AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elbariz Məmmədli: "Nə gözəlmiş, adam ömrü yaşamaq..."

  • + A
  • - A
  • 17-02-2021, 22:00

    Elbariz Məmmədli: "Nə gözəlmiş, adam ömrü yaşamaq..."

    MƏN ADAM OLMAĞA QAÇDIM

    Məni düz yaşamağa öyrətdilər,
    doğrunu düşünməyə ,
    haqqı deməyə öyrətdilər.
    Dünyanı bu donda görüb,
    bilmirəm niyə, öyrətdilər.
    Çıxdım yolların üstünə ,
    anamın xeyir-duası
    atamın əl qabarıyla.
    bir az kəndin-kəsəyin,
    bir az da könlümün təpəriylə
    düşdüm, arzuların izinə.
    Hamı şöhrətə qaçanda,
    hamı sərvətə qaçanda,
    keçdim yanından
    mənlik olmayan həqiqətlərin,
    mən adam olmağa qaçdım.
    Bəzən,-yanlışammı -deyə,
    içimdə özüm özümlə savaşdım.
    Toxunduqca ruhuma
    tamahı Tanrıdan yuxarı çıxan adamlar,
    hər gün bir ümidi öldürən,
    ev yıxan adamlar,
    usanmadım ata-ana öyüdündən.
    Açılan hər səhərdən, keçən hər gündən
    ümid istədim, çörək əvəzinə,
    sinəmdə od gəzdirdim,
    ürək əvəzinə.
    Keçdim saçlarımdakı erkən dənə
    inamsız nəzərlə baxan
    bir qızın sevdasından,
    çıxdım nəfsi ürək göynədən
    dostların sırasından.
    Olmadım, ola bilmədim,
    ola bilməyəcəyim yerdə,
    özümü görə bilmədim
    yaltaq sifətlərin
    daş əritdiyi səhnələrdə.
    Mən vicdanımı bağrıma basıb,
    adamlığa yürüdüm,
    əzablarını sinəmə çəkdim,
    sevinclərini adamlarla paylaşdım...
    Nə gözəlmiş, adam ömrü yaşamaq.



    GEDİRİK

    Yormuşdu bu yollar bizi,
    Bürünüb aha, gedirik.
    Üzü axşama gəlmişdik,
    Üzü sabaha gedirik.

    Ruhu göyə əl yetirən,
    Eşqi həsrəti itirən,
    Bozqırlarda gül bitirən,
    Doğma "günah"a gedirik.

    Gəldik, tanıdıq hamını,
    Səhərini axşamını,
    Tutub göylərin şamını,
    Atları şahə gedirik.

    Bizlik deyil, haqqı danmaq,
    Var olan TƏKdən usanmaq,
    Yad sevdalara inanmaq,
    Yetərmiş daha, gedirik.

    Göyümüz var, göyü qədər,
    Dünya ruhun öyü qədər,
    Bir yovşan çiçəyi qədər,
    Ulu tamaha gedirik.

    Böyüdük Vətən dadıyla,
    Köksümüz dolu, oduyla,
    Böyük Turanın adıyla,
    Üzü allaha gedirik.


    EŞQİ TURAN, YOL ADAMI

    Hara tələsirsən, belə?
    Ruhu ümman , yol adamı.
    Fani dünyanın gözünü,
    Tutubdu qan, yol adamı.

    Yurdun qalıbmı, yurd kimi?
    Yolunda sərhəd tilsimi,
    Gözlərindən Boz Qurd kimi,
    Alov daman, yol adamı.

    Göylərin rəngi çəkilib,
    Torpağa həsrət əkilib,
    Bayrağına qan tökülüb,
    Aman, aman yol adamı.

    Ucqarın qarı əriyib,
    Çəpərlər içə yeriyib,
    Tibetdə ruhun kiriyib,
    Yolu duman, yol adamı.

    İşıqdı qanın, yolunda,
    Haqqın, imanın yolunda,
    Ulu sevdanın yolunda,
    Nədir ki, can, yol adamı.

    Yenə gül bitirər, düzlər,
    Qopar cəfasından izlər,
    İstəyi çaylar, dənizlər,
    Eşqi Turan, yol adamı.


    BU İL QARABAĞA AYRI YAZ GƏLİR

    Bu il Qarabağa ayrı yaz gəlir,
    Ümid bol olacaq, yaşantı təzə.
    Yığıb dərdlərini, dərə aşağı,
    Dağlar göndərəcək, gedərgəlməzə.

    Hələ yuxudadı, torpaq mürgüdə ,
    Nə qalıb çəmənin çiçək vaxtına.
    İllərdi, könlümüz həsrətdi, həsrət,
    Ana təbiətin göyçək vaxtına.

    Nə vaxtdı, nazını çəkəmməmişdik,
    Ruhu qəribsəmiş çiçəyin, gülün.
    Uzun ayrılıqdan dönüb gedirik,
    Şuşa görüşünə, "Xarı bülbül"ün.

    Nəğməsi baharın müjdəçisidi,
    Quşlar bir-birinin səsinə gəlir.
    Bulaqlar dağlardan üzü aşağı,
    Nəfəsi isinə-isinə gəlir.

    Savaşın içindən çıxan meşənin,
    Yaşamaq eşqinin, sınaq çağıdı.
    Bu il Qarabağa başqa yaz gəlir,
    Yenə durnaları qonaq çağırır.

    Yuyub aparacaq yaz yağışları ,
    Təşnə torpaqların bar həsrətini.
    Günəşə sevdası unutduracaq,
    Aran yerlərinə qar həsrətini.

    Səsi çağlayacaq çılğın çayların,
    Təbiət məhəbbət qoxuyacaqdır.
    Bi yaz həsrətini itirən dağlar,
    Sevgi notlarını toxuyacaqdır.

    Hələ ocaqların səksəkəsi var,
    Bəd olan niyyətlər viran olacaq.
    Meşələr torpaqda, buludlar göydə,
    Əsgəri nizamla sıralanacaq.

    Tutacaq hər yanı bayraq lalələr,
    Bu sevgiyə həsrət nə qədər iz var.
    Bu il Qarabağa ayrı yaz gəlir,
    Bu yazdan nə qədər gözləntimiz var.


    Elbariz Məmmədli


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR