AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyevlə Si Cinpinin danışıqları: Çinin Zəngəzur dəhlizində maraqları – TƏHLİL

  • + A
  • - A
  • 3-06-2021, 18:19


    Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi konfiqurasiya qlobal güc mərkəzlərinin diqqətini çəkir.

    Bunun iki səbəbi var: Birincisi, Cənubi Qafqaz regionunda postmüharibə dövründə həyata keçirilən iqtisadi layihələr böyük güclər üçün əlverişli imkanlar tanıyır.

    İkincisi, Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib və böyük oyunçular da sülh sazişinə öz rənglərini qatmaq istəyirlər.

    Son zamanlar Azərbaycanla istər Rusiyanın, istər, ABŞ-ın, istərsə də Avropa İttifaqının intensivləşən diplomatik-siyasi təmaslarındakı niyyətlər də bundan xəbər verir.

    Qərb və Rusiyanın rəqibi, alternativ qlobal güc Çin də prosesdən kənarda qalmaq istəmir və Bakı ilə əlaqələri genişləndirməyi hədəfləyib, hərçənd Bakı özü də bu məsələdə çox maraqlıdır.

    İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti olub.

    Liderlər müzakirələr zamanı Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlığın uğurla davam etdirilməsini bildiriblər.

    Çin liderinin Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu xatırlatması isə postmünaqişə dövrü prosesləri fonunda özündə əhəmiyyətli mesajları ehtiva edir.

    Həmin mesajları anlamaq üçün Azərbaycanla Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumuna diqqət yetirmək lazımdır.

    Bu sənəd iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün istiqamətlər müəyyən edir və Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verir.

    Beynəlxalq Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Trans-Xəzər Nəqliyyat Marşrutu Azərbaycanın orta dəhliz statusunda önəmini artırır, yəni Azərbaycan həmin marşrutun üzərində yerləşməklə strateji mövqeyə sahibdir (Eləcə də Şimal-Cənub dəhlizində).

    Marşrutun məqsədi Çin, Orta Asiya, Xəzər dənizi və Qara dəniz hövzələri və Avropa ölkələri arasında yük daşımaları dövriyyəsini Azərbaycan üzərindən hər iki istiqamətdə artırmaq və onun rəqabət qabiliyyətliliyini gücləndirməkdir.

    Çindən başlanan “Bir kəmər, bir yol” təşəbbüsü isə genişmiqyaslı şaxələnməyə malikdir və ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar üçün ən əlverişli iqtisadi platformadır.

    İndi Azərbaycan Zəngəzur dəhlizinin açılmasına çalışır və buna nail olacağını bəyan edib.

    Şərq-Qərb dəhlizi

    Zəngəzur dəhlizi açılanda, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri işini daha da optimallaşar, Xəzərdən Avropaya uzanan neft və boru kəmərləri sisteminin işini asanlaşdırar. Bu isə Avropa Birliyi, ABŞ, Rusiya, Çin qaz təchizatı zəncirlərində bölgənin tranzit potensialını artırar.

    Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında yeni bir logistika mərkəzinə çevrilə bilər və Çin bunu orta dəhliz kimi dəyərləndirir.

    Şərq-Qərb nəqliyyat dəhlizi Çinlə Avropa Birliyi arasında böyük əhəmiyyət kəsb edən marşrutdur.

    Çinlə Avropa İttifaqı arasında 2019-cu ildə 560 milyard avroluq ticarət dövriyyəsi qeydə alınıb.

    İndi Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə növbəti nəqliyyat-logistika mərkəzinə çevrilməsində Çin və Avropa da maraqlıdır. Bu baxımdandır ki, iki qlobal güc arasındakı əlaqələrin dərinləşdirilməsində Zəngəzur dəhlizinin rolu böyükdür.

    Bir sözlə, Zəngəzur dəhlizi Çindən Qərbə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut təqdim edən yeni iqtisadi məkandır.

    Bu isə Çinin Azərbaycana marağını daha da artırır və Pekin Bakıya yeni pəncərədən boylanır.

    Təsadüfi deyil ki, Çin lideri Si Cinpin də İlham Əliyevlə telefon danışığında ölkəsinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib.

    Nəticə olaraq deyə bilərik:

    1. Çin və Avropa İttifaqı Zəngəzur dəhlizinin əhəmiyyətini anlayır və bu marşrutu yaranan əlverişli marşrut kimi nəzərdən keçirir,

    2. Gedişat onu göstərir ki, çox da uzaq olmayan gələcəkdə Çinlə Azərbaycan arasında əməkdaşlığı dərinləşdirməyə təşviq edən layihələr mövcuddur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR