Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli
əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu gün
Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. İkitərəfli
münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan
ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib
istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən
etibarlı tərəfdaşlarından biridir.
İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il
dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla
diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Keçən il diplomatik
münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın
Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Bu vaxtadək
iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində
mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq
Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında
davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.
Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meyilləri müşahidə
olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə
arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi
sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində
əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən
kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Macarıstan
Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycan isə Macarıstana 18,1
milyon ABŞ dolları investisiya yatırıb.
Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa da mühüm önəm verir.
Bu ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı
marağını ifadə edib.
İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq uğurla
inkişaf etdirilir. Bu məqsədlə, 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın
Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın “Wizz Air”
şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviauçuşlar həyata keçirir.
İşğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində
iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər və bununla bağlı müvafiq layihələr
təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə
fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib.
Bildiyimiz kimi, bu il yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti əsasında Macarıstana rəsmi
səfər edib. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü
səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da
inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə
verməkdir. Dövlətimizin başçısının Macarıstana rəsmi səfəri və səfər zamanı strateji
tərəfdaşlığın dərinləşməsinə dair imzalanmış Birgə Bəyannamə bunun əyani
nümunəsidir. Bu Azərbaycan - Macarıstan tərəfindən strateji tərəfdaşlığa dair imzalanmış
ikinci çox əhəmiyyətli sənəddir və hər iki dövlətin milli maraqlarına uyğundur.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm
rol oynayır. Azərbaycan qazının Macarıstana çatdırılması istiqamətində də əsaslı işlər
görülmüşdür. Səfər zamanı dövlətimizin rəhbəri bildirmişdir ki, “vaxtilə tarixə qovuşmuş
sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq intekomektorlar vasitəsilə
Azərbaycan qazı Bolqarıstana, oradan sonra Ruminiyaya, ondan sonra Macarıstana və
Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır”. Göründüyü kimi
Macarıstan həm də Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən bir ölkə kimi
fəaliyyət göstərəcək ki, bu da iqtisadi baxımdan çox əhəmiyyətlidir. Azərbaycan yaşıl
enerjisini Avropaya çatdırılmasında Macarıstanın imkanları böyükdür və bu istiqamətdə
də vacib layihələr hazırlanmışdır. Macar şirkətlərinin işğaldan azad edilmiş Qarabağ və
Zəngəzur torpaqlarında fəaliyyəti üçün zəmanət var və səfər zamanı bu məsələlər
barədə ətraflı söhbətlər aparılmışdır.
İmzalanmış Bəyannamələr, həyata keçirilən çox mühüm layihələr, qarşıya qoyulan
yeni vəzifələr deməyə imkan verir ki, Azərbaycan - Macarıstan əlaqələri artıq strateji
tərəfdaşlığa çevrilmişdir və hər iki dövlət bu tərəfdaşlıqdan ölkələrin inkişafı üçün
faydalanacaqlar.
Gülşən Piriyeva,
Salyan şəhər 7 saylı məktəb-liseyin müəllimi,
Əməkdar müəllim.