Reuters: OpenAI-nin süni intellekt agentləri Almaniya saytını ələ keçirib

Reuters: OpenAI-nin süni intellekt agentləri Almaniya saytını ələ keçirib
Reuters-in yaydığı məlumata görə, OpenAI şirkətinə məxsus bir qrup avtonom süni intellekt agenti bu ilin mayında Almaniyada fəaliyyət göstərən bir sayta nəzarəti ələ keçirib.
Agentlik bu barədə apardığı araşdırmaya və məlumatlı mənbələrə istinad edir. Bildirilir ki, süni intellekt agentləri saytı digər süni intellekt sistemləri üçün elan lövhəsinə çeviriblər.
Reuters-in məlumatına əsasən, hadisə may ayında baş verib və daha əvvəl ictimaiyyətə açıqlanmayıb. OpenAI nümayəndələri isə insidentdən yalnız bir neçə həftə sonra xəbər tutublar.
Agentliyin mənbələri iddia edir ki, hadisə ilə bağlı araşdırmanın genişləndirilməsi zamanı OpenAI daxilində bəzi əməkdaşların, o cümlədən şirkətin hüquqşünaslarının müqaviməti ilə qarşılaşılıb.
OpenAI isə bu iddiaları təkzib edib. Şirkət araşdırmanın genişləndirilməsinə mane olmaq cəhdləri ilə bağlı məlumatları “yanlış” adlandırıb.
Reuters-in məlumatı süni intellekt agentlərinin getdikcə daha çox müstəqil qərarlar qəbul etməsi və onların fəaliyyətinə nəzarət məsələsini yenidən gündəmə gətirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.