Bu gün Pakistanın Bakıda, Azərbaycanın İslamabadda səfirliyi var.
Və iki xalq strateji tərəfdaş sayılır. Eyni zamanda, Azərbaycan və Pakistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, hərbi və hərbi əlaqələrin bütün sahələrində və təhlükəsizlik qurumları arasında genişləndirilməkdədir. Nəzərə almaq lazımdır ki, Pakistan İslam Respublikası, 12 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri idi.
Ümumiyyətlə, 44 günlük Vətən Müharibəsi ərəfəsində Pakistan, ölkəmizin ərazi bütövlüyü uğrunda beynəlxalq qanunlara və ədalətə dayanan bu müharibəmizdə Azərbaycanın mövqeyini hər daim dəstəklədi.
Bununla belə ən önəmli məqam odur ki, Pakistan dünyada Ermənistan dövlətini tanımayan yeganə ölkədir. Lakin Pakistanın Ermənistanla birbaşa qarşıdurması yoxdur. Ancaq, hər bir halda Azərbaycanla Ermənistan arasında və Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması olarsa, əlbəttə ki, Pakistanın da Ermənistanla münasibətlərinin normallaşdırılması ola bilər düşüncəsindəyik.
İki ölkə arasında diplomatik münasibətlər 9 iyun 1992-ci ildə quruldu. Belə ki, iqtisadi əməkdaşlıq sahəsində, 9 oktyabr 1995-ci ildə, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Nazirlər səviyyəsində Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında protokol imzalanmış və Komissiyanın 1-ci iclası 2000-ci ildə Bakıda keçirilmişdi.
Bundan başqa, 28 iyul 2017-ci il tarixində Bakıda Azərbaycan və Pakistan Ticarət Əməkdaşlıq Birgə İşçi Qrupunun 1-ci iclası keçirildi, keçirilən iclasda iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və qarşılıqlı ixracatın artırılması müzakirə edildi. İclasın sonunda Azərbaycan İxracat və İnvestisiyaların İnkişafı Fondu (AZPROMO) ilə Pakistan Ticarət İnkişaf İdarəsi (TDAP) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Bu və bunun kimi 10-larca ikitərəfli görüşlər ölkələrimiz və xalqlarımız arasında geniş əlaqələrin inkişafını dəstəklədi.
Hər birimizə məlumdur ki, 44 gün davam edən Vətən müharibəmizdə Bakı küçələrində ancaq və ancaq Azərbaycan, Pakistan və Türkiyə bayraqları birlikdə dalğalandırılırdı. Əslində, bu, böyük bir təcrübə idi. Bəli, Pakistan xalqına və dövlətinə qarşı bu sevginin təməli köklüdür. Müstəqilliyimizin ilk günlərindən bəri Pakistan bizi dəstəklədi. Pakistan həm də, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul edilməsində mühüm rol oynadı. Və Azərbaycan xalqının müstəqillik qazanmaq uğrunda apardığı mübarizəni həmişə yüksək qiymətləndirdi.
Əlbəttə unutmaq olmaz ki, Pakistan xalqı da uzun mübarizə yolu keçib - İngiltərə müstəmləkəçiliyindən müstəqillik qazanmaq üçün uzun bir mübarizə əzmi verib. Bəlkə elə bu səbəbdəndir ki, müstəqilliyə qovuşmaq və suveren bir ölkə olmaq arzusunun birliyi, yəni eyni amal ətrafındakı həmrəylimiz məhz, bu gün ölkələrimiz arasında bir təməl və birləşdirici xüsusdur. Bizim xalqların istəkləri eynidir - müstəqil, suveren və sülhsevər ölkələr olaraq, ölkələrimizin insanları üçün firavanlıq istəyirik hər zaman və buna görə də bölgədəki ölkələrarası münasibətlərin normallaşması üçün dəqiq addımlar atırıq.
Məlumdur ki, keçən il dekabr ayında COVID-19 məhdudiyyətləri səbəbindən, onlayn şəkildə Pakistan-Azərbaycan ikitərəfli siyasi məsləhətləşmələrin ikinci mərhələsi baş tutdu. Müzakirələr geniş və əhatəli oldu. Görüş çərçivəsində, ikitərəfli münasibətlərin bütün aspektləri əhatə edildi. Möhkəm siyasi münasibətlərimiz başda olmaqla, hər iki tərəf arasındakı iqtisadi əlaqələr, xalqlar arasındakı münasibətlər və müdafiə sahəsində əməkdaşlıqdan danışıldı. İslamabaddakı görüşün də, ölkələrimiz arasındakı münasibətlərin daha da intensivləşməsinə və dərinləşməsinə kömək edəcəyinə inanırıq.
Bundan başqa, ölkələrimiz arasında hərbi əməkdaşlıq həmişə diqqət mərkəzində olub. Elə bu yaxınlarda Pakistan Hərbi Hava Qüvvələrinin Komandanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfər oldu. Məhz bu kontekstdə Azərbaycan-Pakistan hərbi əməkdaşlığının daha da genişləndirilməsini də nəzərə alsaq, Pakistanın böyük bir ordusunun olması, hərbi məktəblərində Azərbaycan əsgərlərinə təlim imkanları yaradılması da dostluq əlaqələrimizin təmələnin nə qədər möhkəm olmasının təzahürüdür. Pakistan məktəblərində müxtəlif təlim növləri üçün təhsil almış pilot və digər peşəkar 250-dən çox Azərbaycan hərbi qulluqçusu təlim keçməkdədir, təhsil təcrübəsi və təhsil mübadiləsi bundan sonrakı illərdə də davam edəcəyinə inanırıq. Həm də ümid edirik ki, müxtəlif səviyyəli qüvvələrdə davamlı əməkdaşlıq bir-birimizin təcrübələrini öyrənmək imkanı yaradacaqdır.
Eyni zamanda, ölkələrimiz arasında ticari əməkdaşlıq üçün böyük potensialın olduğu hər zaman dilə gətirilməkdədir. Lakin ticarət əlaqələrimizin daha da tərəqqi etməsi yolunda mümkün addımlar atılsa da bu daha da genişləndirilə bilər. Əlbəttə ki, xüsusilə COVID-19 dövründə ticarətin artırılması ilə bağlı müxtəlif əməkdaşlıq yollarımız müzakirə edilir. Bütün dünyada bu günlərdə fiziki qarşılıqlı əlaqələr məhdud olduğundan virtual şəkildə ortaq iş platformaları içində sərgilərin onlayn mexanizmlər vasitəsilə keçirilməyə qərar verilməsi də bunlara daxildir. Ancaq məsələyə bir qədər də müqayisəli şəkildə baxsaq, aydındır ki, bu gün Pakistan bazarı Azərbaycan üçün kifayət qədər əlverişlidir. Eyni zamanda, Azərbaycan məhsulları daha rəqabətlidir və Pakistanın bugünki geniş bazarına mütləq şəkildə girməlidir. Elə təkcə nəzərə alsaq ki, Pakistanın iki yüz milyondan çox əhalisi var və Azərbaycan məhsulları Pakistan bazarına daxil olarsa, bu ölkələrimiz arasında olan iqtisadi əməkdaşlığın daha da irəli səviyyələrə daşınacağından xəbər verir.
Bundan əlavə, Pakistana birbaşa uçuş 3 saatdan az bir müddət tələb edir. Lakin hazırda, bu səyahət ictimai nəqliyyat sayəsində təxminən 20 saata yaxındır. İki ölkə arasında birbaşa uçuşların başlanmasına dair müzakirələr gedirdi və müəyyən sənədlər imzalandı. Ümid edirik ki, uçuşlar bu ilin yayında başlayacaq və bu, yalnız ikitərəfli ticarət həcmimiz üçün deyil, həm də turizm və xalqlarımız arasında geniş əlaqələr üçün də böyük bir təkan olacaqdır. Sadəcə, COVID-19 dönəmindən əvvəl yalnız 2019-cu ildə 40.000-dən çox Pakistanlı Azərbaycana səyahət edib, inanırıq ki, birbaşa uçuşlar başlayanda bu say daha da artacaqdır. Qeyd etmək yerinə düşərdi ki, mədəni cəhətdən zəngin və çox sayda kosmopolit şəhərləri olan Pakistanın isti qonaqpərvərliyi ilə yanaşı, təqdim edə biləcəyi çox şeyi vardır.
Nəzərə alsaq ki, 2021 ci il, 13 yanvarda İslamabadda ikinci Pakistan - Türkiyə - Azərbaycan Üçlü görüşü keçirildi. Məhz, bu görüşün üç ölkə arasındakı münasibətlərin dərinləşməsinə kömək edəcəyinə inanırıq. Üçtərəfli görüş, Pakistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin qatıldığı və qarşılıqlı maraq doğuran bir sıra sahələri müzakirə etmək üçün İslamabadda keçirildi. Əslində bu, 2017-ci ildə Bakıda keçirilən ilk iclasdan sonra ikinci üçtərəfli görüş idi. Başqa sözlə, İslamabad görüşü üç ildən sonra baş verdi. Xüsusən də, müharibə Azərbaycanda uğurla başa çatdıqdan sonra sanki bölgədə yeni bir dinamika ortaya çıxdı. Bu görüş, COVID-19 və digər problemlər də daxil olmaqla, üç ölkənin üzləşdiyi çətinliklərə nəzər salmaq imkanı yaratdı. Və məhz, üç ölkənin nazirləri görüşün sonunda çox möhkəm bir "İslamabad Bəyannaməsi" sənədini qəbul etdilər. Elə məhz, nazirlərin iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, insanlar arasında təmaslar və ortaya çıxan müxtəlif təhdidlərə dair əməkdaşlıq kimi bir sıra sahələrdə əməkdaşlığı daha da gücləndirməyi qəbul etdikləri bəyannamə, üç qardaş ölkə arasındakı əməkdaşlığı daha da irəli səviyyəyə aparmaq üçün yeni yollar göstərəcəkdir.
Hətta, Pakistan Xarici İşlər Nazirliyinin bu görüşlə əlaqədar verdiyi açıqlamada, regional sülh və təhlükəsizlik üçün yeni və ortaya çıxan təhdidləri müzakirə edəcəkləri barədə ifadə etmişdi. Beləki, bunu bilmək vacib məsələdir, ümumiyyətlə ictimaiyyət tərəfindən bilinən, ölkələr tərəfindən tanınan, lakin yeni ortaya çıxan təhdidlər daha xain və aldadıcıdır, çünki onlar kiçik bir məsələ kimi görünsə də olduqca zərif və daha böyük problemlər yaradır. Məsələn həm insalığın sağlamlığına ciddi təsir edən və iqtisadiyyata ciddi şəkildə zərər verən Covid—19 problemi, iqlim dəyişikliyi, yeni azad edilmiş bölgələrimizdə düşmənin irsimizin qalıqlarını necə məhv etdiyini bütün dünya gördü, onların orada törətdiyi mədəni və eko terror da bunlara nümunə göstərilə bilər. Yəni bəşəriyyətin yaşadığı və bundan sonra yaşayacağı problemlərin bu tərz görüşlərdə müzakirəsi və gələcək təhlükələrə qarşı yolların axtarılması olduqca təqdirəlayiq hal olmaqla bərabər, gələcək nəsillərin xilası yönündə atılan ən ümdə addımlar sırasındadır.