AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ təbiətinin abidəsi –Cıdır düzü

  • + A
  • - A
  • 22-01-2021, 13:20


    Nurəddin Muğanlı yazır:

    Qarabağın incisi sayılan qədim Şuşanın Azərbaycan təbiətinin nadir gözəlliklərini, xalqımızın maddi və mədəni irsini özündə əks etdirən füsunkar şəhər olduğu, onun dillər əzbəri təmiz havası, şəfalı suyu, əsrarəngiz mənzərələri barədə çox yazılıb. Şuşanı dillər əzbəri edən həm də əfsanəvi Cıdır düzüdür.

    Cıdır düzü Şuşa şəhəri yaxınlığında nisbətən düz, lakin yüksək hissəsində yerləşən, tarixən Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramlarını keçirdiyi ərazi olub. Bu ərazidə keçirilən milli xalq oyunlarının qaliblərinə bəzən qızıl pullar, bəzən isə taxıl, buğda, məişət əşyaları mükafat olaraq verilirdi. Bu düzdə güləş, qaçış, oxatma və sair oyunlar keçirilirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulmamışdan əvvəl Şuşa bəyləri həmin ərazidə çövkən oyunları və məşhur Qarabağ atlarının iştirakı ilə cıdır yarışları təşkil edərdilər. Əzəmətli Şuşa dağları, Ağzıyastı qaya, Üçmıx, Qırx pilləkən, Gəlin qayası, Xəzinə qayası və təbiətin möcüzəsi sayılan Topxana adlı sıldırım qayalar və meşələr ilə əhatələnən Cıdır düzü yurdun tarixini, gözəlliyini, şuşalıların Vətənə bağlılıq hissini özündə cəmləmiş, neçə-neçə igid oğula qəhrəmanlıq ruhu, mübarizə əzmi aşılamışdı.

    Qarqar çayının sahillərindən 400 metr hündürlükdə yerləşən Cıdır düzündən baxanda 200 metr aşağıda Daşaltı çayı və sanki qərinələrboyu Şuşanın daşlarına, qayalarına sığınan Daşaltı kəndi görünür. Daşaltı çayının sol sahilində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, çayın yatağından isə 80 metr hündürlükdə paleolit mədəniyyətinə aid qədim insan düşərgəsi olub. Düşərgə Şuşa şəhərinin ərazisində olduğu üçün Şuşa mağarası adlanır . XX əsrin 70-ci illərində Azərbaycan arxeoloqları tərəfindən aparılan arxeoloji qazıntılar zamanı burada insan yaşayışını sübut edən, qədim dövrə aid xeyli sayda daş alətlər, məişət əşyaları aşkar olunmuşdu. Bu da onu göstərir ki, bu ərazilərdə antik dövrlərdən mövcud olan qədim insan məskəni zaman-zaman müasirləşərək insanların daimi yaşayış məskənlərinə çevrilmişdir.

    Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç təpədən ibarətdir. Təpələr uzaqdan mismarı xatırlatdığından toponimə "Üçmıx" adı verilib. Bu yüksəkliklərdən baxanda Şuşanın panoramı - qala divarları, köhnə və təzə tikilən binalar, bir-birinə söykənən uca dağların ətəyində mürgüləyən dərələr apaydın görünürdü. Şuşanın şərq hissəsində Bağrıqan və ya Bağırqan dağı yerləşir. Dağın Bağrıqan adlanması məcazi məna daşıyır. Adı Günəşin doğmasıyla dağın qırmızımtıl rəng alması ilə əlaqələndirilir.

    ... Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin və Qarabağın böyük səxsiyyətlərindən, maarifçilərindən olan Mir Möhsün Nəvvabın məzarları Cıdır düzündə yerləşir. Ötən əsrin əvvəllərində Qarabağ xanəndələrinin bir çoxu Cıdır düzündəki ifalarından sonra məşhurluq qazanmışdılar. Bu əsrarəngiz təbiətə malik əfsanəvi yer Sövetlər dövründə Azərbaycanın, eləcə də Şuşaya təşrif buyuran turistlərin sevimli yerlərindən birinə çevrilmişdi. Şuşanın məşhur yeddiqat dolamaları, təbii mənzərəli Şəkili bulağı, Şamil bulağı, İsa bulağı, Daşaltı dərəsinə gedən cığırlar, eləcə də füsunkar “Qırxpilləkən” yolu və başqa səfalı dilbər guşələri qonaqlara böyük zövq verirdi. Şuşanın sanatoriya və istirahət evlərində dincələn turistlər daim həmin yerlərə gəzintilərə çıxır, təbiətin Şuşaya bəxş etdiyi gözəllik qarşısında təəccüblərini gizlədə bilmirdilər. Şuşada kurort kompleksinin inkişaf etdirilməsi haqqında sovet dövründə Mərkəzi Komitə qərar qəbul etmişdi. Hətta Şuşadan Topxana meşəsinə kanat yolunun çəkilməsi haqqında layihə hazırlanmışdı. Lakin bu layihələr reallaşdırılmadı.

    1989-cu ildən başlayaraq əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan Cıdır düzündə hər il may ayında "Xarı-bülbül" mahnı festivalları keçirilirdi. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan və SSRİ ölkələrinin iştirakı ilə keçirilirdi. Həm də bu festival təkcə Azərbaycanda deyil, bütün dünyada nüfuzlu və rəngarəng musiqi tədbiri sayılırdı.

    Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanın bir çox tanınmış rəssamları rəsm əsərlərində Cıdır düzünün möhtəşəm gözəlliyə malik olduğunu dünya sərgilərində nümayiş etdiriblər. Xalq rəssamı Mikayıl Abdullayevin Cıdır düzü və Topxana meşəsi ilə bağlı əsərləri onun yaradıcılığının leytmotivini təşkil edib. Qarabağ mənzərələri, Şuşa camaatının güzəranı da mərhum rəssamın uğurlu işlərindən hesab olunur.

    ...2016-cı ilin 15 mayında dünyanın aparıcı agentlikləri, Böyük Britaniya kraliçası II Elizabetin Azərbaycan rəssamı Sakit Məmmədovla görüşündən yazdılar. Londonda baş tutan həmin görüşdə Sakit Məmmədov II Elizabetin anadan olmasının 90 illik yubileyi münasibətilə kraliçaya Qarabağa həsr etdiyi "Cıdır düzü” əsərini hədiyyə etdi. İndi kraliça ailəsinə məxsus qədim Vindzor qəsrində qorunan həmin tablonu Azərbaycan təsviri sənətinin Qarabağnaməsi adlandırmaq olar. "Cıdır düzü” əsərini Sakit Məmmədov böyük vətəndaşlıq sevgisi ilə yaradıb. Bu tabloda tarixi gerçəklik sanki dil açıb danışır: Qarabağ. Cıdır düzü. Dilboz atı üstündə Xan qızı. Qarabağ atları. Xarıbülbül çiçəyi. Xalçalarımız. Milli musiqi alətlərimiz. Muğam oxuyan qarabağlı xanəndə. Milli geyimlərimiz. Novruz bayramının simvolları: səməni, şəkərbura, paxlava, rəngbərəng şamlar. Samovar. Bir qədər arxa planda çövkən oynayan igid Azərbaycan övladları... Və ən ümdəsi, Cıdır düzünün ən uca yüksəkliyində dalğalanan üçrəngli Azərbaycan bayrağı...

    Bu tablonu Aprel döyüşlərində ordumuzun qazandığı qələbədən ilhamlanaraq yaradan Sakit Məmmədov xatirələrində deyir: “Rəsm əsərində cövkən oyununu göstərmişdim. Hətta kraliça soruşdu ki, bu polo oyunudurmu? Mən ona dedim ki, xeyr, bu, XII əsrdə Azərbaycanda yaranmış çövkən oyunudur və 100 il öncə Avropa bunu bizdən götürərək dünyaya polo oyunu kimi təqdim edib...”

    Onu da qeyd edək ki Azərbaycan mədəniyyətinin böyük hamisi, ulu öndər Heydər Əliyev Sakit Məmmədovun sənətini yüksək qiymətləndirirdi. Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən Ulu öndər Heydər Əliyev Sakit Məmmədovun ustalıqla yaratdığı "Babadağ” mənzərəsini, Avropa Şurasının Baş katibi V.Şvimmberqə təqdim etmişdir. Şvimmberq tabloda böyük sənətkarlıqla yaradılmış "Babadağ”a baxıb: "Biz Azərbaycanı həmişə belə bir yüksəklikdə görməyi arzulayırıq” demişdi.

    Ötən ilin noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev növbəti dəfə xalqa müraciət etdi. Əvvəlki günlərdəkindən fərqli olaraq Ali Baş Komandan bu dəfə hərbi geyimdə idi. Xalqa müraciəti də Şəhidlər xiyabanından edirdi. Ölkəmizin rəhbəri müraciətində xalqa xoş müjdə verərək bildirdi ki, müzəffər Azərbaycan Ordusu Qarabağın tacı, musiqi beşiyimiz olan qədim və doğma şəhərimizi, gözəldən gözəl Şuşamızı erməni işğalçılarından azad edib. Bu xəbər ildırım kimi göylərdə çaxdı. Eşitdiyi şad xəbərin sevincini bir-biri ilə bölüşmək üçün xalq küçələrə axışdı... Beləcə Şuşanın gözəlliyini vəsf edən mahnılara qulaq asa-asa için-için sızıldadığımız günlər sona çatdı...

    Bu il yanvarın 14-də Şuşa səfəri çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də oldular. Dövlət başçısı bildirdi ki, Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil: “Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq.

    Bir müddət bundan əvvəl işğalçı qüvvələr bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişlər, - bütün dünya artıq bundan xəbərdardır, - “Yallı” getmişlər. İzi-tozu da qalmayıb burada, rədd etmişik. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR