"Paşinyanı Köçəryan-Sarkisyan quldur dəstəsindən qoruya bilərik" — Bayram Səfərov
"Əgər Nikol Paşinyan erməni xalqının yaxşı yaşamağını və əhalini Köçəryan-Sarkisyan rejiminin əlindən tamamilə xilas etmək istəyirsə, o zaman işğalçılıq siyasətindən əl çəkməlidir, torpaqları sülh yolu ilə Azərbaycana qaytarmalıdır. Bundan sonra isə o Azərbaycandan dəstək, kömək ala bilər".
Bu fikirləri açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov bildirib.
B.Səfərov deyib ki, Ermənistan əhalisi qonşu ölkələrlə sülh şəraitində yaşamağa vərdiş etməlidir:
"Ən əsası isə Azərbaycana qarşı cinayət törətmiş bütün ermənilər məhkəmə qarşısında cavab verməlidir. Əgər Nikol Paşinyan hakimiyyətdə qalmaq istəyirsə, Köçəryan-Sarkisyan quldur dəstəsi tərəfindən devrilmək istəmirsə, o zaman ağıllı hərəkət edib işğal altında olan torpaqları dərhal azad etməlidir. Belə olarsa, biz onu Köçəryan-Sarkisyan quldur dəstəsindən qoruya bilərik. Onsuz da Azərbaycan gec-tez torpaqlarını ya sülh, ya da hərbi yolla işğaldan azad edəcək. İndi Paşinyan sülh yolunu seçsə, ağıllı addım atmış olacaq. Sülh yolu olarsa, Ermənistan Cənubi Qafqazda gedən bütün beynəlxalq layihələrdən kənarda qalmaz. Bu gün Ermənistan Azərbaycanın təşəbbüsü ilə reallaşan bütün qlobal iqtisadi və siyasi layihələrdən kənarda qalıb. Buna görə də Ermənistan dilənçi vəziyyətinə düşüb. Bunun günahı Ermənistanın işğalçılıq siyasətidir. Bizim başqa dövlətlərin torpaqlarında gözümüz olmadığı kimi, Ermənistandan da bunu tələb edirik. Qarabağ və ətraf rayonlar Azərbaycanın dədə-baba torpaqlarıdır. Biz gec-tez o torpaqlara qayıdacağıq. Buna erməni əhalisi də tam əmindir. Yaxşı olar ki, Ermənistan hakimiyyəti ağıllı tərpənib həm özünü, həm də xalqını xilas etsin".