Azadmedia.az - Dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) 100 illik yubileyi ölkəmizdə və dünyada müxtəlif tədbirlərlə qeyd olunur. Dahi bəstəkarın milliliklə bəşəriliyin vəhdəti olan bənzərsiz sənəti haqqında söz açılır, ölməz səhnə əsərləri nümayiş olunur, nəğmələri səsləndirilir.
Böyük musiqi xadiminin yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Azərbaycanfilm” kinostudiyasında “Fikrət Əmirov” adlı bədii-sənədli film çəkilib. Dekabrın 19-da Heydər Əliyev Sarayında “Fikrət Əmirov” filminin təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Fikrət Əmirovu Azərbaycan musiqi mədəniyyətinin ən görkəmli simalarından biri kimi səciyyələndirib. Bildirib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla dahi bəstəkarın 100 illiyi silsilə tədbirlərlə qeyd edilir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əlamətdar yubileyə həsr olunan musiqi festivalı keçirilib. Festival çərçivəsində konsert və tamaşa nümayişləri Bakıda və bəstəkarın doğulduğu Gəncədə reallaşıb.
Fikrət Əmirovun dünya şöhrətli bəstəkar olduğunu deyən Anar Kərimov bildirib ki, onun əsərləri, xüsusilə “Min bir gecə” baleti bir sıra ölkələrin mötəbər konsert salonlarında məşhur kollektivlərin ifasında dönə-dönə səsləndirilir. Görkəmli musiqi xadiminin əsərləri uzun illərdir Azərbaycan mədəniyyətinin təbliğatçısı kimi çıxış edir. Bəstəkarın müxtəlif janrlarda yaratdığı nümunələr bütün dövrlərdə öz təravətini qoruyub saxlayacaq, musiqi mədəniyyətimizin qiymətli inciləri kimi hər zaman sevilə-sevilə dinləniləcək.
Film haqqında danışan Anar Kərimov ekran işinin Fikrət Əmirovun 100 illiyinə dəyərli töhfə olduğunu diqqət çatdırıb. Deyib ki, rejissor Vaqif Mustafayev filmi ərsəyə gətirən zaman sənətkarın ailə üzvləri ilə görüşüb, onların xatirələrini dinləyib, nəticədə Fikrət Əmirovun dünyaya göz açdığı mühiti, şəxsiyyət kimi yetişməsini və sənətini dolğunluğu ilə təqdim etməyə müvəffəq olub.
Nazir Vaqif Mustafayev başda olmaqla filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan çıxışında kinonun təbliğat işində önəmli vasitə olduğunu bildirib. Qeyd edib ki, hər bir inkişafın təməlində mədəniyyət faktoru dayanır. Fikrət Əmirov da Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan şəxsiyyətlərdəndir.
Nazir müavini görkəmli bəstəkarın 100 illiyinin Türkiyədə də geniş qeyd olunduğunu bildirib. Vurğulayıb ki, 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” Bursa şəhərində Fikrət Əmirovun xatirəsi konsert proqramı ilə anılıb. Noyabr ayında Bursada keçirilən II Dədə Qorqud Türk Dünyası Film Festivalı çərçivəsində Fikrət Əmirovun 100 illiyi münasibətilə konsert proqramı təşkil olunub.
Sonra filmin quruluşçu rejissoru və ssenari müəllifi Xalq artisti Vaqif Mustafayev səhnəyə dəvət olunub. Uşaq olarkən Fikrət Əmirovla görüşdüyünü deyən rejissor musiqi məktəbinə qəbul prosesində böyük sənətkarın onun musiqi duyumunu yoxlayıb yüksək dəyərləndirdiyini məmnunluqla xatırladıb: “Ağlıma gəlməzdi ki, zaman yetişər, mən böyük bəstəkarımız haqqında film çəkərəm. Buna görə özümü xoşbəxt hiss edirəm. Əvvəlki filmlərimdə olduğu kimi, burada da mövzuya səmimiyyətlə yanaşmışam”.
Fikrət Əmirovun oğlu, pianoçu, bəstəkar, Xalq artisti Cəmil Əmirov ekran işinin sevgi ilə ərsəyə gəldiyini və ondan razı qaldıqlarını deyib. O, ailələri adından Mədəniyyət Nazirliyinə və filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.
Sonra film nümayiş olunub. Ekran işində musiqişünas, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, Xalq artisti, bəstəkar Fərhad Bədəlbəyli, bəstəkarın qızları Afət Xəlilova, Sevil Əmirova, oğlu Cəmil Əmirov, mədəniyyət naziri Anar Kərimov, musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, eləcə də sənətkarın digər qohumlarının fikir və xatirələrinə yer verilib.
Qeyd edək ki, filmin quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Quram Navrozaşvili, səs rejissoru Sergey Netrunenko, məsləhətçisi Cəmil Əmirov, montajçısı əsgər Rəhimov, prodüseri Nazim Hüseynovdur.