti tərəfindən işğal edildi və bir milyona yaxın insan öz doğma ev obasından qovulub didərgin düşdülər.
Nəhayət, 1994-cü ildə Rusiya, Avropa ölkələri və ABŞ-ın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs quruldu.
Belarus Respublikasının paytaxtı Minskdə bu ölkələrin və münaqişə tərəflərinin nümayəndələrinin iştirakı ilə böyük Konfrans keçirilirdi. Rusiya, Fransa və ABŞ-dan bir işçi qrup nümayəndə təyin edildi ki, siyasi danışıqlar yolu ilə hər iki tərəfi razı salan bir şəkildə münaqişəyə xitam verilib sülh bərqərar olunsun.
Sonra iki ölkə arasındakı mübahisələr və Ermənistanın ərazi iddiaları BMT-də müzakirə edildi. BMT qətnamələrində Ermənistan hökuməti təcavüzkar kimi tanındı, işğal olunan torpaqlar və Dağlıq Qarabağ Azərbaycan torpaqları kimi elan edildi. Ermənistan hökumətindən istənildi ki, işğal altındakı torpaqları boşaldıb və Azərbaycan hökumətinə təhvil verilsin. Həmçinin, Azərbaycan hökumətindən istənildi ki, Dağlıq Qarabağda yaşayan azsaylı erməni vətəndaşların hüquqlarına hörmət edilsin və yerli işlərdə onların muxtariyyəti təmin olunsun.
Təəssüf ki, Azərbaycan hökuməti tərəfindən Dağlıq Qarabağda yaşayan azsaylı erməni vətəndaşların hüquqlarını və onların muxtariyyətini ən yüksək səviyyədə təmin etməyə hazır olduğuna baxmayaraq, Minsk Qrupunun tərəflərlə danışıqları indiyədək yekunlaşmayıb.
Bu 27 il müddətində, tərəflər arasındakı rəsmi atəşkəs vəziyyətinin olmasına baxmayaraq, Ermənistan hökumətinin hərbi qüvvələri dəfələrlə cəbhə xəttində atəşkəsi pozublar, hər dəfə də Azərbaycan ordusunun qətiyyətli cavabı ilə qarşılanıblar.
Lakin bu dəfə Dağlıq Qarabağ cəbhə xəttindən yüzlərlə kilometr uzaqda olan 2 ölkənin rəsmi sərhədindən, Gəncə ilə Gürcüstan sərhədi arasındakı Tovuz rayonunda, Ermənistan hökumət qüvvələri bu uğursuz təcavüza təşəbbüs göstəriblər.
Bəzi ekspertlər hesab edirlər ki, Ermənistan hökumətinin yeni təcavüzü üçün bu məntəqəni seçilməsinin səbəbi odur ki Azərbaycan neft və qaz kəmərləri məhz bu ərazidən Gürcüstan, Türkiyə və Avropaya keçir. Bu yer Azərbaycan və digər ölkələr üçün strateji əhəmiyyətə malik olan bir yerdir.
Bu şərhçilərin fikrincə, əgər Ermənistan hökuməti bu bölgəni işğal edə bilsəydi, eyni zamanda həm Azərbaycanın neft və qaz ixracında ciddi problemlər yarada bilərdi, həmdə ki, şübhəsiz digər maraqlı ölkələr açıq və ya gizli şəkildə bu mücadiləyə ilişməli olardılar.
Əgər nüfuzlu beynəlxalq assambleyalar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, Minsk Qrupu və bölgənin güclü ölkələri bölgədə yeni bir dağıdıcı müharibənin başlamasını istəmirsə, gərək ki, dinc və siyasi şəkildə Ermənistan hökumətini Azərbaycan ərazisini tərk etmək və onun ərazi bütövlüyünə hörmət etməyə məcbur etsinlər.
Əks təqdirdə, Azərbaycan xalqının və hökumətinin keçmişdəki kimi öz haqlı hüquqlarından məhrum olduğu bir vəziyyətdə, Azərbaycan xalqı və hökuməti öz vətənlərini şərəflə müdafiə etməkdə və işğal olunmuş əraziləri azad etməkdə günahlandıra bilməzlər.
Azərbaycan Demokrat Firqəsi həmişə Ermənistan hökumətinin Azərbaycan Respublikası ərazisinə etdiyi təcavüzləri pisləyib və hər zaman Azərbaycan Respublikasındakı azərbaycanlı bacı və qardaşlarının yanında olub və olacaqdır".