AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vərəsəlik və vərəsəlikdən imtina, onları doğuran səbəblər

  • + A
  • - A
  • 10-05-2024, 10:00

    Vərəsəlik və vərəsəlikdən imtina, onları doğuran səbəblər

    Azadmedia.az saytının “Sual verin, cavab verək” layihəsinin mövzusu vərəsəliklə bağlıdır. Suallarımıza Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradlı cavab verir.

    - Kimlər vərəsə hesab olunur?

    - Vərəsəlik ölmüş şəxsin mirasının (əmlakın) başqasına keçməsi prosesidir. Suala cavab verməmişdən əvvəl vərəsəliyin – vərəsəlik hüququnun əmələ gəlməsi və onun inkişafı tarixinə ekskursiya etsək suala tam və ətraflı cavab vermiş olarıq.

    Vərəsəlik ilk dəfə Roma hüququnda öz əksini tapmışdır. Buna kimi isə vərəsəlik anlayışı demək olar ki, mövcud olmayıb. İctimai münasibətlər inkişaf etdikcə vərəsəlik hüququ da inkişaf etmişdir.

    Avropada vərəsəlik hüququ evin (tayfanın) öləndən sonra gələn şəxsə - majora keçirdi. Qədim Türklərdə isə bu adət tamam fərqli idi. Qədim Türklərdə miras hüququ evin (nəslin) son övladına keçirdi. Buna səbəb isə böyüklərin döyüşdə olması əsas götürülürdü.

    İslam coğrafiyasında da Avropada olduğu kimi miras evin böyük oğluna keçirdi. Buna səbəb Ərəbistan yarımadasının uzun müddət Roma İmperiyasının nəzarətində olması idi.

    Bizim tarixin böyük bir hissəsi islamla bağlı olduğundan bizdə miras yazılmamış qanunla evin böyük oğluna keçirdi. Sovetlər dönəmində də bu ənənə faktiki dəyişmədi. Sovet dönəmində xüsusi mülkiyyət yox idi. Lakin hər hansı bir vasitə ilə əmlak vəfat etmiş şəxsin böyük oğluna keçirdi. Oğlu olmayanın isə arbadına.

    Müstəqillik qazandıqdan sonra bir çox qanunlarımız mənsub olduğumuz german-roman (kontinental) hüquq siteminə uyğunlaşdırıldı. Həmçinin vərəsəliklə bağlı qanunvericilik təkmilləşdirildi və mülki hüququn əsas institutlarından biri oldu.

    Vərəsliyin iki – qanun və vəsiyyət üzrə forması var. Qanun üzrə vərəsələr ölmüş şəxsin vərəsələri, vəsiyyət üzrə isə ölmüşü şəxsin sağlığında vəsiyyət etdiyi şəxs və yaxud şəxslərdi.

    Qanun üzrə vərəsəliyin 5 növü var. Bura birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildir. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.

    İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

    Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.
    Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.

    Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
    Bir məsələnin də nəzərinizə çatdırım ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
    Vəsiyyət üzrə vərəsəlik vəsiyyət edən miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vərəsəyə həvalə edə bilər (vəsiyyət tapşırığı - leqat).

    Ümumiyyətlə götürəndə, vəsiyyət üzrə vərəsəlik çox dərin bir mövzudu və buna bir müsahibə ilə tam cavablandırmaq mümkün deyil

    - Rəhmətə gedənin vərəsələri ən geci hansı müddətə vərəsəlik hüququna yiyələnməlidir?

    - Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır.

    Burada bir haşiyə çıxıb bildirim ki, bir çox Avropa ölkələrində notariat kontorların yaxınlığında vəkil büroları və yaxud vəkil kabinetləri fəaliyyət göstərir ki, vərəsəliklə bağlı olan işləri vəkillər həyata keçirsin. Hətta İsraildə vəkill bürolarının rəhbərləri notariat fəaliyyəti də göstərə bilir. Buna səbəb isə vərəsəlik işinin həyata keçirilməsində sənədləşmə işinin surətli və keyfiyyətli görülməsidir ki, vətəndaşların notariat kontorlarında işinin asanlaşdırsın. Həmin ölkələrdə vəkillərin bir çox dövlət xidmətlərinə əlçatanlığı, elektron daşıyıcılar üzərindən lazımi sənədləri əldə etməsi bizdəki qədər çətin bir proses deyil. Bizdə vəkillər hər hansı bir sənədi əldə etmək, misal üçün müştərinin nikah haqqında sənədi, mütləqdir müvafiq orqana sorğu versin və bir neçə gündən sonra həmin sorğuya cavab alsın, müşkül bir məsələdir.

    - Vərəsəliyin qanunvericilikdə göstərilən müddətdə əldə edilməməsi nəyə səbəb olur?

    - Bu suala birmənalı olaraq cavab vermək mümkün deyil. Lakin qısaca onu bildirə bilərəm ki, əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Əgər miras qoyan şəxs ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir.

    - Vərəsəliyin açılması prosesi necə həyata keçirilir?

    - Yuxarıda da bildirdiyim kimi bu proses notarial qaydada həyata keçirilməlidir. Vərəsəlik işi açılandan və qanunvericiliklə müəyyən edilmiş müddət bitdikdən sonra hər bir vərəsəyə vərəsəlik şəhadətnaməsi verilir.

    - Vərəsəlik hansı halda qüvvədən düşür?

    - Vərəsəlik institutunun özünə məxsus yeri olan vərəsəlikdən imtina və vərəsəlikdən məhrum edilməsidir. Vərəsəlik işində ən çox mübahisə yaradan vərəsəlikdən məhrum edilmədir ki, bunun da adına qanunvericilikdə ləyaqətsiz vərəsə deyilir. Ləyaqətsiz vərəsə Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Tez-tez rast gəlinməsə də məhkəmələrdə bu cür mübahisələr olur və qardaş qırğınının qarşısı qismən də olsa alınır.

    - Məhkəmələr demişkən, məhkəmələrdə vərəsəliklə bağlı nə kimi maraqlı situasiyalar olur? Nəticə necə olur?

    - Vətəndaşlarımız əksər vaxtı vərəsəlik işini özbaşlarına etməyə üstünlük verdiyi səbəbindən miras payı bölüşdürülərkən birinə çox digərinə az pay düşməyə çalışır və burada hərəsinin öz həqiqəti olur. Yəni vəkillə məsləhətləşmədən bu işləri görürlər. Məhkəmələrdə vərəsəliklə bağlı işlər yetərincədi. Çünki miras əmlak bölüşdürüləndən sonra həmin əmlak birgə paylı mülkiyyətə çevrilir naturada bölüşdürülməsi mümkün olmur və yaxud payına kompensasiya ala bilmir. Vərəsəliklə bağlı maraqlı işlərdən biri də miras qoyanın sağkən boşandığı arvadının pay tələb etməsi olur. Perspektivi olmayan işlərin dalınca qacmağa başlayırlar. Bir növü özlərinə yələncə və yaxud məcara axtarışına çıxırlar. Son nəticədə də bütün məhkəmə instansiyalarında haqlı olaraq uduzurlar.

    Hazırladı: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR