Milli Onkologiya Mərkəzində pul bazarlığı - GİLEY
Azərbaycan hökumətinin hər zaman diqqətdə saxladığı sahələrdən biri də səhiyyə sistemidir. Bu istiqamətdə hər il həm dövlət büdcəsindən, həm də prezidentin ehtiyat fondundan xeyli vəsait ayrılır. Amma zaman onu göstərib ki, Azərbaycan səhiyyəsinin əsas problem dövlət büdcəsindən ayrılan vəsaitlə bağlı deyil. Məsələn Milli Onkologiya Mərkəzinə (MOM) müraciət edənlərin ən ağır xəstəliyə yoluxduğunu və yaşamaq şansı az olan insan olduğunu nəzərə alsaq, tibb ocağı daha insaflı davranmalıdır. Ancaq bu, nə baş həkimi, nə tibb personalın maraqlandırır. Milli Onkologiya Mərkəzində pulsuz tibbi xidmət barədə nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu klinikada “sabun köpüyü”nə çevrilib.
Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki sözügedən tibb müəsisəsindəki durumla bağlı dəfələrlə həm mediada, həm sosial şəbəkələrdə həyəcan siqnalı çalınıb. Məsələn, belə hallardan biri haqda tanınmış hüquqşünas Aslan İsmayılov bir müddət öncə özünün facebook profilində yazıb: ““Bu gün yanıma bir nəfər gəlib Milli Onkologiya Mərkəzində (MOM) başına gələnləri söylədi. MOM-da anasına təcili əməliyyat olunması və hər biri 400 manata 8 seans kimyaterapiya aparılması məsləhət bilinir”. Hüquqşünasın sözlərinə görə, maddi imkanı olmadığından qiymətin aşağı salınması üçün tanışları vasitəsi ilə MOM-un rəhbərliyinə çıxırlar: “Rəhbərliyin göstərişindən sonra pul haq-hesabına baxan şəxsə yenidən yaxınlaşırlar. Həmin şəxs qiymətdə güzəştin mümkünsüz olduğunu və ancaq 8 kimyaterapiya əvəzinə 4 seans qəbul etməklə qiyməti aşağı salmağı məsləhət bilir. “Bəs həkim 8 seans məsləhət bilib” sualına isə belə cavab alır: “8 seansa ehtiyac yoxdur”. Deməli ehtiyac olmadığı halda əməliyyat aparılmasından başqa, pula görə əlavə seanslar da təyin olunur. Məlumat üçün bir daha bildirirəm ki, qanuna görə MOM-da bütün tibbi xidmətlər pulsuzdur”.
A.İsmayılov bundan əvvəl də MOM-dakı dəhşətli vəziyyətdən söz açmışdı. Tanınmış hüquqşünasın məlumatına əsasən cumhuriyyet.az bildirir ki, insanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar: “Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır”.
Sonda cumhuriyyet.az olaraq Azərbaycan qanunvericiliyindən bəzi normaları tibb müəsisəsinin rəhbəri Cəmil Əliyev və direktor müavini, millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kəmaləddin Qafaravun oxuması üçün diqqətə çatdırırıq: “ AR Konstitusiyasının 41-ci maddəsinin I hissəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində isə deyilir: “Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır”