Rusiya telekanalı “Qarabağ”ın oyunlarına qadağa qoymayıb - AÇIQLAMA
Rusiyanın “Matç TV” kanalı Azərbaycanın “Qarabağ” klubunun oyunlarının göstərilməsinə qadağa qoymayıb.
Bu barədə telekanalın azərbaycanlı şərhçisi Elvin Kərimov öz “Facebook” hesabında məlumat paylaşıb.
“Birincisi, oktyabrda kanal Azərbaycan yığmasının Millətlər Liqasındakı oyununu göstərib. İkincisi, cümə axşamları Avropa Liqasında olduqca çox matçlar olur və kanal hansı oyunları göstərməyi seçir.
22 oktyabr Bakı vaxtı ilə saat 22:00-da (“Makkabi” – “Qarabağ” matçı ilə paralel vaxtda) idman kanalında bu oyunlar yayımlanırdı: “Volfsberq” – ÇSKA, “Dinamo” (Zaqreb) – “Feyenoord” (ÇSKA-nın qrupdakı rəqibləri olduğu üçün), “Lester” – “Zarya”, “Seltik” – “Milan” və “Totenhem” – LASK. Məncə, bunu başa düşmək üçün proqram direktoru olmağa ehtiyac yoxdur.
29 oktyabr 21:00-da (“Qarabağ”ın “Vilyareal”la oyunu ilə paralel vaxtda) ÇSKA-nın Zaqreb “Dinamo”su ilə, “Feyenoord”un “Volfsberq”lə, “Antverpen”in “Totenhem”lə, AEK-in “Lester”lə və “Milan”ın “Sparta” ilə matçları göstərilib. Yenidən yüksək rəqabət olduğu üçün – ÇSKA-nın matçı, “hərbçilər”in rəqibləri, İngiltərə Premyer Liqası klubları və “Milan”ın iştirakı ilə matçlar olduğu üçün belə edilib”.