Bakı, 23 mart — Azadmedia.az
Şərqşünaslıq İnstitutunda Azərbaycan Demokratik Firqəsinin orqanı “Azərbaycan” qəzetinin tərcümə və transliterasiyasını əhatə edən kitab çapdan çıxıb.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 1945-1946-cı illərdə Təbrizdə nəşr etdirilmiş Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin orqanı “Azərbaycan” qəzeti materiallarının 1-ci hissəsi dilimizə tərcümə və transliterasiyada kitab şəklində çap olunub.
“Azərbaycan” qəzetinin ilk sayı 5 sentyabr 1945-ci il tarixində çap edilərək xalq arasında yayılmış və Azərbaycanda milli-demokratik hərəkatın süqutunadək (12 dekabr 1946-cı il) 370 sayı dərc edilmişdir.
“Azərbaycan” qəzeti 1945-1946-cı illərdə cənubi azərbaycanlıların milli-demokratik hərəkatı nəticəsində yaradılmış və cəmi bir il yaşamış Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirib. Bu qəzet Azərbaycan xalqının milli mədəniyyətini, onun keçmiş və hazırkı inqilabi mübarizə tarixini öz səhifələrində işıqlandıran, onu demokratik və azadlıqsevər mədəni bir millət kimi dünyaya tanıtdıran xitabət kürsüsü olub.
Qəzetin farsca və əski əlifbada azərbaycanca mətnləri orijinal şəkildə Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə tərəfindən 4 hissədə çapa hazırlanıb. 1-ci hissə 2017-ci, 2-ci hissə isə 2018-ci ildə S.Bayramzadənin məsul redaktorluğu ilə Şərqşünaslıq İnstitutunda kitab şəklində çapdan çıxıb. Digər iki hissə də çapa hazırdır.
Daha sonra qəzetdəki məqalələrin fars dilindən Azərbaycan dilinə tərcüməsinə və Azərbaycan dilində əski əlifbada olan yazıların transliterasiyasına başlanılıb və 4 hissədən 1-cisini əhatə edən kitab bu günlərdə çapdan çıxıb. 1-ci hissədə “Azərbaycan” qəzetinin 5 sentyabr - 31 dekabr 1945-ci il tarixləri arasında nəşr olunmuş ilk 90 sayındakı məqalələrin tərcüməsi və transliterasiyası təqdim edilir. Kitabı nəşrə hazırlayan və məsul redaktor Səməd Bayramzadədir. Məqalələri Səməd Bayramzadə və Şərqşünaslıq İnstitutunun elmi işçisi Saleh Dostəliyev tərcümə və transliterasiya ediblər. Kitabın ön sözünün müəllifi AMEA-nın vitse-presidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevadır. Kitabda həmçinin məsul redaktordan - Səməd Bayramzadədən ön söz təqdim edilir.
Qeyd edək ki, “Azərbaycan” qəzetinin tərcümə və transliterasiyasının 2-ci hissəsi də çapa hazırdır.
Vüqar Məmmədov,
AMEA-nın Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.