Prezident İlham Əliyev müşavirədə son günlərin gündəmi olan bir sıra siyasi məsələlərə bağlı suallara aydınlıq gətirdi və müəyyən mesajlar verdi.
Minsk Qrupu: Bakı həmsədrləri de-fakto etibarsız elan edir
Qarabağ münaqişəsi həll olunsa da, Minsk Qrupu münaqişə ilə bağlı hüquqi mandatı olan yeganə beynəlxalq formatdır və həm Ermənistan, həm də bölgədə maraqlı tərəflər bu mandatdan istifadə etməyə çalışır. Lakin Əliyev bu formatın de-fakto etibarsız olduğunu elan etdi və ATƏT-in yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında iştirak edə biləcəyini qeyd etdi. Bakı müharibədən sonra postmünaqişə dövründə Minsk Qrupunun bu rolu oynaya biləcəyini deyirdi, hərçənd, artıq gündəm dəyişib və beynəlxalq təşkilat kimi yalnız ATƏT-in fəaliyyətini vurğulayır.
İstisna deyil ki, Əliyev ATƏT sədri ilə görüşdə və Brüsseldə Minsk Qrupunun de-fakto etibarsız olduğu reallığını qəbul etdirə bilib.
Brüssel görüşü: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul edir
Əliyev Bakının İrəvana təqdim etdiyi 5 baza prinsipinin Ermənistan tərəfindən Brüssel görüşündə qəbul edildiyini bir daha təsdiqlədi: sülh sazişi və sərhədin müəyyənləşməsi üzrə tərəflər arasında işçi qrupu yaradılacaq; Bayramovla Mirzoyanın vasitəçi olmadan ilk telefon söhbətində də bununla bağlı müzakirələr aparılıb.
Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkir, ərazi bütövlüyünü tanıyır. Yekun bəyanatda “Dağlıq Qarabağ”, “münaqişə” ifadələrinin daxil edilməməsi də bu fikri gücləndirən amildir. Hərçənd, Paşinyanın Brüsseldən İrəvana qayıtdıqdan sonra “Dağlıq Qarabağ” və “Minsk Qrupu”nun bərpası ilə bağlı dedikləri, eləcə də “bəzi məsələlər Rusiya ilə həll edilməlidir” kimi sözləri diqqət çəkir. Nikolun Brüssel bəyanatına zidd açıqlamasının iki səbəbi ola bilər:
Birincisi, daxili ictimai rəyə hesablanıb: Ermənistanda görüşdən öncə başlanan və hələ də davam edən kampaniya Paşinyanı belə açıqlama verməyə məcbur edir;
İkincisi, Brüsseldə istəyinə nail ola bilməyən Paşinyan Rusiya vasitəsilə razılaşmanı kağız üzərində saxlamağa çalışır.
Hərçənd, görüşdən sonra Bayramov-Mirzoyan telefon söhbəti Ermənistanın ikitərəfli formatı qəbul etdiyi və Paşinyanın açıqlamaqlarının daha çox daxili ictimai rəyə hesablandığı versiyasını ön plana çıxarır.
Bu kontekstdə Əliyevin “iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir, buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər” mesajı Bakının Moskvanın “əsas hakim” olduğu üçtərəfli formatı qəbul etmək niyyətində olmadığının göstərir. Aprel ayının sonuna kimi sərhədlə bağlı birgə komissiya yaradılsa “ikitərəfli format”a kənar müdaxilə imkanı azala bilər.
Əliyevin Rusiyaya verdiyi əsas mesaj Ermənistanın silahlandırılması ilə bağlıdır: Bakı bunu qeyri-dost addım kimi dəyərləndirəcək və addımlarına buna uyğun atacaq.
Zəngəzur dəhlizi: Bakı Laçınla bağlı şərtini yeniləyir
Prezident Naxçıvana çıxış üçün İranla anlaşmanın Zəngəzur dəhlizinin təxirə salınması olmadığına aydınlıq gətirdi: Zəngəzur dəhlizi gündəmdədir, Brüsseldə bu məsələ yenidən müzakirə olunub; Və bəllidir ki, Əliyev Zəngəzur və Laçın dəhlizinin eyni rejimdə işləməsi şərtini yenidən gündəmə gətirib. Ermənistan Zəngəzur üzərindən keçid verməsə, ilk növbədə 10 noyabr razılaşmasını pozacaq və qarşı tərəfin öhdəliyini yerinə yetirməməsi, Azərbaycanın da adekvat addım atması ilə nəticələnəcək. Prezidentin “əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq” sözləri də bunu deməyə əsas verir və mümkündür ki, burada Laçın dəhlizi ilə bağlı məsələ nəzərdə tutulur.
Xankəndi: alternativ yoxdur
Prezident Xankəndinin qaz təchizatının kəsilməsinə beynəlxalq səviyyədə verilən ədalətsiz reaksiyanı tənqid edərkən, Qarabağdakı erməniləri nəzərdə tutaraq, vurğuladı ki, “onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq”. Və bununla Xankəndidə Azərbaycan bayrağının dalğalanacağını, bunun alternativinin olmadığını bəyan etdi.
Rusiya-Ukrayna müharibəsindən sonra Donbas ssenarisinin Qarabağda da təkrarlanması iddiaları, eləcə də separatçı-terrorçu rejimin bu istiqamətdə fəaliyyəti fonunda Bakı mövqeyini yenidən aktuallaşdırır.
Bu istiqamətdə istənilən cəhd anti-terror əməliyyatına zərurət yarada bilər. Orduda komanda bazasının genişləndirilməsi və Xüsusi Təyinatlı Qüvvələrin sayının artırılması təsadüfi deyil. Və Əliyev bəyan edir ki, “hər kəs bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq”.
Prezident Fərrux dağının Azərbaycanın nəzarətində olduğu məsələsinə də nöqtə qoydu. Eyni zamanda, Ermənistana və işöal dövründə Azərbaycan sərvətlərini talayan xarici şirkətlərə qarşı beynəlxalq səviyyədə məhkəmə iddialarının qaldırılması istiqamətində işin aparıldığını bildirdi.
Əliyevin çıxışı və verdiyi mesajlar Azərbaycanın öz gündəliyində güzəştsiz mövqedə olduğu və addımlarını intensivləşdirəcəyi deməkdir:
- Ermənistanla problemlərin ikitərəfli formatda həll edilməsi;
- Ermənistanla Azərbaycanın təqdim etdiyi şərtlər daxilində sülh müqaviləsinin imzalanması;
- Sərhədin müəyyən edilməsi işinin intensivləşməsi;
- Və Qarabağda separatizmin ləğvi, Xankəndidə Azərbaycan bayrağının dalğalanması.
Bakı bu istiqamətdə diplomatiya və hərbi addımları paralel şəkildə atacaq.