Abid Şərifov etirafı: Bayraq meydanı tikintisində 120 milyon hanı? – Korrupsiya
Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub
Bunu baş nazirin müavini Abid Şərifov təsdiqləyib.
A. Şərifovun sözlərinə görə, yəqin ki, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib:
“Buna görə xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ ilə başqaları məşğul olduğundan sonrakı məsələlər barədə məlumatsızam”.
Bu da “ən uzun bayraq dirəyi” avantürasının kədərli sonu. 8 il öncə təntənə ilə qaldırılmış bayraq dirəyi sökülüb.
Bakı küləyinin gücünü düz hesablamayıblar. Gәrәk dirəyin diametri daha böyük, bünövrəsi daha möhkəm olaymış, hesablaya bilməyiblər.
Heç o yarıya qədər sökülmüş bayraq dirəyini daha sökməsinlər. Korrupsiya və israfçılığın məhv etdiyi sərvətlərimizə baş daşı kimi eləcə də qalsın.
İndi sökülən o bayraq dirəyi bilirsiniz, bizə neçəyə başa gəlmişdi? Təkcə Prezidentin Ehtiyat Fondundan 2009-2010-cu illərdə Bayraq Meydanı Kompleksi üçün 20 milyon manat və ya 25 milyon dollar (indiki kursla 43 milyon manat) ayrılmışdı. O vaxtdan da Bayraq Meydanının aylıq xərci 1 milyon manatdan davam edib.
Bu da elədi 120 milyon manat. Bəli, bu 120 milyon manatla 11 min nəfər şəhid ailəsinin 11 min manatlıq “qan pulunu” vermək olardı.
Bu 120 milyonla pul üzündən universitetlərdən xaric edilmiş 17 min tələbənin bütün təhsil haqqını ödəmək olardı.
Həmin pulla ehtiyacı olanlara minlərlə sosial mənzil, yüzlərlə yeni istehsal kompleksləri, 10 minlərlə insan üçün gerçək iş yerləri açmaq olardı.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi rəisi olmuş, keçmiş məhbus Rəşad Məmmədvun təqdimatı Baş nazir Artur Ras-zadə tərəfindən verilmişdi.
Yəni, A.Şərifovun müavin olduğu Nazirlər Kabinetinin rəhbəri bu cavan oğlanın yaxşı işlədiyinə ölkə prezidentini inandırmışdı.
R.Məmmədovun A.Rasizadə ilə qohumluq əlaqələrinin olması haqda da məlumat var. Onun dosyesində təyinatına mane ola biləcək məqamların “təmizlənməsi” də bu “xeyir-dua”dan sonra olub.
FİA.Az media üzərindən xəbər verir ki, Ləğv edilmiş Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun həbsi 2015-ci ilin ən səs-küylü hadisələrindən biri idi. Dələduzluqda və vətəndaşa külli miqdarda zərər vurmaqda təqsirləndirilən Rəşad Məmmədov 1 ildən artıq həbsdə qaldı. Onunla birlikdə yaxın adamı İsfəndiyar İsfəndiyarov da həbs edilmişdi.
Ancaq məhkəmə proseslərində Rəşad Məmmədov həbsinin sifarişlə olduğunu dilə gətirmədi. Çünki onu o zaman at oynadan, kiminsə adını dilinə gətirməkdə ehtiyat etdiyi MTN həbs etmişdi.
Və həbsdə olduğu müddətdə də MTN-in təcridxanasında saxlanılırdı. Heç yaxınları da onun MTN tərəfindən sifarişlə həbs edildiyini deməyə qorxurdu.
Ancaq MTN-in ləğvi sabiq rəisin həbsinin gizli detallarını açdı. Eldar Mahmudov və çetesinin vəzifədən uzaqlaşdırılması, bir çox MTN zabitlərinə qarşı açılmış cinayət işinin materiallarından aydın olur ki, Rəşad Məmmədov həqiqətən də sifarişlə həbs edilib. Bu sifariş isə yuxarı dairələrdən gəlib.
Elə Rəşad Məmmədov həbs edilən ərəfədə də belə fikirlər dolaşırdı ki, onun həbsi hakimiyyətdə olan dairələrin savaşının nəticəsidir.
Z.Salmanov ifadəsində deyib ki, onu R.Məmmədovdan şikayətçi olmağa MTN generalı Sübahir Qurbanov məcbur edib.
Onu da bildirək ki, Rəşad Məmmədov həbs edildikdən sonra onun rəisi olduğu Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi ləğv edildi.
Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək Dənizkənarı Bulvar İdarəsi yaradılıb.
Bundan əlavə, Bayraq Meydanı İdarəsi “Azenco” holdinqə qarşı 1 milyon 358 min manatlıq iddia qaldırmışdı. “Azenco” şirkəti “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevə məxsusdur.
Bu qüllənin və ətraf ərazidə bulvar zolağının uzadılmasına 50 milyon dollara qədər pul sərf edilmişdi. Bu işdə məsul şəxs Etibar Pirverdiyev olmuşdu.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin belə deyək kurasiyasına aid edilən Meydanın tikintisinin ilkin mərhələlərində Kompleksə 20 milyon manata yaxın dövlət vəsaitinin ayrıldığı deyilir.
Sonralar isə Meydanın büdcə xərcləri ildə azı 10 milyon civarında olub. Məlumata görə, bütün bu məbləğlərin pay-püşünə nəzarət paketi Rəşad Məmmədovun qeyri-rəsmi ortağı Etibar Pirverdiyev olub.
Belə ki, həbsindən dərhal sonra Rəşad Məmmədovun öz biznes ortağı Etibar Pirverdiyevə qarşı ifadə verməsi dəhşətli yeyinti faktlarının üstünü açıb.
Bu faktlar həm də Beynəlxalq Bankın kreditlərinin bir sıra hallarda duet tərəfindən mənimsənilməsini təsdiq edir.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin bir neçə saat sorğu-suala çəkilməsi xəbərini təsadüfi hesab etməyin.
Göründüyü kimi, məmurların dövlətin mənəvi atributu olan bayrağın da tikintisindən milyonlar mənimsəyiblər, iş həbsə qədər gedib çıxıb və bu gün A.Şərifov bayraq dirəyinin tikintisində nöqsanlar olduğunu dilə gətirməli olur. Bütün tərəfləri dinləməyə hazırıq.