AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıta ayrılan 14 milyonu kim ”yeyib”?

  • + A
  • - A
  • 9-04-2018, 13:20

    Sumqayıta ayrılan 14 milyonu kim ”yeyib”?














    İcra başçısı dedi ki, milyonların ayrılması qərarda elədir, əslində onlara pul gəlib çatmayıb…”

    Sumqayıtda aclıq aksiyası keçirib, şəhər icra hakimiyyətindən pulunu tələb edən sahibkarlar həm də həbsdə olan başqa bir iş adamı Müqayis Verdiyevin işində zərərçəkən kimi tanınıblar. Ancaq deyirlər ki, M.Verdiyevdən şikayət və tələbləri yoxdur, onları ziyana salan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı və digər vəzifəliləridir. Pullarını da onlardan tələb edirlər. Çünki razılaşma M.Verdiyevlə yox, icra hakimiyyəti ilə olub.

    M.Verdiyev Sumqayıtın dənizkənarı bulvarında abadlıq, mərkəzi Sülh küçəsində təmir-tikinti işlərinə rəhbərlik etmiş iş adamıdır. Tikinti-bərpa işlərində lazım olan materiallar həmin zərərçəkən sahibkarlardan alınıb. İşlər çoxdan başa çatıb, düz ilyarım əvvəl – 2016-cı il sentyabrın 27-də Prezident İlham Əliyev bulvarın açılışında iştirak edib, Sülh küçəsindəki əsaslı təmir və bərpa işləri ilə tanış olub. Amma istifadə olunmuş materialların pulu bugünə qədər sahiblərinə ödənilməyib.

    Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyi günahı M.Verdiyevin üzərinə atır, bildirir ki, sahibkarların pulunu o verməliydi. Verdiyev isə söyləyir ki, icra hakimiyyəti abadlıq işləri üçün lazım olan pulu köçürüb ki, o da sahibkarların pulunu versin?

    M.Verdiyev xüsusən icra başçısı Zakir Fərəcovu ittiham edərək bildirir ki, bu məqsədlə dövlətin ayırdığı milyonları özləri yeyiblər, günahı da onun üstünə atıb həbs etdiriblər:

    “Mən şəxsən icra başçısının sifarişi ilə həbs olunmuşam. Mənim həbsim onların məsuliyyətsizliklərinə və qanunsuzluqlarına qanuni don geyindirməyə xidmət edir”.

    Bu cinayət işində ən ilginc məqam maliyyə sənədlərinin olmamasıdır.

    Heç bir sənəd yoxdur

    2016-cı ilin iyununda Sumqayıtda abadlıq-quruculuq işləri məqsədilə Prezidentin Ehtiyat Fondundan Sumqayıt şəhər İcra Hakimiyyətinə 10 milyon, 2017-ci ilin aprelində isə yolların təmirinə yenə də fonddan daha 4 milyon ayrılıb. Bu milyonların hara, kimin cibinə getdiyinə dair ortada heç bir rəsmi sənəd yoxdur. Sülh küçəsində və dənizkənarı bulvarda abadlıq işlərini iş adamı M.Verdiyev həyata keçirsə də, onunla icra hakimiyyəti arasında razılaşmanın detalları, ona verilən pulun məbləği bəlli deyil.

    İcra Hakimiyyəti iddia edir ki, tender keçirilib və M.Verdiyev də qalib olub. Amma tenderin keçirilməsi, həmin tenderə hansı şirkətlərin müraciət etməsi, edilən təkliflərlə bağlı sənədlər yoxdur. Hətta işlərin görülməsi ilə bağlı ödənişlərin necə həyta keçirildiyini (müqavilə, bank sənədləri və s.) təsdiqləyən sübutlar da mövcud deyil. Başqa sözlə, dövlətin 10 milyondan çox pulunun necə xərclənməsi ilə bağlı heç bir sənəd tapmaq mümkün deyil.

    Sumqayıta ayrılan 14 milyonu kim ”yeyib”?


    Sumqayıt şəhər İcra Hakimiyyəti iddia edir ki, abadlıq işlərinin görülməsi üçün M.Verdiyevə 12 milyon pul verilib. Yəni sifariş edilən işə görə ödəniş tam şəkildə həyata keçirilib. M.Verdiyev isə deyir ki, yalandır, ona cəmi 4 milyon pul verilib. İş adamının sözlərinə görə, icra hakimiyyəti qalan vəsaiti ödəməkdən boyun qaçırdığına görə o da fəhlələrin pulunu verə bilməyib, inşaat materiallarının sahibləri verdikləri malın pulunu ala bilməyib.

    12 milyonu əlbəəl mənə veriblər?

    Bu işdə ən çox adı hallananlardan biri Sumqayıt şəhər İcra Hakimiyyətinin tikinti şöbəsinin müdiri Fəzail Hüseynovdur. Çünki verdikləri materialların pulunu ala bilməyən sahibkarlar bildirirlər ki, onlar bu adamla görüşüblər, onun sözü ilə hərəkət ediblər.

    F.Hüseynovun dediyinə görə, Sumqayıtda abadlıq işləri ilə bağlı daxili tender keçirilib, M.Verdiyev başqaları ilə müqayisədə qiymətini aşağı deyib. İcra Hakimiyyəti onun təklifini qəbul edib və işləri ona gördürmək qərarına gəlib.

    “Tutaq ki, Fəzail Hüseynovun dediklərinə inandıq, bu işlərin görülməsi üçün həqiqətən mənə pul verilib. Burada dövlətin milyonlarından söhbət gedir, bu qədər pulu sənədsiz necə vermək olar? Belə çıxır ki, icra hakimiyyəti 12 milyon manatı heç bir sənədləşmə olmadan, sadəcə, əlbəəl mənə verib? Sumqayıt şəhər İcra Hakimiyyəti xalqın milyonlarını belə xərcləyir?

    Mənə cəmi 4 milyona yaxın pul verilib, onları da sahibkarlara ödəmişəm. Qalan pulların ödənilməsini isə Fəzail Hüseynov öhdəsinə götürüb, bunu sahibkarlar da ifadələrində təsdiqləyiblər”, – deyə həbsdə olan iş adamı bildirib.

    İcra başçısı dedi ki, ayrılan pullar onlara çatmayıb, öz cibindən verir

    Zərərçəkmiş sahibkarlardan Aydın Abdullayev, Bəxtiyar Ənnağıyev, Bilal Piriyev məhkəmədə bildiriblər ki, bir müddət sonra ödənişlər gecikəndə səbəbi ilə maraqlanıblar. M.Verdiyev onlara deyib ki, icra hakimiyyətinin maliyyə problemi var, bir az gözləsinlər:

    Sumqayıta ayrılan 14 milyonu kim ”yeyib”?

    “Bir müddət gözlədik, amma malları göndərməkdə davam elədik. Borc isə artırdı. İcra Hakimiyyətinin tikinti şöbəsinin müdiri Fəzail Hüseynovla görüşdük, dedi ki, işləri dayandırmayın, pulun verilməsi bizlikdir. Yenə malları göndərməyə davam etdik, lakin pullar ödənilmədi. Növbəti dəfə icra başçısı Zakir Fərəcovla görüşdük, dedik ki, prezidenti bu işlərin görülməsi üçün sizə pul ayırıb, bizim pullarımızı verin. Fərəcov cavabında bildirdi ki, “ancaq rəsmi qərarda elədir, əslində isə bizə heç bir pul ayrılmayıb, hamısını cibimdən verirəm”. İşçilərinə də tapşırdı ki, fəhlələrin pulunu verin. 3900 manat pul verdilər, qalan pullar ödənilməyib”.

    Sahibkarların dediyinə görə, onlarla da heç bir yazılı müqavilə imzalanmayıb…


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR