Dövlət gələcək xatirinə bu “yük”ün altına girəcəkmi? - “Uşaq pulu”na xərclənəcək 1-1,5 milyard...
Koronavirus pandemiyasının ölkədə sosial-iqtisadi vəziyyəti ağırlaşdırdığı və dövlətin əhalini sosial cəhətdən dəstəkləməsinin vacib olduğu bir məqamda “uşaq pulu” məsələsi yenidən gündəmə gəlib.
Dövlət büdcəsinə edilən dəyişikliklərdə bu məsələ növbəti dəfə də nəzərə alınmasa da, müzakirə obyekti olaraq qalmaqdadır.
Qeyd edək ki, Milli Məclisin iclasında deputatlar Tahir Kərimli və Sabir Rüstəmxanlı ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı “uşaq pulu” məsələsini gündəmə gətirib.
Tahir Kərimli ünvanlı sosial müavinətin dayandırılmasını, onun əvəzində “uşaq pulu”nun verilməsini təklif edib: “Bu gün ünvanlı sosial yardımı 70 faiz imkanlı ailələr alır, bu da insanlarda qıcıq yaradır. Ən kasıb ölkələrdə belə hazırda “uşaq pulu” verilir.Amma bizdə verilmir.Mən baxıram, nazir deyib ki, bunun üçün 2.5 milyard manat vəsait lazımdır.Amma “uşaq pulu” strateji məsələdir və verilməsi vacibdir.Deyirik ki, Neft Fondunda olan vəsait gələcək nəsillər üçündür.
Bəs uşaqlar bizim gələcəyimiz deyilmi?Bəlkə də “uşaq pulu”nu zamanında bərpa etsəydik, bu gün 190 manata bir çox ailələrin ehtiyacı olmayacaqdı.Ən azından birtəhər dolanacaqdılar.Bu gün “uşaq pulu” vermiriksə, sabah onları necə müharibəyə aparacağıq?”
Sabir Rüstəmxanlı isə rayonlarda icra başçılarının insanların sosial müdafiə üçün ayrılan vəsaitləri mənimsədiyini bildirib: “Bununla bağlı bir çox videofaktlar gördük. Bunu təkzib etmək olmaz.Bunun qarşısını almaq üçün ən yaxşı çıxış yolu “uşaq pulu”nun verilməsidir.Təklif edirəm ki, bu məsələyə baxılsın”.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, bu məsələdə ünvanlılığa üstünlük verilməlidir: “Təklif edirəm ki, bununla bağlı işçi qrup yaradılsın və bu məsələni araşdırsın. Hesab edirəm ki, əgər bu olacaqsa, ünvanlı olmalıdır, ehtiyacı olan ailələrə verilməlidir”.
Beləliklə, dünyanınəksər ölkələrində tətbiq olunan sosial müavinətin bu növü Azərbaycanda niyə tətbiq olunmur? Rəsmi statistikada yer almasa da, aztəminatlı və işsiz əhali faizinin yüksək olduğu ölkəmizdə gələcəyimiz olan uşaqların sosial təminatı dövlət büdcəsi üçün həqiqətən “ağır yükdür”mü?
İqtisadçı Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, “uşaq pulu” məsələsi artıq bir neçə ildir ki, davamlı olaraq gündəmə gətirilir:
“Bizim tərəfimizdən də bu mexanizmin Azərbaycanda tətbiqinin zəruri olması əsaslandırılır. Hökumət müəyyən qədər bunun dövlətə yaradacaq maliyyə yükü ilə əlaqələndirir.Eyni zamanda ölkədə demoqrafik artım tempinin normal olması, ünvanlı sosial yardım proqramlarının həyata keçirilməsi ilə izah etməyə çalışır ki, Azərbaycanda “uşaq pulu”nun verilməsinə ehtiyac yoxdur.Amma tamamilə yanlış və əsassız izahetmədir.Demokrafik vəziyyətə baxmış olsaq, çox ciddi geriləmə baş verir. 1991-ci ildə hər 1000 nəfərə 20 uşaq doğulurdu, indi isə hər 1000 nəfərə 8 uşaq doğulur. 28 ildə demokrafik artım tempinin nə qədər aşağı düşdüyü göz qabağındadır.Ünvanlı sosial yardım isə ailə üzvlərindən hər hansı birinin 160 manatdan aşağı gəlirinin kompensasiyasına verilir.Dövlət nə qədər kiçiltsə də, ölkədə yaşayış minimumu 190 manatdır.Hətta bunun belə yox, 160 manatın kompensasiya hissəsi verilmiş olur.Bu o deməkdir ki, ünvanlı sosial yardım proqramı həmin ailədəki uşaqların normal səhiyyə, normal təhsil xidmətlərinə çıxış imkanları demək deyil, onlar minimum aclıq həddində yaşayan insanlardır”.
İqtisadçı deyir ki, “uşaq pulu” məsələsinə daha geniş aspektdən, insan kapitalı aspektindən yanaşılmalıdır:
“Hazırda varlı dövlətlər o dövlətlərdir ki, onların savadlı əhalisi çoxdur. Bu gün hansısa ölkə nefti, qazı, hər hansı resursu ilə zəngin ölkə sayılmır, bunu Hollandiya, İzrail, Yaponiya təcrübələri də sübut edir.İnsan kapitalının inkişafı, uşaqların sağlam böyüməsi, normal təhsilə çıxış imkanlarını təmin etmək üçün ailələrə kömək edilməlidir.Kimsə izah etməyə çalışır ki, nə üçün biznesmenin uşağına pul verilsin.Amma bu da sistemin nöqsanıdır.Əgər ailə təsərrüfatlarının gəlirlərinin düzgün statistikası aparıla bilsə idi, iqtisadiyyatın şəffaflaşdırılması təmin edilsəydi, o zaman sistemdə hansı ailənin gəlirlərinin nə qədər olduğu görünəcəkdi.Buna uyğun olaraq, “uşaq pulu”nun hansı ailəyə verilməsinin müəyyənləşdirilməsi mümkün idi.Belə olmadığı halda statistikadan istifadə edərək yardım etmək mümkündür”.
Rəşad Həsənov deyir ki, sosial və demoqrafik siyasətin birləşdirilməsi yolu ilə deferensial sistem formalaşdırıla bilər:
“Burda dövlətin maliyyə yükü və ənənələrini nəzərə alaraq, birinci uşağa ödəniş etməmək olar, ikinci uşağa 70, üçüncü uşağa 100 manat olmaqla sistem formalaşdırmaq olar. Və ya əgər dövlət seçmə üsul formalaşdırmaq istəyir və maddi rifahı aşağı olanlara vermək istəyirsə belə bir mexanizmdən istifadə edə bilər.Məsələn, neft sektorunda çalışanların gəlirləri ölkə üzrə ən yüksək gəlirlərdir - burda orta aylıq əmək haqqı 3600 manatdır.Validenylərindən biri neft sektorunda və ya xüsusi dövlət qulluğunda çalışanlara həmin müddətdə “uşaq pulu”-nun verilməsi dayandırıla bilər.Beləliklə proqramın maliyyə yükü azaldıla, ən azı ehtiyacı olanların qorunmasına şərait yaradıla bilər”.
İqtisadçı deyir ki, hazırda ölkədə 360 min təkuşaqlı, 530 min ikiuşaqlı, 260 min üçuşaqlı, 124 min dörduşaqlı ailələr var:
“Mexanizmi tətbiq etməklə illik maliyyə yükünü 1 - 1,5 milyard manat ətrafında məhdudlaşdırmaq, dövlət büdcəsini buna uyğunlaşdırmaq olar. Büdcənin sosial yükü 40 faizdir, inkişaf etmiş ölkəələrdə isə bu 70-80 faizdir. Bu o deməkdir ki, Azərbaycanda sosial proqramların əhatə dairəsini genişləndirmək inkanları var. Lazımsız istiqamətlərə yönəldilən vəsaitləri azaltmaq, həmin xərc istiqamətlərini şəffaflaşdırmaq, korrupsiya predmetinə çevirilməsi imkanlarının qarşısını almaqla həmin “uşaq pulu” proqramının maliyyələşdirmək olar.”