AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Berlində Şuşa İli çərçivəsində muğam konserti və sərgi təşkil edilib - FOTO

  • + A
  • - A
  • 28-06-2022, 18:11

    Berlində Şuşa İli çərçivəsində muğam konserti və sərgi təşkil edilib - FOTO


    Azadmedia.az - 27 iyun 2022-ci ildə Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Şuşa ili çərçivəsində muğam konserti və sərgi keçirilib, habelə ziyafət təşkil olunub. Tədbir Berlində yeni istifadəyə verilmiş Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində baş tutub.
    Tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Şuşa şəhəri və onun Azərbaycan xalqının tarixi və mədəniyyətindəki xüsusi yeri barədə məlumat verib. Bildirib ki, Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub, şəhər qısa müddət sonra xanlığın paytaxtına çevrilib. Şəhər bir müddət sonra nəinki ölkəmizin, eləcə də regionun mühüm iqtisadi-ticarət mərkəzlərindən biri kimi fəaliyyət göstərib. Səfir vurğulayıb ki, 30 illik Ermənistan işğalı dövründə Azərbaycanın işğaldan azad olunmuş digər ərazilərində olduğu kimi Şuşa şəhərinin də mədəni irs abidələri vəhşicəsinə dağdılaraq yox edilməyə çalışılıb. Ramin Həsənov qeyd edib ki, Şuşa şəhərinin 44 günlük Vətən müharibəsi dövründə 8 may 2020-ci ildə Azərbaycan Prezidenti, müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən işaldan azad olunması ilə Ermənistan atəşkəs imzalamağa və işğal altında olan digər ərazilərimizdən çəkilməyə məcbur edilib.
    Səfir Ramin Həsənov Şuşa şəhərinin bərpası ilə bağlı görülən genişmiqyaslı işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qısa bir müddət sonra şəhərin baş planının hazırlandığını, Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilər üzrə ilk xüsusi nümayəndəsinin Şuşa şəhərinə təyin olunduğunu, görülən bərpa işlərinin Azərbaycan Prezidentinin daima diqqətində saxlanıldığını diqqətə çatdırıb. O, Azərbaycan Prezidenti tərəfindən 7 may 2021-c ildə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi və 5 yanvar 2022-ci ildə isə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamlar imzaladığını vurğulayıb.
    Azərbaycan səfiri çıxışında həmçinin Şuşanın Azərbaycan mədəniyyəti və musiqisinin mərkəzi, Mir Mövsüm Nəvvab Qarabaği, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Niyazi, Rəşid Behbudov kimi bir çox dünya şöhrətli musiqiçilərin vətəni olduğunu qeyd edib. Bildirib ki, şəhərin erməni işğalından azad edilməsindən cəmi 6 ay sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi bərpa olunub və bununla da Azərbaycan müsiqisinin ölkənin mədəniyyət paytaxtına geri dünüşü baş tutub.
    Azərbaycan səfirinin çıxışından sonra muğam konserti baş tutub. Konsertdə əməkdar artistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimovun (nağara) müşayiəti ilə tanınmış xanəndələr Güllü Muradova və Babək Niftəliyevin ifasında muğam müsiqisinin nümunələri səsləndirilib. Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli konsert zamanı həmçinin Azərbaycan və dünya bəstəkarlarının musiqilərini ifa edib.
    Tədbir çərçivəsində həmçinin Azərbaycanın Almaniyadakı səfirliyi və “Arts Council Azerbaijan” təşkilatının birgə təşkilatçılığı ilə “Qəlbim Qarabağdadır” adlı sərgi baş tutub. Sərgidə 8-15 yaşlı uşaqların Şuşa şəhəri ilə bağlı rəsm əsərləri tədbir iştirakçılarının diqqətinə təqdim edilib.
    Konsertdən sonra tədbir münasibətilə təşkil olunmuş ziyafət zamanı iştirakçılara Azərbaycanın mədəniyyətini, mətbəxini, turizm potensialını, ölkəmizdə sərmayə imkanlarını təbliğ və təşviq edən çoxsaylı kliplər nümayiş etdirilib.
    Tədbirdə Almaniyanın dövlət qurumlarının, ictimai-siyasi, elmi, mədəni dairələrinin, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Almaniyadakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR