Əliabbas Salahzadə
Milli Məclisin deputatıMilli Məclisin deputatı Əliabbas Salahzadə Azərbaycanın dayanıqlı inkişafında islahatlar prosesinin önəmini xüsusi qeyd edərək diqqəti 2016-cı ilin 26 sentyabrında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə yönəldib: “Dövlət idarəçilik sistemində Birinci vitse-prezidentlik institutunun yaradılması cənab İlham Əliyevin islahatlar kursunun təzahürüdür. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncamla Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsi kimi dəyərləndirildi. Ötən 5 ildə əldə olunan uğurlar bu fikri əminliklə söyləməyə əsas verir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəlilik və çevikliyini artırıb. Azərbaycanda təkmil idarəçilik sisteminin mövcudluğu beynəlxalq səviyyədə təqdir edilir. Daim yeniliklərə, təkmilləşməyə maraq göstərən Azərbaycanın inkişaf modelinin dəstəklənməsində də bu amilin rolu xüsusi qeyd edilir”.
Ə.Salahzadə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyət istiqamətlərindən geniş bəhs edərək bildirib ki, dövlət başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bu təyinatı şərtləndirən amilləri belə əsaslandırmışdır ki, çoxşaxəli, eyni zamanda, uğurlu fəaliyyət qərarın qəbulunda əsas rol oynamışdır. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, xeyirxah bir insandır. Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Bu əminlik də ifadə edilmişdir ki, Mehriban xanım Əliyeva bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.
“Mehriban xanım Əliyevanın fəaliyyətinə hansı sahədən baxsaq dövlətə və xalqa xidmətin nümunəsini görərik” söyləyən deputat vurğulayıb ki, onun Heydər Əliyev Fondunun prezidenti kimi gördüyü işlərin miqyasına diqqət yetirmək kifayətdir: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin irsinin təbliği məqsədilə yaradılan Fond Azərbaycanın tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətində mühüm addımlar atıb. Təhsilin, səhiyyənin, idmanın inkişafı, həmçinin ekoloji məsələlərin həlli ilə bağlı biri-birindən əhəmiyyətli layihələr həyata keçirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və əmin-amanlıq şəraitində yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanır. Müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsi, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılması, həmçinin Bakının İslam mədəniyyətinin paytaxtı olması önəmli təşəbbüs və vacib işlər kimi qeyd edilə bilər. Hazırda tarixi Zəfərimizin mühüm reallıqlarından olan işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri çərçivəsində tarixi və dini abidələrimizin bərpası Heydər Əliyev Fondunun öz imkanları hesabına həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ötən ilin mayında “Xarıbülbül” musiqi festivalı ənənəsinin bərpası da Mehriban xanım Əliyevanın Azərbaycanın tolerant ölkə kimi dünyaya təqdimatına verdiyi böyük töhfələrdəndir. “Xarıbülbül” musiqi festivalı vasitəsilə bir daha dünyaya birlik, həmrəylik, sülh, dostluq mesajı ünvanlandı. Musiqi festivalının birinci günündə Azərbaycanda yaşayan müxtəlif xalqların, millətlərin musiqi yaradıcılığının təqdimatı da bu mesajların məcmusu oldu”.
Ə.Salahzadə qeyd edib ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın nüfuzunun artmasında, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin təqdim olunmasında əhəmiyyətli rol oynayıb: “Azərbaycan və dünya ictimaiyyəti 2015-ci ildə Bakının ev sahibliyi etdiyi ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisə kimi diqqətdə oldu. Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə gəlir”.
Milli Məclisin deputatı yüksək etimadın və ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin nümunəsi olaraq dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyevanın partiya Sədrinin Birinci müavini təyin edilməsini xüsusi qeyd edib: “Sözlə əməl birliyi sayəsində, dövlətə, xalqa xidməti ilə ümumxalq partiyası adını qazanan və cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda qarşıya qoyduğu vəzifələrin uğurlu icrasında yeni təyinatın rolu böyükdür. Bu təyinat, eyni zamanda, Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb”.
“Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür” söyləyən Ə.Salahzadə bu ümumiləşdirməni xüsusi qeyd edib ki, çoxşaxəli fəaliyyətə görə təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Mehriban xanım Əliyevanın ən böyük mükafatı Azərbaycan xalqının sevgisidir.