Kamran Əliyev rusiyalı həmkarı ilə görüşdü

Prokurorluqlar arasında yeni əməkdaşlıq proqramı imzalanıb
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Rusiyaya rəsmi səfər çərçivəsində bir sıra görüşlər keçirir.
Səfər zamanı Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan arasında görüş baş tutub.
Görüşdə Azərbaycan və Rusiya arasında prokurorluq orqanları üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf istiqamətləri müzakirə edilib.
Kamran Əliyev ölkələr arasında hüquqi sahədə əməkdaşlığın genişləndiyini bildirib. O, cinayət işləri üzrə hüquqi yardım, şəxslərin verilməsi, hüquqtətbiqetmə təcrübəsinin öyrənilməsi və qanunvericilik sahəsində təcrübə mübadiləsinin davam etdirildiyini qeyd edib.
Aleksandr Qutsan isə Azərbaycan və Rusiya prokurorluqları arasında ənənəvi olaraq yüksək səviyyəli əlaqələrin olduğunu vurğulayıb və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı fikirlərini səsləndirib.
Görüşdə həmçinin konkret cinayət işləri üzrə fikir mübadiləsi aparılıb.
Sonda iki ölkənin Baş Prokurorluqları arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədin praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edəcəyi bildirilib.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.