İbrahim Cəfərov,
ADAU-nun rektoru, professorPrezident İlham Əliyevin 6 Aprel 2022-ci ildə Brüsselə səfəri bir sıra mühüm nəticələrlə əlamətdar olmuşdur. Ən başlıcası ATƏT-in Minsk Qrupunun lazımsız təsisat kimi artıq keçmişdə qaldığı qabarıq şəkildə özünü büruzə verdi.
Bu, həm də o demək idi ki, Ermənistan və Azərbaycan arasında danışıqlar artıq yeni geosiyasi reallığın tərkib hissəsi olaraq ATƏT-in Minsk Qrupu çərçivəsində aparılmır. Beləliklə, ATƏT-in Minsk Qrupu iflic vəziyyətdə qalıb.
Bu fonda Avropa İttifaqı səylərini artıraraq fəallıq göstərməyə başlayıb. Avropa İttifaqının vasitəçı kimi fəallaşması və ATƏT-in Minsk Qrupunun sıradan çıxması bir sıra səbəblərdən Azərbaycanın maraqlarına uyğundur. Belə ki, Brüssel Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında hansısa bir qurum və ya dövlətin inhisarçı mövqe tutmasının qarşısını alaraq alternativ və ya tamamlayıcı bir platforma kimi çıxış edir. Digər tərəfdən isə post-müharibə dövründə Ermənistan və Azərbaycan arasında münasibətlərə müharibə deyil, sülh diskursunu gətirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət və diplomatiyanın Brüssel görüşü zamanı təsdiqlənən əsas nailiyyətlərindən biri ATƏT-in özünün və onun Minsk Qrupunun həmsədrlərinin bu təsisatın sonunun çatmasını birbaşa və ya dolayı yolla etiraf etməsidir. Danışıqıar göstərdi ki, ATƏT Minsk Qrupunun prosesdən faktiki olaraq kənarda qalmasını və bununla barışdığını etiraf edir, köməkçi rol oynamağa hazır olduğunu ifadə edir.
Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı digər həmsədrlər ABŞ və Fransanın bu formatda Moskva ilə əlaqə saxlamaqdan imtina etdiklərini və bununla da Minsk Qrupunu ləğv etdiklərini bildirib. Lavrovun dediklərini ABŞ-ın davranışı da təsdiq edir. ABŞ-ın dövlət katibi Antoni Blinken şəxsən Brüssel səfəri ərəfəsində Ermənistan və Azərbaycan liderləri ilə telefon danışıqları həyata keçirib, Blinken Paşinyana qəti və aydın surətdə xəbərdarlıq edib ki, “indi regionda yenidən münaqişə alovlandırmaq vaxtı deyil”.
Prezident İlham Əliyevin Brüssel səfəri göstərdi ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun lazımsız təsisat kimi prosesdən faktiki olaraq uzaqlaşdırılmasına nail olub və regionun rəqibsiz söz sahibidir, xarici siyasət diplomatiyası uğurla davam etdirilir.
Eşq olsun Prezident İlham Əliyevə!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.