Cənubi Koreyada kanalda ilişib qalan nəhəng köpəkbalığı 600 min tamaşaçı topladı

Cənubi Koreyada kanalda ilişib qalan nəhəng köpəkbalığı 600 min tamaşaçı topladı
Cənubi Koreyanın Pusan şəhərində təxminən 3,5 metr uzunluğunda köpəkbalığının dar şəhər kanalına düşməsi gözlənilməz şəkildə böyük marağa səbəb olub. On gün ərzində 600 mindən çox insan heyvanı görmək üçün əraziyə gəlib.
Köpəkbalığı ilk dəfə sentyabrın 18-də North Port Waterfront Parkının yaxınlığındakı su kanalında müşahidə edilib. Pusanın Şimal limanının adından götürülərək ona “Bukan-i” ləqəbi verilib.
Mütəxəssislərin fikrincə, söhbət bürünc köpəkbalığından gedir. Ehtimal olunur ki, heyvan ovunu təqib edərkən dənizdən kanala daxil olub, lakin daha sonra geri qayıtmaq üçün çıxış yolunu tapa bilməyib.
Köpəkbalığını dənizə qaytarmaq mümkün olmayıb
Hadisənin baş verdiyi gün sahil mühafizə xidməti köpəkbalığını yenidən dənizə çıxarmağa çalışıb. Lakin alimlərin tövsiyəsindən sonra əməliyyat altı saatın ardından dayandırılıb.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, heyvanı zorla kanaldan çıxarmağa cəhd onun xəsarət almasına və ya aqressiv davranmasına səbəb ola bilər.
Daha sonra xilasedicilər yeni üsul sınayıblar. Qayıqlar köpəkbalığının arxasından su şırnaqları yönəldərək onu kanalın çıxışına doğru hərəkət etdirməyə çalışıblar. Bu üsul 2004-cü ildə ABŞ-ın Massaçusets ştatı sahillərində dayaz suda qalan böyük ağ köpəkbalığının xilas edilməsində də istifadə olunmuşdu.
Lakin ilk cəhd uğursuz alınıb. Köpəkbalığı qayıqların yanından keçərək yenidən kanalın içərisinə qayıdıb. Əməliyyat daha sonra yenidən dayandırılıb, çünki heyvan su hövzəsini tərk etmək istəməyib.
Cənubi Koreyanın Milli Balıqçılıq Elmləri İnstitutu köpəkbalığının vəziyyətinin hazırda stabil olduğunu bildirib. Bununla belə, mütəxəssislər qeyd edirlər ki, kanalda heyvanın normal hərəkət etmək və qida əldə etmək imkanları məhduddur. Buna görə də onun burada uzun müddət qalması zəifləməsinə səbəb ola bilər.
Köpəkbalığı Pusanın yeni “ulduzuna” çevrilib
Köpəkbalığının kanalda görünməsi şəhərdə böyük turist marağı yaradıb.
Sentyabrın 19-dan 28-dək Şimal limanındakı parkı 607 min nəfər ziyarət edib. Halbuki adi bayram günlərində əraziyə gündə təxminən 2 min ziyarətçi gəlir.
Pusan şəhərinin meri Çon Çje-su da köpəkbalığına maraq göstərənlər arasındadır. Onun sözlərinə görə, heyvan hər 5-10 dəqiqədən bir suyun səthinə çıxır və “əsl ulduz xarizmasına” malikdir.
Şəhər rəhbərliyi hətta köpəkbalığını Pusanın tanıdılması üzrə fəxri səfir elan edib. Instagram-da keçirilən sorğuda iştirakçıların 91 faizi bu təşəbbüsü dəstəkləyib.
Heyvana “Şarkfluenser” (“Sharkfluencer”) adı verilib. Bu söz ingiliscə shark — “köpəkbalığı” və influencer — “influenser” sözlərinin birləşməsindən yaranıb. Heyvanın adından veriləcək sertifikatı şəhərin talismanı Buqi qəbul edəcək.
Cənubi Koreyada köpəkbalıqlarının sayı artır
Köpəkbalıqlarına Cənubi Koreya sularında mütəmadi rast gəlinir. Balıqçılıq elmləri institutunun məlumatına görə, bu ilin ilk yarısında ölkənin şərq sahillərində 46 iri köpəkbalığı qeydə alınıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən dörd dəfə çoxdur.
Tədqiqatçılar köpəkbalıqlarının sayındakı artımı dəniz suyunun istiləşməsi və onların əsas qidasını təşkil edən balıqların sayının çoxalması ilə əlaqələndirirlər.
Hazırda isə Pusandakı mütəxəssislərin əsas məqsədi məşhurlaşan “Bukan-i”nin sağlamlığını qorumaq və onu təhlükəsiz şəkildə yenidən dənizə qaytarmaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.