Nurəddin ƏDİLOĞLU yazır
Artıq heç kimə sirr deyil ki, Ermənistan tərəfindən dəfələrlə pozulan humanitar atəşkəs bu işğalçı-terrorçu dövlətə himayədarları tərəfindən silah-sursat ötürmək üçün lazım imiş
Dünya ictimaiyyəti yaxşı bilir ki, öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsi aparan Azərbaycan təkcə Ermənistan kimi quldur və işğalçı dövlətlə döyüşmür. Bu savaşda havadarları erməni faşizmindən alət kimi istifadə edir, onun bölgədə terrorçuluq, dağıdıcı fəaliyyətini gücləndirməyə səy göstərirlər. Eyni zamanda, Azərbaycan Prezidentinin bu günlərdə təlxək adlandırdığı Nikol Paşinyanı isə himayədarları gerçəkdən özlərinin marionetkasına, gülüş obyektinə çevirirlər.
KİV-də yayılan məlumatlara görə, Ermənistana bu və ya digər ölkələrdən uçan təyyarələr humanitar yardım, ərzaq, geyim adı altında Azərbaycanın ərazisinin işğal altında saxlanması və savaş bölgəsindən xeyli uzaqda dinc sakinlərin qətlə yetirilməsi üçün nəzərdə tutulan silah-sursat və hərbi texnikalar daşıyırlar. Həmin təyyarələrlə “Kornet”, “Solnerspek”, “Smerç” kompleksləri üçün sursatlar, “D-20” haubitsaları (152 mm çaplı) və “D-30” (122 mm çaplı) silahı gətirilir. Sonuncunun istehsalı iki il əvvəl dayandırılıb, ancaq Rusiyanın silah anbarlarında onlara uyğun kifayət qədər sursatın olduğu bildirilir. Məhz həmin silahlarla Ermənistanın mülki əhaliyə açdığı atəş nəticəsində Azərbaycanda 100-dək dinc sakin dünyasını dəyişib, yüzlərlə insan isə yaralanıb, yüzlərlə yaşayış binaları, onlarla məktəb və uşaq bağçaları tar-mar edilib. Erməni faşist toplumu mənfur xislətini “havadarlarından “yardım” adı ilə aldığı bu ən yeni silahlarla bu gün humanitar atəşkəs dövründə də davam etdirir.
Üstəlik Azərbaycana qarşı ikili standartlar mövqeyi tutan bəzi dövlətlərin başçıları adı yuxarıda çəkilən silahları güya o ölkələrdə yaşayan erməni iş adamlarının alıb Ermənistana göndərdiyini bildirirlər. Müşahidələr göstərir ki, hətta Rusiya və Fransadan
Ermənistana sərnişin təyyarələrində hərbi təyinatlı yüklər daşınır. Oktyabrın birinci ongünlüyündə təkcə Fransadan 10 saat ərzində hərbi təyinatlı yüklər daşıyan 24 təyyarə Ermənistanda enib. Gürcüstan polisinin Fransadan Ermənistana humanitar yük daşıdığı iddia edilən bir TIR-ı ölkə ərazisində saxladığına dair məlumat yayılıb. Həmin yük avtomobilində dərman qutularının içində Radio Lokasiya Sisteminin hissələri aşkarlanıb. KİV-də dərc olunan informasiyalardan aydın olur ki, himayədarları Ermənistana təkcə silah-sursat deyil, həm də canlı qüvvələr göndərirlər. Yunanıstandan İraqa uçan təyyarənin oradan Ermənistana PKK terrorçuları və muzdluları daşıdığı təkzibedilməz faktlardandır. Ciddi əsgər qıtlığı ilə üzləşən işğalçı Ermənistanın xüsusi xidmət orqanları Rusiya ərazisindəki erməni diaspor təşkilatları ilə muzdlu döyüşçülərin Qarabağa göndərilməsi üçün yeni fəaliyyətə başlayıblar. Moskvada başlayan kampaniyaya əslən Qarabağdan olan Rusiya vətəndaşı Armen Buşants başçılıq edir.
Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatından sonra Ermənistanın hərbi-siyasi hakimiyyəti torpaqları işğaldan azad etməkdənsə, hər gün həmin dövlətlərdən “yardım” istəyir.
Faşist Ermənistanına bu qədər güzəştlər, açıq-aşkar silah-sursat yardımı haradan, nədən qaynaqlanır? Ən təəccüblüsü budur ki, BMT başda olmaqla ABŞ, Fransa, Britaniya, Rusiya, Çin kimi dünya “beşliyi” və Avropa İttifaqının “xaç atası” olan Almaniya işğalçı Ermənistana Azərbaycan torpaqlarını dərhal tərk etməyi hələ də məsləhət bilmirlər. Niyə? Bu sualın inkar cavabı əlbəttə, çox gülüş doğurardı. “Ermənistanın havadarları, sizə deyirəm: bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə. Əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilərmi? Yox.” Bu fikirlər Azərbaycanın dövlət başçısı İlham Əliyevin müraciətindəndir. Silahlı Qüvvələrin Ali Baş Komandanı bütün dünyaya səslənir: “Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs, necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu
haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün gələcək, gələcəklər xahişlərlə, təkliflərlə, əməkdaşlıq təklifləri ilə. Bəs, hansı üzlə bizə baxacaqlar? Bu gün bütün imkanları səfərbər ediblər bizə qarşı.”
Bəli, dövlət başçımızın dediyi kimi, inid bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır. Bu reallıq igid əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına yaranır.
Erməni faşistlərini dəhşətə salan, onların kabusuna çevrilən həm də Azərbaycanın uçan pilotsuz aparatlarıdır. PUA-larımız düşmənin canlı qüvvəsinə, hərbi və döyüş texnikasına hər gün xeyli itki verir və bütün cəbhə boyunca tutduqları mövqelərdən geri çəkilməyə məcbur edirlər. Onu da qeyd edək ki, Azərbaycan Ordusu zərbə PUA-larını yalnız işğal altındakı ərazilərimizdə müvəqqəti yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi texnikasına qarşı tətbiq edir. Tanınmış rus hərbi ekspertlərin fikrincə, bu dronlardan istifadə etməyə qərar verən Azərbaycanın hərbi-siyasi rəhbərliyi, sanki bu günləri əvvəlcədən görürdü. Eləcə də bu gün Qarabağda, dağ şəraitində qələbənin çox vacib elementlərindən qardaş Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarının effektli istifadə olunmasıdır. Azərbaycan Ordusunda yeni “əsgər” sayılan bu dronlar erməni zirehli texnikalarının əksəriyyətini məhv edib.
Ermənistanın vəziyyətinə gəldikdə, Mixail Jiroxov adlı hərbi ekspert qeyd edib ki, bu ölkə PUA donanması yaratmaq üçün nə maliyyə, nə də geosiyasi imkanlara malikdir: “Ermənistanın əsas silah tədarükçüsü olan Rusiya Federasiyasında bu cür cihazlar yoxdur və Qərb ölkələri Rusiyanın təsir dairəsində olan bir ölkəyə belə texnikanı satmağa tələsmir. Bu səbəbdən Ermənistanda istehsal olunan dronların istifadəsi son dərəcə məhdud idi və açıq şəkildə uğursuz oldu.”
Bəli, indi Dağlıq Qarabağda yaşından asılı olmayaraq, erməni əsgərlərini bilə-bilə qırğına göndərən və Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsinin iştirakçısı olan Paşinyan və onun faşist əlaltıları dərhal durdurulmalı və hərbi canilər kimi mühakimə olunmalıdırlar.
Əfsus ki, müharibədə uduzan ermənilər hərb sənətində növbəti şərəfsizliklərə əl atırlar, öz alçaq məqsədlərinə çatmaq üçün qadın batalyonları yaradır, hətta 13-14 yaşlı uşaqları orduya cəlb edirlər. Nizami Azərbaycan Ordusuna müqavimət göstərən erməni ordusunda qarışıqlıq, fərarilik baş alıb gedir, indi orada hərbçidən çox mülki şəxslər, Suriya, Livan və digər ölkələrdən gətirilən terrorçular döyüşürlər. Biz isə öz növbəmizdə mətin Azərbaycan əsgər və zabitlərinə dualar edir, hərbçilərimizə işğalçı düşmənin hərbi texnikasına sərrast PUA zərbələri endirməyi diləyirik.