Anar MƏMMƏDOV
Milli Məclisin deputatı
Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı əsassız ərazi iddiasında olan, eləcə də Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistanın ötən aydan etibarən bəzi qonşu ölkələr vasitəsilə silahlanma tendensiyasını davam etdirərək regional təhlükəsizliyi ciddi təhdid altında qoyması təəssüfedici faktdır.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatının göndərilməsi Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərdiyini sübut edir. Azərbaycan dövlətinin daima çətin günlərdə Serbiyaya dəstək nümayiş etdirməsi, bir neçə ay əvvəl koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərməsi, həmçinin Kosovonun müstəqilliyini tanımaması və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan etdiyi bir zamanda Serbiya hökumətinin bu qeyri-dost davranışı heç cürə anlaşılan deyil.
İyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınması və bu təyyarə reyslərinin Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınması artıq Ermənistan-Azərbaycan münaqişəsində üçüncü tərəflərin də bu prosesə müdaxilə etmək istəyindən xəbər verir.
Əfsuslar olsun ki, Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Həmçinin qonşu Rusiyanın belə qeyri-adekvat münasibəti ATƏT-in Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının həllində maraqlı olmadığını göstərmiş oldu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.