AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi - fəramuşan” poeziya məclisi təsis edildi

  • + A
  • - A
  • 6-03-2022, 23:33

    Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi - fəramuşan” poeziya məclisi təsis edildi


    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi əsasında Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” poeziya görüşləri keçiriləcəkdir.

    Azadmedia.az xəbər verir ki, ilk dəfə olaraq bərpa olunan tarixi və mədəni əhəmiyyət daşıyan “Məclisi-fəramuşan” poeziya məclisinə hər iki ölkənin gənc şairləri qoşulacaq və onlar öz şeirlərini səsləndirəcəklər.

    Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar Özbəkistanda çoxsaylı tədbirlər və layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə keçiriləcək poeziya görüşü XIX əsrdə Qarabağda keçirilən şairlər məclisinin davamı olaraq təşkil edilir. Gələcəkdə poeziya məclisində türk dünyasının digər ölkələrinin də iştirakı nəzərdə tutulub.

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, hər iki ölkənin Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin də dəstək göstərəcəyi şeir məclisinin əsas məqsədi hər iki xalqın klassiklərini dərindən öyrənmək, şeirlər söyləmək, istedadı olan gənc şairləri üzə çıxarmaq, poeziyanın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, Türk dünyası şairləri arasında ədəbi əlaqələri genişləndirməkdir.

    Şairlər məclisi cari ilin mart ayından başlayaraq dekabr ayına qədər davam edəcək. Məclis ayda bir dəfə olmaqla onlayn (Zoom proqramı) formada keçiriləcəkdir. Avqust ayında məclis Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsi və Xurşidbanu Natəvan Sarayının qarşısında təşkil olunacaq və Azərbaycan televiziyasında yayımlanacaqdır.

    Hər iki ölkənin gənc şairlərinin qoşulacağı məclisdə iştirak üçün namizəd bugünə qədər şairlik fəaliyyətinə malik olmalı, ya da onun hər hansı şeiri mütləq şəkildə ölkə mətbuatında yayımlanmalıdır. Tədbirə cari ilin noyabr ayında yekun vurulacaq və Məclisdə səsləndiriləcək şeirlər toplu halında Azərbaycan və Özbək dillərinə tərcümə olunaraq nəşr ediləcəkdir.

    Qeyd edək ki, Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin rolu böyük olmuşdur. Bu məclislər zaman-zaman müxtəlif şəhərlərdə fəaliyyət göstərmiş və bir çox şairlərin tanınmasında xüsusi rol oynamışdır. 1872-ci ildə Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda, tarixi Şuşa şəhərində tanınmış şair, ədəbiyyatşünas alim Mir Möhsün Nəvvabın evində təşkil edilən “Məclisi-fəramuşan” şairlər məclisi 1910-cu ilədək fəaliyyət göstərmiş və dövrün tanınmış şairləri M. Nəvvab, X. Natəvan, H.Qaradaği, F. Kəminə, A.Asi, B. Səbur, B.Fədai, habelə Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak etmişlər.

    Azərbaycan Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin davamı olaraq keçirilən “Məclisi-fəramuşan” şairlər məclisində iştirakçıların yaş həddi 16-40 yaş olaraq müəyyənləşdirilmişdir.

    Məclisdə iştirak etmək istəyən şairlər elan olunmuş mövzu üzrə şeiri ana dilində yazmalı, məclisdə oxumalıdır. Hər iştirakçı tərəfindən yalnız bir şeir məclisə təqdim edilə bilər və mətnin həcmi maksimum iki A4 formatından çox olmamalıdır. Əsər təqdim olunarkən kompüterdə (Arial şrifti, 12 ölçüsü işlənməlidir) yığılmalıdır.

    Şeir ərizəçinin orijinal əsəri olmalı, əsas mövzu milli mənəvi dəyərlər, Vətənə, insana sevgi, humanizm, əxlaqi-tərbiyəvi məzmun daşıyan əsərlərə xüsusi önəm veriləcəkdir.

    Şeir məclisə təqdim edilərkən müəllif özü haqqında məlumatı (ad, soyad, ata adı, təhsil aldığı müəssisənin adını, bölməsini, sinifni, şəxsi telefon nömrəsi və elektron poçt ünvanını) daxil etməlidir. Məclisdə iştirak üçün şeirlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna (culcenter.az@gmail.com) təqdim olunmalıdır.

    Münsiflər heyətinə hər iki ölkənin Yazıçılar Birliyinin nümayəndəsi, aidiyyatı yaradıcılıq təşkilatları, şairləri daxil edilib.

    Hər ay keçiriləcək şairlər məclisində iki ölkənin fəal şairləri üç ayın nəticəsinə əsasən seçiləcək və fərqlənən şairlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin pul mükafatı, Fəxri diplom, Şuşa şəhərinə iki günlük səfər və həvəsləndirici hədiyyələrlə təltif olunacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR