Son illər Azərbaycanın nüfuzu dünyada birə-beş artıb. Belə ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla strateji əməkdaşlıq edirlər. Dünyanın 120 dövləti arasında səmərəli əməkdaşlıq əlaqələri Qoşulmama Hərəkatına Azərbaycan sədrlik edən dövrdə daha uğurlu olmuşdur. Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı. Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra dünya ölkələri üçün önəmli tərəfdaşdır.Ölkəmiz Beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır.
Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb.
Bakı Zirvə görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Yekun sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir. Çünki iştirak etdiyi bütün mötəbər tədbirlərdə olduğu kimi, Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bir daha nümayiş etdirdi və işğalçı ölkənin iç üzünü üzv dövlətlərin hökumət başçılarına çatdırdı.
Prezident İlham Əliyevin uğurlu və qətiyyətli siyasət xətti ölkəmizin geosiyasi arenada müsbət imiclə tanınmasını təmin etmişdir. Qoşulmama Hərəkatına Azərbaycanın ev sahibliyi etməsi zamanı ölkəmizin Prezidenti Azərbaycanın sədrliyi dövründə həmişə beynəlxalq hüququ və ədaləti dəstəkləyəcəyini xüsusilə vurğuladı. O gündən keçən müddət ərzində ölkəmizə olan etimadın yerində olması özünü sübut etdi. Belə ki, hərəkatın sədri kimi Azərbaycan fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq edərək dünya birliyi tərəfindən alqışlanır.
Bu gün Azərbaycan Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin Beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.
Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının məsul əməkdaşı
.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.